Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

Tikintidə ölənlərin qanı yerdə qalır


Tikintidə bu qaydalara ciddi əməl olunmalıdır
Tikintidə bu qaydalara ciddi əməl olunmalıdır
«Azərbaycanda vətəndaşların ən çox pozulan hüquqları arasında 70-80 faizini əmək hüquqları təşkil edir. Və o hüquqların bərpa olma səviyyəsi 1 faizdən də aşağıdır». Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov «Azadlıq» radiosunun «Hər kəsin haqqı var» proqramındakı çıxışında belə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda tikinti sahəsində standartlara cavab verən normalar yaradılıb. Lakin onların nə icrası, nə də buna nəzarət mexanizmləri effektiv deyil:

«Azərbaycanda bu gün tikinti ən çox riskli iş yeridir. Çünki normal ölkələrdə lisenziyası olan, oturuşmuş tanınmış şirkətlər tikinti ilə məşğul olur. Bizdə isə bir ara yerindən duran MMC yaradıb binalar tikirdi. Onlar nə əməyin mühafizəsi, nə də texniki təhlükəsizlik tədbirlərinə riayət etmirdilər. Çünki bunlar xərc tələb edən bir tələblərdir».

ARAYIŞ

Azərbaycanda mövcud qanun və qaydalara görə, tikintilərə bir neçə qurum nəzarət edir. Fövqəladə Hallar Nazirliyi əsasən binaların təhlükəsizlik məsələlərinə diqqət yetirir, inşaatda istifadə edilən materialların keyfiyyətini yoxlayır, binanın hansı betondan və metal konstruksiyalardan tikiləcəyi ilə bağlı araşdırma apardıqdan sonra tikintiyə icazə verir.

Tikintilərdə təhlükəsizlik qaydalarını yoxlayan növbəti qurum Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyidir. Həmin qurum yoxlamalar aparır, qanunu mütəmadi pozan tikinti şirkətlərini cəzalandırmaq, eləcə də fəaliyyətini dayandırmaq təklifi ilə müvafiq qurumlara müraciət göndərir.

Hazırda qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə görə, tikintidə işləyən istənilən işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Əgər bu tələbə əməl olunmazsa, onda qanunu pozan fiziki şəxsləri 3 min manatdan 5 min manata qədər, hüquqi şəxsləri isə 20 min manatdan 25 min manata qədər cərimə gözləyir.

Tikintidə təhlükəsizlik tələblərinə əməl etməyən şirkət rəhbərlərini də ciddi cəzalar gözləyir. Cinayət Məcəlləsinin 162-ci maddəsinə görə, tikintidə təhlükəsizlik qaydalarını pozanları 10 ilə qədər müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzaları gözləyir.

S.Məmmədov hesab edir ki, tikintiyə nəzarəti tamam başqa bir qurum həyata keçirməlidir. Çünki FHN fövqəladə hal baş verəndən sonra məsələyə qarışır:

Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov
«Dövlət Əmək Müfəttişliyi isə bu işin öhdəsindən gələ bilmir. Bəzən müfəttişləri heç tikinti sahəsinə də buraxmırlar. O tikintilərin arxasında o qədər güclü adamlar durur ki, oradan heç «quş da uça bilmir». Biz ötən yay 30 tikinti sahəsində monitorinq aparmışdıq. Və onların heç birində standarta yaxın bir şey görmədik».

Dövlət Əmək Müfəttişliyindən Məhərrəm Məhərov isə bildirdi ki, 2008-ci ildə aparılan yoxlamalar nəticəsində onlar tikintidə işləyən 21 min nəfərlə əmək müqaviləsinin bağlanmasına nail olublar.

«Bu sahədəki pozuntulara görə 890 min manatlıq cərimə etmişik. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda tikintidə 220 min işçi var. Amma çox vaxt bu məlumatlar gizlədilir. Müfəttişliyin verdiyi göstərişlərin icrası məcburidir, onları yalnız məhkəmə ləğv edə bilər. Hər dəfə verdiyimiz göstərişlərin yerinə-yetirilmədiyini yoxlayırıq».

M.Məhərov dedi ki, iş zamanı işçilərə dəyən zərər həmin müəssisə tərəfindən ödənilməlidir. Əgər işçi ölürsə onun ailəsinə müəyyən müddət ərzində aylıq maaşının 100 faizi ödənilir. Xəsarət alanlar isə əmək qabiliyyətini 50 faiz itiribsə maaşının da 50 faizini ömürlük almalıdır. Bunun pensiyaya dəxli yoxdur.

Tikintilərin birində fəhlə işləyən Murad İlyasov isə deyir ki, o, maaş alarkən heç bir sənədə imza atmır
«2007-ci ildə tikintidə 71 nəfər, 2008-ci ildə isə 30 nəfər vəfat edib. Bu adamların hər birinin ailəsi indi həmin müavinətləri alır».

Mərdəkandakı tikinitlərin birində fəhlə işləyən Murad İlyasov isə deyir ki, o, maaş alarkən heç bir sənədə imza atmır: «Tikintidə işləyənlər öz haqlarını tələb edə bilmirlər. Heç maaş kəm veriləndə səsimizi çıxarda bilmirik, o ki ola başqa nəyisə tələb edək. Belə fəhlələr heç müdiriyyətə sərf eləmir. Haqqını tələb edən fəhləyə çıxıb getmək üçün qapını göstərirlər».

Sahib Məmmədov isə tikintidə işləyənlərin məhkəmə yolu ilə olsa da, öz haqlarını tələb etməyə çağırdı:

«Elə buna görədir ki, tikintidə ölüm halları olanda həmin fəhlələrin qanı batır. Bu sahədə cəzasızlıq mühiti hökm sürür».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG