Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:16

Bakıda Obamanın 100 günü necə sayıldı?


«Heç bir prezident bu qədər sayğısızlıq və narazılıq görməmişdi»

«Heç bir prezident bu qədər sayğısızlıq və narazılıq görməmişdi»

Dünyanın hegemon dövləti sayılan Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın hakimiyyətdə 100 günü tamam oldu. İqtisadi böhranın dərinləşdiyi, bəzi ölkələrdə anti-Amerikan ovqatının gücləndiyi vaxtda hakimiyyətə gələn, yeni vədlər verən, yeni imicli prezident Obama 100 gündə nəyə nail ola bildi? Bakıda bu 100 gün necə dəyərləndirildi?

«Obamanı Kennediylə yox, Con Karterlə də müqayisə edə bilərlər, əgər…»

REAL İctimai Birliyinin təsisçilərindən biri İlqar Məmmədov:

İlqar Məmmədov
- Əslində 100 gündə böyük işlər görmək çox çətindir. Xüsusən də böhran şəraitində. Obamadan başlıca gözlənti iqtisadi məsələlərlə bağlıydı, hələlik bu sahədə nailiyyətlər yoxdur. Bu sahə hələ tənəzzül içindədir. Amma Barak Obamanın siyasi fəaliyyətini götürəndə görürük ki, dünyayla siyasi mesajlaşma yaxşı keçib. Dünyada da, Amerikanın özündə də hiss edirlər ki, Amerikada yeni siyasət hökm sürür. Və bu siyasət Buş administrasiyasının siyasətindən tamam fərqlənir, pozitiv əhval-ruhiyyə daşıyır. Yəni yeni siyasət terrora qarşı mübarizə-filan bayrağı altında keçirilmir. Bu, müsbətdir.

Bizim regiona gəlincə, Qırğızıstandakı Amerika bazasının bağlanması da bu 100 gündə baş verdi. Narahatedici amildir. Mən düşünürəm ki, Qırğızıstandan sonra Cənubi Qafqaz da ABŞ-ın təsir dairəsindən çıxsa, o zaman Obamanı indiki kimi Kennediylə yox, Con Karterlə müqayisə edəcəklər. Bax bu bir təhlükə kimi qalır.

«Amerika Qarabağ siyasətinə yenidən baxmalıdır, yoxsa Azərbaycan hakimiyyəti yanlışlara yol verəcək»

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

- Barak Obamanın 100 gündə aktiv siyasət aparmasının şahidi olduq. İstər daxildə, istər dünya miqyasında bir sıra səfərlər etdi, qərarlar verdi. Bu da onu göstərir ki, prezident Obama Amerikanın dünyadan təcrid olunması konsepsiyasının tərəfdarı deyil və dünyanın işlərində yaxından iştirak edəcək. Bu, müsbət haldır. Eyni zamanda, bu müddətdə bəzi məsələlərə aydınlıq gəldi. Hakimiyyətə gələnə kimi Obama Buş administrasiyasını tənqid edir, bir çox məsələlərə fərqli yanaşacağını bəyan edirdi, tutalım Şimali Koreya, İran məsələsinə və sairə. Obama təcrid olunmuş dövlətlərlə güc dilində deyil, diplomatik dildə danışacağını deyirdi.
İsa Qəmbər
Yüz gündə də bu istiqamətdə xeyli addım atdı və aydın oldu ki, Şimali Koreya problemini Amerika yox, ordakı totalitar diktatura yaradıb, eləcə də İranla gərginlik də Tehrandakı rejimin apardığı siyasətin nəticəsidir. Bu da bir sıra məsələlərdə daha real yanaşmanın zəruri olduğunu ortaya çıxarır.

