Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

«AMEA-da elm adamı adı ilə həddən artıq insan çalışır»


Nizami Cəfərov
Mayın 3-də prezident İlham Əliyev Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanı və bununla bağlı Dövlət Proqramını təsdiq edib. AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov hesab edir ki, Milli Strategiya qısa zamanda elmi mühitdə canlanma yaradacaq:

- Hər bir ölkənin, o cümlədən Azərbaycanın siyasi, sosial-iqtisadi inkişafı üçün elmi prinsiplərə çox böyük ehtiyac var. Yeni strategiya ilə elmin inkişafı üçün maddi, texniki, sosial əsaslar yeni prinsiplər üzərində qurulacaq.

- AMEA-nın bütünlükdə ləğv edilməsi və daha çevik idarəetmə qurumunun yaradılması ilə bağlı təkliflər haqda nələr düşünürsünüz?

- Bu, elmdən kənar insanların düşüncəsidir. Elmi institutların yaranması olduqca böyük zaman tələb edən məsələdir. Ona görə də uzun illər təcrübəsi olan elmi institutların ləğvi doğru addım olmaz. Sadəcə, sovetlər dönəmində yaranan və birbaşa dövlətin ümumi maraqlarına xidmət edən elm sahələrinin istiqamətini milli mənafelərə yönləndirmək gərəkdir.

Bakı Dövlət Universitetinin professoru, millət vəkili Fəzail İbrahimli isə düşünür ki, Azərbaycan elminin dirçəldilməsi üçün ilk növbədə Azərbaycanda bütünlükdə elmə maraq yaradılmalıdır:

- Bunun üçünsə alimlərin aparıcı qüvvəyə çevrilməsinə şərait yaradılmalıdır. Bu gün Azərbaycanda biznesmen alimdən daha böyük nüfuz sahibidir. Əgər biznesmen istədiyi məqamda elmi dərəcəni belə rahatlıqla ala bilirsə, belə durumda hansı inkişafdan danışmaq olar? Əgər cüzi məvacib alan professor çirkli yollarla varlanan bir insanın övladının qarşısında dayanıb elmdən danışırsa, çox cılız görünür. Bu, psixoloji, mənəvi durum dəyişdirilməlidir. Bununsa arxasında qanun, dövlət durmalıdır. Milli Strategiyanın Azərbaycan elmi mühitinə duruluq gətirəcəyinə ümid edirəm.

«Atatürk» Mərkəzinin direktoru, professor Nizami Cəfərov isə hesab edir ki, son illər dövlət elmin inkişafına böyük vəsaitlər ayırsa da, bu vəsaitin xərclənməsində ciddi problemlər var:

- AMEA-da, AMEA-nın tərkibinə daxil olmayan elmi-tədqiqat institutlarında elm adamı adı ilə həddən artıq insanlar çalışırlar. Bu isə elmin inkişafına ayrılan vəsaitin daha çox əməkhaqqına çevrilməsinə səbəb olur. Məncə, ixtisarlar hesabına elmə ayrılan vəsaitin daha səmərəli istifadəsi mümkündür. Elmi idarələrdə yalnız elmlə ciddi məşğul olanlar işləməlidir. Bir sıra hallarda elmi idarələrdə elmi məhsul verməyən insanlar çalışır. Bunun qarşısı mütləq alınmalıdır. Başqa tərəfdən, elmin elə fundamental sahələri var ki, Azərbaycanın o sahələr üzrə yeniliklər etmək üçün vəsaiti yoxdur. Söhbət çox böyük laboratoriyalar, bahalı texnologiyalar tələb edən elm sahələrindən gedir. Belə hallarda o institutları saxlamaqdansa, gəncləri inkişaf etmiş ölkələrə təcrübələrə göndərmək gərəkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG