Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

«AB və ABŞ hökuməti Dağlıq Qarabağ probleminin həllinə çalışır»


Avropa Birliyinin xarici əlaqələr komissarı Benito Ferrero-Valdner

Avropa Birliyinin xarici əlaqələr komissarı Benito Ferrero-Valdner

«Avropa Birliyi Dağlıq Qarabağ probleminin həllində əlindən gələni edir ki, münaqişənin həllində pozitiv rol oynaya bilsin, ancaq yenə də Avropa Birliyi ATƏT-in Minsk qrupuna arxalanır».

Bunu Avropa Birliyinin xarici əlaqələr komissarı Benito Ferrero-Valdner Avropa Birliyinin Tərəfdaşlıq Proqramına dəvət alan 6 ölkənin jurnalistləri ilə görüşündə deyib.

Mayın 6-da Praqada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən Ferrero-Valdner deyib ki, Obama hökuməti də Qarabağ probleminin həllinə yeni həvəslə girişib.

«Azadlıq» radiosu sual verib ki, Azərbaycanın demokratiya göstəriciləri Azərbaycanla yaxın tərəfdaşlıq qurulması üçün kifayətdirmi? Sualda o da xatırladılıb ki, yerli ekspertlərin fikrincə, «demokratiya neftə qurban verilir».

Benito Ferrero-Valdner: «Bu tamamilə absurddur. Cəfəngiyatdır. Şərq Tərəfdaşlığının məqsədi cəmiyyət dəyişikliyidir. Cəmiyyət dəyişikliyi vaxt tələb edir. Bu addımbaaddım yanaşmada bizim bir önəmli vasitəmiz var. O da inkişaf hesabatlarıdır. Belə hesabatı biz bir müddət əvvəl Brüsseldə yaymışıq. Bizim nə düşündüyümüzü oradan oxuya bilərsiniz. Və orada ölkələrin hansı mərhələdə olduğu da görünür.

Məsələn, Ukrayna daha inkişaf etmişlərdəndir. Qalanları isə vaxtı gələndə təkliflər alacaqlar. Burda onu da deməliyəm ki, Azərbaycan hələ Dünya Ticarət Təşkilatının üzvü deyil. Bu da Avropa Birliyi ilə Azərbaycan arasındakı çətinliklərdən biridir. Bir tərəfdə demokratiya, o biri tərəfdə azad bazar münasibətlərinin qurulması, davam edən iqtisadi islahatlar məsələsi var. Yox, biz enerji üçün qurban vermirik».

Ferrero-Valdner deyib ki, Avropa Birliyi Azərbaycanda demokratiyanın, azad bazar münasibətlərinin mərhələ-mərhələ inkişafına yardımçı olmağa çalışacaq.

Şərhləri göstər

XS
SM
MD
LG