Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

Yaralıların vəziyyəti ağır və orta ağırdır


1 saylı Klinik Xəstəxanada baş həkimin müavini Adil Salahov

1 saylı Klinik Xəstəxanada baş həkimin müavini Adil Salahov

Neft Akademiyasında baş verən faciə ilə bağlı Bakı xəstəxanalarında qələbəlikdir. Yaralıların yaxınları gözləmə otaqlarında hər gələn həkimdən, tibb bacısından yaxşı xəbər eşitmək ümidiylə gözləyirlər. Xəstələrin vəziyyəti imkan vermədiyindən onları hələ xəstələrin yanına buraxmırlar.

4 saylı şəhər xəstəxanasında Neft Akademiyasının laborantı, Zemfira Hüseynlinin yaxınları reanimasiya şöbəsinin qarşısında onun 1 saylı Klinik Xəstəxanaya köçürüləcəyi vaxtı səbirsizliklə gözləyirdilər ki, heç olmasa uzaqdan da olsa görsünlər:

- Bəlkə görə bildik, indi aparacaqlar.

Xəstənin həyat yoldaşı deyir ki, dünəndən ayaq üstədirlər, görüşə imkan vermirlər.

Neft Akademiyasındakı hadisəylə bağlı bura 5 nəfər gətirilib. Onlardan ikisi ölüb. Yaralılardan biri, dünən əməliyyat olunandan sonra 1 saylı xəstəxananın nevrotravma şöbəsinə aparılıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov deyir ki, digər iki yaralı - tələbə Daas Muviyə və Zemfira Hüseynlinin də vəziyyəti ağırdır:

«Daas Muviyə döş qəfəsinin sol yarım hissəsinin deşilmiş güllə yarası ilə daxil olmuşdu. Əməliyyatdan sonra vəziyyəti nisbətən yaxşıdır. Zemfira Hüseynli isə sağ gicgah sümüyünün dəlib keçən güllə yarası ilə daxil olub. Üst çənənin dağılmış, cırılmış yarası var, sol sifət nahiyəsindən güllə çıxıb. Bura gələndə şok vəziyyətindəydi, çox ağır idi, hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Ümumiyyətlə, xəstələrin vəziyyəti ağır qiymətləndirilir, ancaq dünənə nisbətən yaxşıdırlar».

7 yaralı isə dünəndən 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Xəstələrin yaxınları deyirlər ki, gecəni burda keçiriblər. Xəbəri həkimlərdən ala bilirlər:

«Nə bilim necədir, yanına buraxmırlar, həkimlər özləri baxırlar, gəlib bizə də nəsə deyirlər. Dünənə nisbətən gözünü açıb» .

Rəhman Axundovun anası deyir ki, 4-cü kurs tələbəsi olan oğlu başından və çiynindən yaralanıb:

«Hər şey mənə yuxu kimi gəlir, hələ də təsirindən ayıla bilmirəm».

Yaralının atası Sabir kişisə deyir ki, oğlunu dərsə yola salıb, bir neçə saat sonra xəstəxanaya aparılması xəbərini alanda eşitdiyinə inanmayıb:

«Kim nə bilərdi, uşaq gülə-gülə evdən çıxmışdı. Buradakı həkimlərdən razıyıq, düzdür, yanlarına buraxmırlar, ancaq xəbər gətirirlər».

1 saylı Klinik Xəstəxanada baş həkimin müavini Adil Salahovsa deyir ki, yaralıların vəziyyəti dünənə baxanda yaxşılaşıb. Yaralılar baş və üz nahiyəsindən güllə yarası alıb. Yaralılardan ikisi müəllim, qalanları tələbələrdir:

«Yaralıların durumu bir neçəsində ağır, bir neçəsində orta ağırdır. Dünən 7 meyit gəlmişdi, 7 yaralı. Bir nəfər yaralı da bu gün 4 saylı xəstəxanadan gətirildi. Meyitləri morqa göndərdik, qalanları əməliyyat elədik. Yaralılar ağır olmalarına baxmayaraq, vəziyyətləri stabildir, yəni geriyə qayıtma yoxdur, müsbət dinamika var. Onlar üçün ayrı post ayrılıb, hamısı bir palatadadır, Avropa standartlarına uyğun aparatlar var, növbətçi həkim və tibb işçiləri yanlarındadır».

Adil Salahov xəstələrin vəziyyətini otağındakı monitor vasitəsiylə də izləyir:

«Görürsüz, bu oğlanın qıtlağı zədələnib, nəfəs alması üçün boru qoyulub».

Həkim deyir ki, xəstələrin vəziyyəti ağır olduğundan yaxınları yanlarına buraxılmır. Onların reanimasiya şöbəsindən nə vaxt palataya köçürüləcəyinə gəlincə, həkim deyir ki, bu, hələ bir neçə gün çəkəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, dünən 3 yaralı müalicə alandan sonra evə buraxılıb. Hazırda Bakı xəstəxanalarında 9 nəfər müalicə olunur.
XS
SM
MD
LG