Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Həkimlər nədən gecikdilər?


Neft Akademiyasında baş verən hadisə zamanı yarananlardan 8-i hazırda 1 saylı xəstəxanada, 1 nəfər isə 4 saylı xəstəxanada yerləşdirilib

Neft Akademiyasında baş verən hadisə zamanı yarananlardan 8-i hazırda 1 saylı xəstəxanada, 1 nəfər isə 4 saylı xəstəxanada yerləşdirilib

Aprelin 30-da Neft Akademiyasında qanlı faciə baş verəndə, tələbələr, yoldan keçənlər yaralıları çiyinlərinə, qucaqlarına alıb həkimə çatdırmağa çalışırdılar. Onda hələ təcili yardım maşınları gəlib çıxmamışdı. Yaralıları yaxınlıqdakı xəstəxanalara aparırdılar ki, mümkün qədər onlara tez tibbi yardım göstərilsin. Şahidlər deyirlər ki, həkimlər gec gəlməsəydilər, itkilər daha az olardı. Şahidlərdən biri Aytən Vəliyeva deyir ki, sonradan vəfat etmiş tələbə yoldaşı Savalan Cabbarov güllələnəndən yarım saat sonra hələ sağ idi:

«Biz onda gizlənmişdik. Yarım saat olardı gizlənməyimiz. Çıxanda gördük ki, o, hələ sağdır. Ancaq hələ həkimlər gəlməmişdi...»

Neft Akademiyasına yaxın tibb müəssisələri 4 saylı şəhər və dəmiryol xəstəxanalarıdır. Elə Neft Akademiyasında yaralananlar da yaxın olduğu üçün bura gətirilirdi. Yaralıların çoxu isə sonradan digər xəstəxanalara göndərilirdi. Bəzi valideynlər bundan narazıydılar. Belə fikirlər də səslənirdi ki, həmin xəstəxanalarda şərait yaxşı olsaydı, itkilər də az olardı:

«Bu adam yaralıdırsa, niyə ordan bura, burdan da ora aparılır?»

4 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalov isə deyir ki, onlar yaralılar üçün əllərindən gələni ediblər. Əksinə, yaralılara ilkin tibbi yardım göstərilməsi, itkiləri azaldıb:

«Həmin gün çox çətin idi. Bura gətirilən yaralıların əksəriyyəti kəllə-beyin travması almışdı. Onlar ancaq neyrocərrahiyə mərkəzində və neyrotravma mərkəzində müalicə olunmalıydılar. Əməliyyat olunandan sonra köçürmək lazımdırsa, köçürülürdülər. Bizdə kifayət qədər dərman, qan pereparatları vardı, xəstələrə yardım vaxtında aparıldı, ona görə çox adam sağ qaldı».

Elə bu xəstəxanada saxlanan Zemfira Hüseynli isə orda üz cərrahiyəsi əməliyyatı aparılmadığından 1 saylı xəstəxanaya köçürülmüşdü.

Səhiyyə üzrə ekspert Süleyman Cəbrayılov deyir ki, imkan olmadığı üçün yaralının bir xəstəxanadan digərinə köçürülməsi normal haldır:

«Dünyanın heç bir yerində bütün xəstəxanalarda ixtisaslaşmış həkimlər yoxdur. Ya da ola bilsin ki, xəstəni həmin an yerindən tərpətmək onun üçün ziyanlı ola bilər. Bu baxımdan onlara haqq qazandırmaq olar».

Həkim psixoloq Azad İsazadəsə deyir ki, imkanlar baxımından 1 saylı xəstəxana başqalarından fərqlənir:

«Söhbət imkanlardan, cərrahların sayından gedir. Mən bilirəm ki, 4 saylı xəstəxanada 1 cərrahiyə şöbəsi var, 1 saylıda isə 4 belə şöbə var. Yaralını yaxın əraziyə gətirmək isə məntiqə uyğundur. O ki qaldı, təcili yardımın xidmətinə, hər yerdə belədir, nə qədər tez gəlsə, ondan narazı olurlar».

1 saylı şəhər xəstəxanasında baş həkimin müavini Adil Salahov isə deyir ki, onun çalışdığı müəssisə çoxprofilli olduğu üçün yaralıların çoxu orda yerləşdirilib:

«Bura çoxprofillidir. 4 saylıda terapiya, kordiologiya, travma şöbəsi var, ancaq neyrotravma şöbəsi yoxdur. Bura gələn yaralılar müştərək travma ilə gələnlər idi».

Neft Akademiyasında baş verən hadisə zamanı yarananlardan 8-i hazırda 1 saylı xəstəxanada, 1 nəfər isə 4 saylı xəstəxanada yerləşdirilib. Onların vəziyyəti orta və ağır orta kimi qiymətləndirilir. Dəmiryol xəstəxanasında müalicə keçən yaralının vəziyyəti yaxşılaşdığından o evə buraxılıb.

Şərhləri göstər

XS
SM
MD
LG