Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Tünd paltarlı uşaqlar


Bakıdakı qadın həbsxanası ilə azyaşlı məhbusların saxlandığı cəzaçəkmə yeri qonşudur

Bakıdakı qadın həbsxanası ilə azyaşlı məhbusların saxlandığı cəzaçəkmə yeri qonşudur

Bakıdakı qadın həbsxanası ilə azyaşlı məhbusların saxlandığı cəzaçəkmə yeri qonşudur. Hər ikisinin girişi bir qapıdandır. İçəridəsə cəzaçəkmə yerlərinə ayrı-ayrı qapılardan keçirsən. Bir də azyaşlı məhbusların yeməyini qonşu qadın həbsxanasında hazırlayıb göndərirlər.

Günorta olduğundan elə reportajımı da buranın yeməkxanasından başlayıram. Uşaqların səsinə qazan, qab-qaşıq səsi qarışıb. Hərə öz yeməyini alıb yeyir. Əlində iri çömçə olan oğlan qazanı qarışdırır. Soruşuram ki, yeməyiniz necədir? Kinayə qarışıq səslə cavab verir:

«Tez kökəlirik, vitaminli yeməklərdir».

Birinci yemək şorbaydı:

«Görürsüz, nə yekə qazanımız var».

Aşpaz oğlandan ikinci yeməyin adını soruşuram:

«Düyünün yarısıdır də, nə bilim...Kompot da veririk. Bir nəfərə gündə bir çörək veririk. Bir çörək 600 qramdır - hər dəfə 200 qram veririk...»

Uşaqlar nahar edəndən sonra futbol oynayırlar.

Kamilsə həyətdə oturub gözünü qapıya dikmişdi. Deyir ki, bu günlərdə evdən yanına gəlməlidirlər. O bura soyğunçuluğa görə düşüb:

«Evin vəziyyəti çətin olduğu üçün işləyirdim, işə görə məktəbdən qalırdım. Sonra da kasıbçılıqdan soyğunçuluq elədim. Burda çox şey öyrənmişəm, avtomobil təmirini öyrəndim, Quranı öyrənirəm. Çıxandan sonra arzum var məktəbə gedəm, oxumaq istəyirəm».

Kamil kimi soyğunçuluğa görə burda saxlanan daha bir neçə azyaşlı var. Adam öldürməyə, seksual hərəkətlər törətməyə, oğurluğa, quldurluğa,
«İnternet açıq olsaydı, yaxşı olardı».
zorlamaya, qəsdən sağlamlığa zərər yetirməyə görə tutulanlar da var. Ümumi sayları 39 nəfərdir. Əvvəllərsə buranın sakinləri qat-qat çox idi. Rəis İmran Məmmədov bunu cinayət törədən azyaşlıların sayının azalmasıyla izah edir:

«Yaxşı göstəricidir. Cinayətin sayı azalır. Həm də bu uşaqlar tərbiyə olunduqca onları şərti azad etməyə çalışırıq».

Uşaqlar burda məktəbə də gedirlər. Bir neçə il əvvəlsə məhbus uşaqlardan texnikuma qəbul olunanlar da olmuşdu. Rəis təəssüflə deyir ki, həmin proqram indi dayanıb.

İndiliksə bir neçə gündür burdakı uşaqlara kompyuterdə işləmək öyrədilir:

«İnternet açıq olsaydı, yaxşı olardı».

Adil Dadaşov deyir ki, gündə bir saat kompyuterlə məşğul olurlar:

«Çıxandan sonra işləməyimizə kömək eləyə bilər, həm də öyrənmək yaxşı şeydir».

Uşaqların çoxu isə kompyuterin arxasında otursalar da, deyəsən, hələ heç nə öyrənməmişdilər:

- Nə öyrənirsiz, hansı proqramda işləyirsiz?

- Heç nə.

Azyaşlı məhbuslar deyirlər ki, cəzaçəkmə yerində şəraitləri pis deyil. Ancaq...
Bu cəzaçəkmə yerində də məhbuslar yataqxana tipli otaqlarda yaşayırlar. Hər otaqda növbətçi də var:

«Növbətçi təmizliyə baxır, barakı təmizləyir, hamı bu işi görür».

Azyaşlı məhbuslar deyirlər ki, cəzaçəkmə yerində şəraitləri pis deyil. Ancaq onları narahat edən 17 yaşları tamam olandan sonra böyüklər üçün nəzərdə tutulan cəzaçəkmə yerlərinə göndərilmələridir:

«Bizim üçün burda qalmaq yaxşıdır, futbol oynayırıq, söhbət eləyirik…»

Cəzaçəkmə yerinin rəisi də bu fikirlə razılaşır, ancaq deyir ki, qanunvericilik buna yol vermir.

Azyaşlıların cəzaçəkmə yerində diqqəti çəkən həm də məhbusların hamısının tünd paltarda olmalarıydı. Rəis məsələni qısaca izah edir:

«Daxili intizam qaydasına görə belədir. Həm tez çirk olur, həm də bura bayram yeri deyil axı...»

Uşaqlar da deyirlər ki, bura bayram yeri deyil, burda azadlıq yoxdur. Kamilinsə azadlıq haqqında öz fikirləri var:

«Azadlıq gözəl nemətdir, azadlıq qapının o üzüdür...»

Şərhləri göstər

XS
SM
MD
LG