Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:40

Maydan asılan qadın


Sevda İsmayıllı
URA! May gəldi! Ən sevdiyim ay! 12 ayın içində yeganə aydır ki, asılıram yaxasından, hər gününü tutub saxlamağa çalışıram.Uzun illərdir ki, belədir. Can Bakının mayı çox gözəl olur axı, bəlkə ondandır? Bilmirəm. Bircə onu bilirəm ki, bəxtimdən gözəlim may yetərincə uzun aydır-düz 31 gün!

Bu ayın içində məni sevindirən, illərdir bayram etdiyim günlər var: məsələn, 5-i ömür yoldaşımın doğum günüdür, 28-i Cümhuriyyətimizin!

Ayın içində məni üzən, utandıran günlər də var: məsələn, 8 may- Şuşanın işğalı gününü illərdir ki, gözyaşıyla qarşılayıram. 18 mayı- Laçının işğalını da, eləcə…

Aprellə mayın görüşdüyü gün Bakıda böyük faciə yaşandı

…Gözəlim may estafeti apreldən qan ağlaya-ağlaya aldı…Qanına qəltan olunmuşlar, ah-naləsi göyə dirənənlər vardı.

…Mayın 1-də «Mercer» araşdırma təşkilatı dünyanın yaşamaq və işləmək üçün ən yaxşı 420 şəhərinin adını açıqladı. Onların sırasında Bakı yoxdu!

…Daha bir təşkilat – «Freedom house» dünyada azadlığın vəziyyətini öyrənmək üçün 195 ölkədə medianın vəziyyətinə dair sorğu keçirib.Ancaq onların arasında Azərbaycan 168-ci yerdədir (195 ölkə arasında).

3 may - Ümumdünya azad sözə dəstək günüdür

…İndi oturub düşünürəm: Mən sevdiyim ayı sevdiyim şəhərdə necə yaşayım? Üstəlik, azad söz günündə. FM-i əlindən alınmış, neçə aydır virtual məkanda dinləyiciləriylə görüşən bir aparıcı kimi nə yazım, nə söyləyim?

…Axı, mən (heç olmasa, bu ayda) xoşbəxt olmaq istəyirəm!

…Mən xoşbəxt şəhərdə yaşamaq istəyirəm.Mənə Vyananın, Sürixin, Vankuverin…adını sadalamayın. O bəxtəvər şəhərlərdə 5 gündən artıq dözə bilmərəm mən…

Jurnalistlər Ümumdünya mətbuat gününü qəbiristanlıqda qeyd edirlər, 3 may 2007
…Mən azad ölkədə ömrümü başa vurmaq istəyirəm...

Yetər!

...Ellər həbsxanasında doğulduğumız yetər...

...Yalanla, qanla yoğurulmuş SSRİ adlanan ölkənin «xoşbəxt» vətəndaşı sayılmağımız yetər!

...Azadlığa həsrət vətəndə azad ruhlu övlad dünyaya gətirmək çabalarımız yetər!

...Ömrümüzün geri qayıtmayacaq ən gözəl illərini keçid dövrü deyilən o sonu görünməyən girdabda çürütdüyümüz yetər!

...Heç zaman çin olmayacaq arzularımızı hər dəfə məzara gömdüyümüz yetər!

...Parçalanmış, didərgin düşmüş, kiçilmiş vətənin şəhid balalarının ruhuna göz yaşı tökdüyümüz yetər!

Mən istəyirəm ki...

...bu dünyadan nigaran getməyək....

...balalarımız təmiz, rüşvətsiz Azərbaycanda yaşasın...

...hər gün dərsə göndərdiyimz yavrularımız üstümüzə başından vurulmuş qaytarılmasın...

...onlar Bakıda yaşadıqlarıyla qürur duysunlar...

...56 yaşlı «Azadlıq» radiosu «yeyilməsin», özü-özünü «yesin» (yəni Rumıniyadakı kimi missiyasını bitirmiş saysın)...

...Azad söz günü əsl bayrama çevrilsin. Elmarı, Qəniməti, Eynullanı..yada salıb üzülməyək..

...Mirzə Sakit bu günü həmişə Rəna xanımla, balalarıyla bir yerdə qarşılasın!..

...Elmarın yeganə yadigarı Aslan öz ölkəsində yaşasın!..

Siyahını uzatmağa gərək varmı? Yox, məncə. Mən yalnız bunları istəyirəm...

Siz nə istəyirsiniz?

Şərhləri göstər

XS
SM
MD
LG