Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:52

«Fərda deyirdi ki, Bakıya gedib dənizdə işləyəcəm»


Fərda Qədirovun Gürcüsrandakı evi
Fərda Qədirovun Gürcüsrandakı evi
«Azadlıq» radiosunun gürcü xidmətinin əməkdaşı Dövlət Neft Akademiyasında qətliam törətdiyi bildirilən Fərda Qədirovun əslən olduğu Gürcüstanın Daştəpə kəndinə baş çəkib. F.Qədirovun yaxınları və həmkəndliləri ilə söhbət edib.

Onun bibisi Rəna Qədirova ilə söhbətdən:

Rəna Qədirova
- Mən nə deyə bilərəm? O, sakit uşaq idi, yaxşı oğlan idi. Qonşular da onun necə oğlan olduğunu bilir. Biz belə bir hadisəyə inanmırıq. Allaha and olsun. Təəccüblənirik.

- Onu belə bir hərəkətə nə təhrik edə bilərdi?


- Mən heç nə deyə bilmərəm. Biz şoka düşmüşük. İnanmırıq. Bəlkə də o, hansısa qrupa qoşulub, belə bir iş görüb.

- O içki içirdi?

- Yox, heç siqaret də çəkmirdi.

- O, burayla sıx əlaqə saxlayırdı?

- Bəzən gəlirdi. Onun valideynləri Rusiyadadır. Sonuncu dəfə keçən ilin payızında gəldi, qışı burda keçirdi. Martda Bakıya getdi. Orda işləmək istəyirdi. Deyirdi ki, gedib orda özümə iş tapacağam.

- Burda işləyirdimi?

- Burda iş var ki?

- Uşaqlığı necə keçib?

- Normal uşaq idi. Sakit idi. Heç yerə getmirdi. Həmişə evdə olurdu.

- Məktəbdə sonuncu sinfə qədər oxuyubmu?

- Məktəbi burda bitirməyib. Bir müddət burda oxuyub, sonra Bakıya gedib. Orda məktəbi bitirib-bitirmədiyini bilmirəm.

- O, kitab oxumağı xoşlayırdımı? Hansı kitabları oxumağı sevirdi?


- O, ancaq televizora baxırdı. Bütün qışı evdə keçirdi. Mən hətta ondan soruşdum ki, bütün günü evdə olursan, darıxmırsan? Bizə gəl. Həftədə bir dəfə bizə gələrdi, bir-iki saat söhbət edib gedərdi. Deyirdi ki, hər gün televizora baxıram.

- Mənə dedilər ki, o, idmanla məşğul olurdu...

- Əvvəllər karate ilə məşğul olub. İdmanı sevirdi. Deyirdi ki, televizorda futbola baxıram.

- Yəni cüssəli, sağlam idi.


Daştəpə kəndinin gəncləri
- Hə, çox «zdarovı» idi.

- Siz mənə onun fotoşəkillərini göstərə bilərsiz?

- Bizdə onun heç bir fotosu yoxdu. Allaha and olsun.

- Bəs kimdə ola bilər?

- Bilmirəm, bəlkə onların burdakı evində var, amma həmin evin qapısı bağlıdır.

- Deməli, martda gedib.

- Bəli, martın 13-ü, ya da 15-i gedib.

- Onun sevgilisi vardımı?

- Yox. Biz onu neçə dəfə dedik ki, evlən. Deyirdi ki, istəmirəm, vəssalam.

- Kiminləsə kənddə dostluq edirdimi?

- Yox. Mən onun qonşularından soruşmuşam. Onun evinə kənd uşaqlarından heç kəs gedib gəlmirdi.

- Deyilənə görə, onun ata-anasının Rusiyada biznesi var. Onun pula ehtiyacı vardı ki, iş axtarırdı?

- Biznes deyəndə ki... bazarda alver edirlər. O da orda olub. Yəqin alver xoşuna gəlmirdi. Deyirdi ki, Bakıya gedib dənizdə işləyəcəm.

- Pulu vardımı? Heç sizdən borc alıbmı?

- Yox. Deyirdi ki, pulum var, alverlə qazanmışam. Yəni gündəlik cibxərci, yemək üçün pulu var idi. Amma çoxuydu, azıydı bilmirəm.

- Burdakı məscidi sizin qohum tikdirib...

Fərdanın əmisinin Daştəpə kəndində tikdirdiyi məscid
- Bəli, o biri qardaşım.

- Bəs o, Moskvada nəylə məşğul olur?

- O da alver edir.

- Fərda dindar adam idi? Məscidə gedirdi?

- Yox. Bir dəfə də getməyib. Ancaq evdə olurdu. Səhər çıxıb dükandan çörək və başqa ərzaqlar alırdı və evə girib bayıra çıxmırdı.

- Onu burda dəfn edəcəksiz?

- Əlbəttə ki, burda. Əgər meyitini versələr...

Qonşusu İlqar Həsənov da F.Qədirovun qapalı adam olduğunu deyib:

- Hadisə haqda eşidəndə şoka düşdük Axırıncı dəfə ay yarım qabaq özüm görmüşən onu. Sadəcə salamlaşdıq, aramızda başqa söhbət olmadı. Bağlı qapılar arxasında evdə otururdu, qapalı adam idi, sakit idi, öz aləmində idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG