Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:24

Sumqayıtdan Bakıya gediş-gəliş xeyli çətinləşib


Yeni avtobuslar gətiriləndən sonra xeyli sürücü işsiz qalıb

Yeni avtobuslar gətiriləndən sonra xeyli sürücü işsiz qalıb

Sumqayıtdan Bakıya gediş-gəliş xeyli çətinləşib. Baxmayaraq ki, bir neçə gün əvvəl Sumqayıt –Bakı marşrutuna 100-ə yaxın iri tutumlu avtobus buraxılıb. Gündəlik həmin avtobusların xidmətindən istifadə edənlərin «Azadlıq» radiosuna dediyinə görə, əslində yeni avtobuslar xəttə buraxılandan onların işi xeyli asanlaşmalıydı.

Hər gün Sumqayıtdan Bakıya gedib-gələn tələbə Elçin Həsənov deyir ki, əgər əvvəllər bir avtobusun xidmətindən istifadə edirdilərsə, indi 4-5 avtobus dəyişməli olurlar:

«Bu marşrutların dəyişməsi bizə çox ziyandır. Mən Sumqayıt İcra Hakimiyyətinin yanında 2-ci məhəllədə qalıram. Pulum olsa 20 qəpik verib 7 saylı marşrutla Sumqayıt avtovağzalına gəlirəm, olmayanda piyada. Sonra 40 qəpik verib başqa bir avtobusla gedirəm Bakıdakı yeni avtovağzala. Ordan da minirəm başqa bir avtobusa gedirəm metronun «20 yanvar» stansiyasına. Oxuduğum universitetə getmək üçün də daha bir avtobus dəyişirəm. Əvvəllər isə mənim 50 qəpik xərcim çıxırdı».

Sumqayıt şəhər avtovağzalı
Beləliklə, gündəlik Sumqayıtdan Bakıya gələn tələbə hər gün yola iki manat pul xərcləməli olur. Elçin Həsənova görə, əksəriyyəti işləməyən tələbələr üçün ayda 60 manat böyük məbləğdir. Həmsöhbətim olan başqa bir tələbə isə bildirdi ki, o artıq son vaxtlar dərsə günaşırı gedib-gəlməyə başlayıb. Sumqayıt-Bakı marşrutundakı yeni dəyişiklikdən əziyyət çəkən təkcə tələbələr deyil. Gündəlik Bakıya işə gedib-gələnlər də belə xidmətdən narazıdırlar. Adamlar deyirlər ki, əvvəlkiylə müqayisədə yola artıq pul xərclənməsinə bir təhər uyğunlaşmaq olar. Amma hər gün evdən işə, işdən də evə dönərkən qısa bir məsafədə 4-5 avtobus dəyişmək adamın əsəb sistemini tamamilə sıradan çıxarır.

Dispetçeri Kamal Bayramov
Əhaliyə yaxşı xidmət göstərmək ümidilə xəttə iri tutumlu avtobuslar buraxan Sumqayıt avtovağzalında adamların bu narazılığı ilə razılaşırlar. Avtovağzalın dispetçeri Kamal Bayramov deyir ki, artıq bu narazılıqlardan xəbərdardırlar və yaxın vaxtlarda şəhərdaxili marşruta 80-nə yaxın iritutumlu avtobuslar buraxacaqlar. Qiymətlər də əvvəlkindən ucuz - 10 qəpik olacaq. Kamal Bayramova görə, indi adamların yola artıq xərclədikləri pul onda özlərinə qalacaq.

Araşdırmalarımızdan o da üzə çıxdı ki, Sumqayıt-Bakı marşrutundakı dəyişiklik təkcə artıq pul xərcləmə, bir neçə avtobus dəyişmə problemilə bitmir. Daha bir problem odur ki, yeni avtobuslar gətiriləndən sonra xeyli sürücü işsiz qalıb.

Əhali əvvəllər bir avtobusdan istifadə edirdisə, indi 4-5 avtobus dəyişməli olur
«Nicat» firmasının direktoru Zahid Hüseynov deyir ki, kreditlə götürdüyü 60-a yaxın avtobus xətdən çıxarılıb və bu səbəbdən 150-yə yaxın sürücü işsiz qalıb. Onun sözlərinə görə, bütün mülkünü girov qoyub xeyli avtobus alan sahibkarlar var ki, indi onlar bankın kreditini hardan və necə ödəməyin yollarını axtarırlar. Yaranmış vəziyyətlə bağlı artıq prezidentə müraciət elədiklərini bildirən Zahid Hüseynov deyir indi prezidentdən cavab gözləyirik. Həmsöhbətim olan sahibkara görə, əslində yeni avtobuslara əvvəlki sürücülər cəlb olunmalıydı. Evini girov qoyub 50 min manat kredit götürən sahibkar Vahid Əzimova görə isə yeni avtobusların gətirilməsi əhaliyə yaxşı xidmət göstərməkdən çox bu sahənin bir əldə cəmləşməsinə xidmət edir.

Yeni avtobusların sürücülərinin iş prinsipinə gəldikdə, işəgötürənlə onlar arasında hər hansı müqavilə imzalanmayıb. Sürücülərin dediyinə görə, hələlik onlara nə qədər maaş veriləcəyi də dəqiqləşməyib. Hələlik onlara hər gün 10 manat pul verilir.

Şərhləri göstər

XS
SM
MD
LG