Bu müddətdə bizim Azərbaycan siyasətçisi kimi narazı qaldığımız əsas məqam prezident Obamanın sözdə soyqırım məsələsiylə bağlı mövqeyidir. Məncə, 1915-ci ildə baş verənlərlə bağlı tarixçilərin danışması daha düzgün olardı, nəinki ayrı-ayrı siyasətçilərin. Erməni xalqıyla bağlı mövqe bildirmək, o dövrdə başqa xalqların itki verdiyini unutmaq obyektiv yanaşma deyil. Bu da bölgədəki proseslərə mənfi təsir edə bilər. İstərdim ki, Obama belə məsələlərdə daha diqqətli olsun, bölgədə barışın, sabitliyin, inteqrasiyanın xeyrinə olan istiqamətlərə daha çox diqqət yetirsin.

Və sonda demək istərdim ki, Obama administrasiyası Dağlıq Qarabağ münaqişəsiylə bağlı mövqeyini də yenidən nəzərdən keçirməlidir. Təcavüzə məruz qalanla, təcavüzkara fərq qoyulmaması bəzən yanlış addımlara gətirib çıxarır, necə ki, son zamanlar Azərbaycan hakimiyyətinin xarici siyasətində yanlışların şahidi oluruq. Dünyanın ən qüdrətli ölkəsi olan Amerika bu gerçəkləri nəzərə alınmalıdır.

«Ümidləri doğruldur…»

Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə:

- Barak Obama 100 gündə ona bağlanan ümidləri doğrultdu. Müəyyən mənada iqtisadi təmayülləri müsbət tərəfə yönəldə bildi, qəti tədbirlər gördü. Xarici siyasətdə də yeniliklər hiss olunur. Barışıq ovqatı, problemlərin həllində konstruktiv mövqe tutduğu duyulur. Məncə, onun yüz gününü müsbət qiymətləndirmək olar.

«Obamanı bir ildə ağır sınaqlara çəkəcəklər»

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov:

- Barak Obama mürəkkəb dövrdə, iqtisadi böhranın dərinləşdiyi vaxtda Amerika prezidenti seçildi. Amma bununla belə, keçirilən sorğular göstərir ki, ABŞ seçicilərinin təxminən 65 fazi Obamanı, onun ilk 100 gündə atdığı addımları dəstəkləyirlər.
Eldar Namazov
Bu da yetərincə yüksək rəqəmdir. Bu müddətdə Barak Obama həm də verdiyi bir sıra vacib vədlərdən bir neçəsini yerinə yetirdi. Məsələn, Quantanamodakı qeyri-qanuni həbsxananın bağlanması, ABŞ qoşunlarının İraqdan çıxarılması haqda qərar verib və bir neçə sammitlərdə vacib təşəbbüslərlə çıxış edib. Demək istəyirəm ki, verdiyi vədlərin bir qismini yerinə yetirməyə başlayıb. Düzdür, xarici siyasətdə bir neçə ayda köklü dəyişikliyə nail olmaq mümkün deyil. Diplomatiyanın bir qanunu da var, yeni prezident seçiləndə adətən həmin ölkənin rəqibləri sərt addımlar atıb, onun iradəsini yoxlamaq istəyirlər, onun ekstremal vəziyyətdə davranışını öyrənməyə çalışırlar. Ona görə Obama seçiləndə təhlilçilər deyirdilər ki, birinci il onun üçün çox ağır olacaq, rəqib ölkələr onu sınaqdan keçirəcəklər.

«Heç bir prezident bu qədər sayğısızlıq və narazılıq görməmişdi»

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu:

- Amerikada indiyədək heç bir prezident Obama qədər sayğısızlıq və narazılıqla qarşılanmamışdı. Həm Foks televiziyası Obamanın mətbuat konfranslarını yayımlamaqdan imtina etdi, həm təyyarəsi şəhər üstündə uçarkən camaat arasında panika yaratdı, həm də donuz qripinə yoluxub-yoluxmaması haqda söz-söhbətlərin dolaşması…Məncə, prezidentinin davranışında, idarəçiliyində, mənəviyyatında qüsur axtaran cəmiyyət deməli, onu dünyaya bir lider kimi təqdim etmək istəmir. Amma iş adamları, sahibkarlar, biznes mühiti ona inanır. Ona görə də iqtisadi sahədə az da olsa müsbət dinamikaya nail oldu. Sonrasını gözləyək.
Mübariz Əhmədoğlu
O ki qaldı, xarici siyasətinə, hələ ki, Obamanın apardığı xarici siyasət mənə xoş təsir bağışlayır. Bir Türkiyə insidentini çıxmaqla. Axı Türkiyə o dövlət deyil ki, onu Ermənistanla bərabər tutasan?!

Obamanın 100 günlük prezidentliyi dövründə xarici siyasətinin konsensus texnologiyalarına söykəndiyini gördüm. Yəni bu adam həm İranla barışığı gündəmə gətirdi, həm Meksikada olanda dedi ki, heç bir dövlətin daxili işinə qarışmayacaqlar. Amerika 50 ildir ki, Kubaya embarqo qoymuşdu, Obama embarqonu xeyli yumşaltdı. Obama sübut etdi ki, demokratların siyasətini davam etdirəcək, məqsədə çatmaq üçün kəskin addımlardan qaçacaq. Bir də mən ona diqqət çəkmək istəyirəm ki, Obama 100 gündə Cənubi Qafqaz dövlətlərindən məhz Azərbaycan prezidentiylə təmasda olub. Bu, bölgəyə diqqətdir, bu da ABŞ-ın bölgədəki strategiyasını, məqsəd və hədəflərini açıqladı. Klinton dövründə də bunu müşahidə eləmişdim. Bill Klinton Azərbaycanla münasibətlərə xüsusi diqqət verirdi, Ermənistan və Gürcüstanla münasibətlər kölgədə qalmışdı. Ona görə də Azərbaycan o zaman ABŞ-ın bütün təşəbbüslərini dəstəklədi. Mən indi də eyni dəsti-xətti görürəm. Bu da məncə bölgəyə, həm də Azərbaycana uğurlar vəd edir.

«Obama Azərbaycana önəm verir»

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı:

- Obama sələflərindən fərqli bir siyasət aparmaqdadır. O, Corc Buşun zamanında Amerikanın beynəlxalq aləmdə məruz qaldığı itkiləri aradan qaldırmaqdadır. Eləcə də Quantanamo həbsxanasının ləğvi, Venesuela və Kuba ilə münasibətlərin qurulması, Moskvaya loyal münasibət sərgiləməsi,
Fəzail Ağamalı
İranla dialoqa üstünlük verməsi, İraqdan qoşunların çıxarılma vaxtını dəqiqləşdirməsi, Türkiyəyə səfəri sübut edir ki, Obama təkcə müttəfiqləri olan Avropa ölkələriylə deyil, başqa ölkələrlə də normal əlaqələr qurmağa meyllidir. Konkret bizim regiona gələndə, Türkiyə səfəri zamanı verdiyi bəyanatlardan məlum oldu ki, Obama ABŞ-dakı erməni lobbisinin təsiri altındadır. Amma Türkiyə ilə müttəfiqliyi qorumaqda da maraqlıdır. Eyni zamanda, Barak Obama Azərbaycana da önəm verir. Obamanın prezidentimizə zəng vurması, eləcə də dövlət katibinin İlham Əliyevlə danışıqları, Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı olmasını ifadə etməsi, ABŞ-ın ATƏT-dəki təmsilçisi Meytu Brayzanın səfərləri də göstərir ki, Vaşinqton bölgədə nüfuzunu gücləndirməyə çalışır. Obama ABŞ prezidenti kimi beynəlxalq aləmə yeni bir siyasi xətti gətirmək istəyir. Əlbəttə görək sonrası nə olur, dövlət xadiminə yüz günə görə qiymət vermək olmaz.

Həmçinin oxu: OBAMANIN YÜZ GÜNÜ

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURADAXİL OL.
XS
SM
MD
LG