Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Gürcüstandakı qiyam dayandırılıb


Zirehli maşınlar Muxrovani hərbi bazasına doğru irəliləyir, 5 may 2009

Zirehli maşınlar Muxrovani hərbi bazasına doğru irəliləyir, 5 may 2009

Muxrovani hərbi bazasında mayın 5-də baş verən qiyam yatırılıb. Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili bildirib ki, qiyamın yatırılmasında heç bir zorakılıq baş verməyib və qiyamçılar təslim olublar.

Paytaxt Tbilisidən 19 kilometr aralıda yerləşən bu bazda onlarla tank və Müdafiə Nazirliyinin hərbi qüvvələri bir-birinə qarşı dayanmışdı. Bu hərbi hissə prezident Mixail Saakaşvilinin hakimiyyətinə qarşı çıxırdı. Prezidentin özü də qiyamçılarla şəxsən danışmaq üçün hərbi hissəyə gedib. O, hərbi hissəyə yola düşməzdən əvvəl televiziya ilə çıxışında vətəndaşları əmin edib ki, bu hadisə ölkədə təhlükəsizliyə ciddi təsir etmir:

- Əlbəttə, biz bu hadisəni çox ciddi problem kimi görürük. Eyni zamanda bildirmək istəyirəm ki, həmin ərazi təcrid edilib. Bu başqa hərbi hissələrə yayılmayıb. Digər hissələr hazır vəziyyətdədirlər.
Vəziyyət nəzarətdədir. Biz arxayınıq və bu hadisə təhlükəli deyil.

Rusiyanın «İnterfaks» agentliyi xəbər verir ki, Muxrovani hərbi bazasının komandiri Mamuka Qorqişvili hakimiyyəti tənqid edib, amma gücdən istifadə etməyəcəyinə də söz verib.

Qiyam Gürcüstanın Daxili İşlər Nazirliyi rəsmilərinin hərbi bazaya daxil olmasından sonra dayanıb. Bu hadisə NATO-nun Gürcüstanda hərbi təlimlərinin başlanmasından bir gün əvvəl baş verib. Rusiya bu təlimin əleyhinədir.

Rusiyanın bu hadisədə iştirakı ehtimalı barədə prezident Saakaşvili bildirib ki, onun hökuməti hər hansı təxribatın qarşısını almağa hazırdır:

- Mən şimal qonşumuzdan tələb edirəm ki, təxribatlarını dayandırsın. Bu cür təxribatlar Gürcüstanda işləməyəcək. Gürcü xalqı bu tələyə düşməyəcək.

NATO-nun bir aylıq hərbi təlimləri isə Gürcüstanla həmrəylik nümayişi kimi keçirilir.

Alyansın sözçüsünün müavini Karmen Romero bu gün Brüsseldə bildirib ki, bu gün hərbi hissədə baş verənlərin Gürcüstanda nəzərdə tutulan təlimlərə təsiri olmayacaq:

- Biz Gürcüstanda bu gün səhər baş verən hadisələri yaxından izləyirik. Gürcüstanla əlaqə saxlamışıq. NATO-nun təlimləri olacaq. Çünki bu, tək NATO-nun deyil, həm də onun tərəfdaşlarının tədbiridir. Bu, Sülh naminə Tərəfdaşlıq Proqramının təlimidir və planlaşdırıldığı kimi də Gürcüstanda keçiriləcək.

Alyansa üzv olan ölkələrdən 1000 nəfərdən çox hərbçi Gürcüstan ordusuna böhranların idarə edilməsinə dair təlim keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG