Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

«Ermənistan geri çəkilmək istəmir»


İlham Əliyev və Serj Sarkisyan Praqada görüşdülər, 7 may 2009
İlham Əliyev və Serj Sarkisyan Praqada görüşdülər, 7 may 2009
Mayın 7-si Azərbaycan və Ermənistan prezidentləri görüşdülər. Amma nə prezidentlər, nə də nazirlər görüşün nəticələri haqda açıqlama verdilər. Görüşə əvvəlcədən böyük ümidlə yanaşan ATƏT-in Minsk Qrupunun həmsədrləri isə deyiblər ki, prezidentlərin müntəzəm görüşünü müsbət dəyərləndiriblər. Eyni zamanda, həmsədrlər prezidentləri yenidən iyunda Rusiyanın Sankt-Peterburq şəhərində görüşdürməyi planlaşdırırlar. Bakıdakı ekspertlərin fikrincə isə, bu, o deməkdir ki, yenə də danışıqlarda irəliləyiş olmayıb.

Konfliktoloq Arif Yunusa görə, reallıq budur ki, tərəflərinin mövqeyi bir-birinə yaxınlaşmayıb.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə yada salır ki, əvvəlcədən də Praqada hər hansı sənəd imzalanacağı gözlənmirdi. Sadəcə, fikir mübadiləsi aparılmalı idi. Proqnozlaşdırılırdı ki, prezidentlər qısa müddətdə üç dəfə görüşəcəklər. İlk görüş oldu, qarşıda iki görüş durur. Amma ekspertə görə, Praqa görüşü göstərdi ki, ziddiyyətlər aradan qalxmayıb:

«Ən böyük ziddiyyət odur ki, Azərbaycan işğal altındakı torpaqların boşaldılmasını istəyir. Ermənistan isə statusu müəyyənləşdirəcək referendumun keçirilməsinə qarantiya almaq istəyir. Azərbaycan da buna gedə bilməz. Bu ziddiyyət ortadan qalxmayana kimi irəliləyişdən danışmaq olmaz».

E.Şahinoğlu deyir ki, əslində, Azərbaycan mümkün qədər güzəştə gedib. Onun fikrincə, ümid varıydı ki, Ermənistan güzəştə gedəcək. Hətta Qərb və Türkiyə Ermənistanı bu addımı atması üçün şirnikləndirməyə çalışırdılar. Elxan Şahinoğlu yada salır ki, Azərbaycan prezidentinin də «münaqişə həll edilsə Ermənistan bölgədəki böyük layihələrdə iştirak edə biləcək» deməsi elə bundan irəli gəlirdi. Amma bu görüşdən məlum olur ki, Ermənistan geri çəkilmək istəmir:

«Odur ki, növbəti iki görüşdən də heç nə gözləmirəm. Çünki Ermənistanın arxasında hələ də Rusiya dayanır».

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza isə «Azadlıq» radiosuna bildirib ki, artıq Dağlıq Qarabağla bağlı gedən danışıqlarda konseptual irəliləyişə nail olublar. Vasitəçilərin məqsədi, həmin konseptual razılığı texniki irəliləyişə çevirməkdir, yəni razılaşma detallarında əks elətdirməkdir.

Mayın 7-si Praqada görüşən iki ölkənin prezidenti həm də Çexiyada keçirilən NATO sammitinə qatılıblar. Azərbaycanla Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramına üzv olurlar. Bəs bu proqrama üzvlük Qarabağ münaqişəsinin həllinə nəsə verə bilərmi?

Bakıdakı ekspertlər buna bir o qədər ümidlə yanaşmırlar. Arif Yunus:

«Münaqişə tərəfləri bir neçə qurumun üzvüdürlər, onlarla əməkdaşlıq edirlər. Amma bunun heç bir xeyri olmadı. Bəs nəyə görə
hesab etməliyik ki, yeni bir qurumda nəyəsə nail ola bilərlər?»

Politoloq Rasim Musabəyov isə məsələyə dolayı yanaşır:

«Ancaq hər bir halda nəzərə alınsa ki, Azərbaycan bu proqramda, Avropaya inteqrasiyada maraqlıdır, bu qurum da nə Ermənistanda, nə də Azərbaycanda region uğrunda mübarizə aparan kənar güc kimi yox, əksinə tərəqqiyə aparan mərkəzdir, onda tərəflərin razılığa gəlməsi üçün töhfəsi mümkündür. Ancaq bilavasitə bunu gözləmək olmaz. Çünki bu proqramın öz mandatı, öz məqsədləri var, proqramda münaqişənin nizamlanması ilə bağlı öhdəliklər də götürülmür».

Avropa Birliyinin xarici əlaqələr komissarı Benito Ferrero-Valdner isə deyib ki, Avropa Birliyi Dağlıq Qarabağ probleminin həllində əlindən gələni edir ki, münaqişədə pozitiv rol oynaya bilsin, ancaq yenə də Avropa Birliyi Minsk Qrupuna arxalanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG