Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37
Ermənistan İnqilabi Federasiyası (Daşnaksutyun) koalisyon hökumətdən çıxdığını elan edib. Səbəb prezident Serj Sarkisyanın Türkiyə ilə barışıq siyasətinin daşnakların mövqeyi ilə uzlaşmaması – «aradan qaldırılması mümkün olmayan fundamental ziddiyyətlərdir».

Daşnaksutyun koalisyon hökumətdən çıxmaq ehtimalını aprelin 25-də prezident Sarkisyanla görüşdən sonra səsləndirmişdi. Partiyanın ali orqanının təmsilçisi Armen Rustamyan mətbuata bildirib ki, prezidentin Türkiyə ilə münasibətləri normallaşdırmağın xeyri barədə dedikləri onları qane etməyib. Onun fikrincə, Ermənistan münasibətlərin normallaşmasına aid «yol xəritəsi»ni imzalamaqla Türkiyəyə böyük güzəşt edib, halbuki Ankara bunun əvəzində Ermənistanın «blokadadan çıxması» üçün heç bir iş görməyib.

Rustamyan bildirib ki, «yol xəritəsi» imzalansa da, Türkiyə həm «erməni soyqırımı»nın tanınmasından imtina edir, həm də Qarabağ münaqişəsi həll edilməyincə sərhədlərin açılmayacağını bildirməkdə davam edir.

Rustamyan deyib ki, indi türklər bu məsələləri Ermənistanla sazişin şərtlərinə çevirməyə çalışırlar və ermənilər gərək bunu anlasınlar. Onun fikrincə, Ankara bu məsələdə sadəcə siyasi oyun oynayır:

«Daşnaksutyun koalisyon hökumətdəki fəaliyyətini dayandırır. Bu addımın ictimai əhəmiyyətini və nəticələrini göz önünə alaraq biz bəzi izahlar vermək qərarına gəldik. Partiya koalisiyaya prezident seçkilərindən sonra - siyasi böhranın aradan qaldırılması üçün daxil olmuşdu. Bizim məqsədimiz həm də iki erməni dövlətinin üzləşdiyi siyasi-hərbi təhlükələri önləmək və Ermənistanda sistem islahatlarına nail olmaq idi. Biz bu sahədə bəzi uğurlara nail olduq. Amma buna baxmayaraq, siyasi sahədə bizimlə hakim partiya arasında prinsipial narazılıqlar yarandı».

Rustamyan «iki erməni dövləti» deyəndə Ermənistanı və erməni qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağı nəzərdə tutur. «Siyasi-hərbi təhlükə» məsələsinə gəlincə, keçən ilin əvvəli Ermənistanda prezident seçkiləri keçiriləndən sonra Yerevanda müxalifətin etiraz aksiyaları keçiriləndə Dağlıq Qarabağda erməni və Azərbaycan silahlı qüvvələri arasında lokal toqquşmalar olmuşdu. O vaxt Yerevan Bakını Ermənistandakı siyasi sabitsizlikdən istifadə edib Qarabağda bəzi məntəqələri ələ keçirmək istəyində günahlandırmışdı. Azərbaycan isə əksinə Ermənistanı diqqəti ölkə daxili problemlərdən yayındırmaq üçün Qarabağda təxribat törətməkdə ittiham etmişdi.

Daşnaksutyunun türklərin Ermənistanla sazişə Qarabağ probleminin həlli şərtini daxil etmək cəhdləri haqda dediklərinin əksinə olaraq Xarici İşlər naziri Eduard Nalbandyan bildirib ki, onlar iki ölkə arasında münasibətləri ilkin şərtlər olmadan qurmaq istəyirlər. Nalbandyan yerli mətbuata deyib ki, Türkiyə hökumətinin siyasi oyun oynadığını düşünmürlər, əgər Ankara Ermənistanı aldadacaqsa, ilk növbədə özünü, Amerikanı, Avropa Birliyini, Rusiyanı aldatmış olacaq. E.Nalbandyan «yol xəritəsi»nin detallarını açıqlamaqdan imtina edib, deyib ki, bütün məsələlər iki ölkə arasında bağlanacaq sazişdə əksini tapacaq.

Beynəlxalq medianın yazdığına görə, «yol xəritəsi»nin bir maddəsi də 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin soyqırıma məruz qalıb-qalmamasını araşdıracaq ikitərəfli komissiyanın yaradılmasıdır. Daşnaksutyunun rəhbərlərindən olan Rustamyan deyib ki, Türkiyə ermənilərin qətliamının soyqırımı kimi tanınmaması üçün əlindən gələni edəcək.

Rustamyan deyib ki, onların koalisyon hökumətdən çıxması o deməkdir ki, partiyanın hökumətdə və parlamentdə yüksək vəzifə tutan üzvləri istefa verməlidir və onun sözlərinə görə, bu proses artıq başlayıb.

4 partiyadan ibarət koalisyon hökumətin qurulması haqda keçən ilin martında imzalanan sazişə görə, daşnaklar 3 nazir və bir neçə nazir müavini postu almışdılar. Onlar həm də 131 yerlik parlamentdə 16 mandat sahibi idilər.

Amma Sarkisyanın rəhbərlik etdiyi respublikaçılar hətta bundan sonra da parlamentə nəzarət etməkdə davam eləyəcəklər. Parlamentdəki yerlərin yarısı onların nəzarətindədir. Hökumətdə - Sarkisyanın müttəfiqi olan digər 2 partiya prezidentin siyasətini dəstəklədiklərini bildiriblər, deyiblər ki, «yol xəritəsi»nin Türkiyəyə və Azərbaycana daha çox güzəştlərə gedilməsi ilə nəticələnəcəyi haqda ehtimalları bölüşmürlər.

Hakim partiyanın təmsilçisi Armen Aşotyan daşnakların addımını belə şərh edib:

«Həyat göstərdi ki, hakimiyyətyönlü sferada Daşnaksutyun kifayət qədər uğur qazana bilmədi. Güman ki, indi partiya bunu müxalifət elektoratı hesabına etməyə çalışacaq. Bundan başqa, biz müxalifət meydanında maraqlı rəqabətin şahidi olacağıq. Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi ilə eyni gücə malik Daşnaksutyun müxalifətə keçir».

Müxalifətdəki partiyalardan olan və keçmiş Xarici İşlər naziri Raffi Hovanesyanın rəhbərlik etdiyi «Jaranqutyun» daşnakların addımını alqışlayıb, «müxalifətə xoş gəlmisiz» deyib. O ki qaldı Ter-Petrosyanın rəhbərlik etdiyi ana müxalifət partiyası - Ermənistan Milli Konqresinə, konqresçilər daşnakların müxalifətə keçməsinə bir qədər ironiyalı münasibət bildiriblər. Partiyanın koordinatoru Levon Zurabyan deyib ki, müxalifətə keçməyi elan etmək azdır, bunu işlə sübut etmək lazımdır. Daşnakların hələ hakim koalisiyada təmsil olunduqları vaxtlarda özlərini müxalifətçi kimi təqdim etdiklərini yada salan Zurabyan bildirib ki, konqresçilər yalnız daşnakların özlərini müxalifət kimi aparmasından sonra onlarla əməkdaşlıq haqda düşünə bilərlər.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

Günün bütün mövzuları

XS
SM
MD
LG