Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Demokratiyanın növbəsi


«Harada demokratiya var orda inkişaf var, rifah var, düzgünlük və haqq-ədalət var»
«Harada demokratiya var orda inkişaf var, rifah var, düzgünlük və haqq-ədalət var»
«Demokratiyanı sosial iqtisadi problemlərin həllindən sonraya saxlamaq spekulyasiyadır və bu düzgün fəlsəfə deyil».

Bu fikirləri politoloq Hikmət Hacızadə deyir. O, prezident İlham Əliyevin «ciddi iqtisadi və sosial problemlər, o cümlədən yoxsulluq olan ölkədə əsl demokratik dövlət qurmaq çox çətin olacaq» bəyanatına belə münasibət göstərir.

Hikmət Hacızadəyə görə, ilk dəfə kommunistlərin dilə gətirdiyi bu yanaşmanı sonralar da demokratiya tələbinə cavab verən bütün diktatorlar səsləndiriblər:

«Onlardan demokratik islahatlar tələb ediləndə deyiblər ki, yox bir dayanın xalq acından ölür, qoy xalqı doyuzduraq ondan sonra demokratiya verərik. İndi bu fəlsəfəni Çin irəli sürür və açıq da danışır ki, əhalinin çoxu acdır, qoy onları dolandıraq sonra demokratiya verərik».

Politoloqa görə, əslində demokratiya ilə sosial problemlər arasında möhkəm əlaqə var: «Harada demokratiya var orda inkişaf var, rifah var, düzgünlük və haqq-ədalət var».

Hikmət Hacızadəyə görə, İlham Əliyev ciddi iqtisadi, sosial və yoxsulluq olan ölkədə əsl demokratik dövlət qurmağın çox çətin olduğunu deməklə həm də indiyə qədər öz dediklərini təkzib eləmiş olur. Politoloqa görə, prezident özü də daxil olmaqla bütün ölkə rəsmiləri çıxışlarında həmişə
Zahid Oruc
Azərbaycanda yoxsulluğun tamamilə azalmasından, əhalinin sosial vəziyyətinin xeyli yaxşılaşmasından danışırlar. Amma Avropada onlardan demokratiya tələb ediləndə fikirlərini dəyişirlər:

«Prezident Yeni il çıxışında dedi ki, bütün problemlər həll olunub bir Qarabağ məsələsindən başqa. Hər şey həll olunubsa onda niyə demokratiya yoxdur. Mən belə hesab edirəm ki, bu spekulyasiyadır».

Ana Vətən Partiyasının sədr müavini millət vəkili Zahid Oruc isə sosial problemləri demokratiya yolunda mane hesab edir:

«Bu düsturu bizlər kəşf etməmişik ki, sabit siyasi hakimiyyətlər, rejimlər o qurumlar sayılır ki, orda müəyyən iqtisadi bazis formalaşıb. Ona görə də adambaşına düşən Ümumi Daxili Məhsulu 3500 dollardan aşağı olan ölkələri qeyri-sabit kimi ölkələr sırasına daxil ediblər. Və orada da inqilabi situasiyaların hər zaman ola biləcəyini bizdən əvvəlki politoloji ədəbiyyatlarda vurğulayıblar».

Zahid Oruca görə, bu gün inkişaf etmiş Avropa ölkəsindəki demokratik idealların Azərbaycanda tam bərqərar olmasına zərbə vuran bir sıra məqamlar var:

Zərdüşt Əlizadə
«Həddən artıq qaçqınların olması, onların sosial təminatının normal səviyyə çatdırılması, işğal reallığı - bunlar hamısı demokratiyaya zərbə vuran amillərdir».

Zahid Oruc iqtisadi məsələlərdən danışanda prezidentin öz dediklərini təkzib etməsi fikriylə razılaşmır. O hesab edir ki, Azərbaycan onu vurğulayır ki, iqtisadiyyatın xarakterində həllini gözləyən və dünya ilə iqtisadi əlaqələrini qurma vəzifəsi baxımından problemlər var:

«Bunu etiraf eləmək böyük iqtisadi siyasətin üstündən xətt çəkmir, mahiyyətini aşağı salmır. Amma eyni zamanda biz deyirik ki, bütün iqtisadi vəzifələri həyata keçirib qurtarmamışıq».

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, əksinə ölkədə demokratiya nə qədər çox olsa, bir o qədər də səmərəli qərarlar qəbul eləmək olar:

«Bir o qədər ictimai vəsaiti düzgün xərcləmək olar, bir o qədər də korrupsiyanı cilovlamaq olar. Bütün bunlar idarəçiliyin, demokratiyanın əlifbasıdır».

Politoloqa görə, tarixdən yaxşı məlumdur ki, bütün totalitar, ən avtoritar rejimlər ən səmərəsiz qərarlar qəbul ediblər. Zərdüşt Əlizadəyə görə, bütün mətbuat hansısa məmurun nə qədər pul mənimsədiyindən yazır, iri layihələrə ayrılan vəsaitlərin xeyli hissəsinin korrupsiyaya uğradığı bildirilir, amma heç bir reaksiya yoxdur. Zərdüşt Əlizadəyə deyir ki, əslində ictimai nəzarətin güclü olduğu demokratik ölkələrdə bu kimi məlumatlara ciddi reaksiya verilir. Politoloqa görə, demokratiya sosial-iqtisadi və yoxsulluq məsələləri ilə bir cərgədə olmalıdır ki, ölkədə bütün proseslər tam şəffaf həyata keçirilsin.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG