Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:02

«Vəzifəli adamlar fikirləşir ki, sabah vəzifədən çıxanda neyləyəcək?»


Vaqif Arzumanlı
«Azərbaycan alimlərinin məvacibi keçmiş sovet ölkələri ilə müqayisədə bir neçə dəfə aşağıdır. Ona görə bizim alimlər məcbur olurlar getsinlər ayrı-ayrı tədris müəssisələrində dərs desinlər».

Bunu «Azadlıq» radiosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı deyir.

O bildirir ki, Azərbaycanın elmi işçisi Rusiyanın elmi işçisindən 2-3 dəfə az maaş alır:

«Söhbət gedirdi ki, elmlər namizədinə, elmlər doktoruna, elmi dərəcəyə maaş əlavələri qaldırılsın, sözdə deyildi, göstəriş verildi, amma işdə əməl olunmadı. Bu, əlaqədar təşkilatların bürokratlığından irəli gəlir. Bu gün elmlər namizədi, dərəcəsinə görə Akademiyada 25 manat, elmlər doktoru dərəcəsinə görə isə 50 manat alır. Elə elmi dərəcəsi olan, özünü alim hesab edən var ki, başqa yerdə işləyir, məsələn, nazirlikdə, ya hansısa idarədə. Ona əhəmiyyətli deyil ki, bu 25 manat veriləcək ya yox...»

- Sizcə, nəyə görə dövlət məmuru elmi dərəcə almağa bu qədər can atır?

- Şeir həvəskarı olmaqla kifayətlənmirlər, özlərini şair hesab eləmək üçün şeir kitabı, nəsr kitabı buraxırlar. Eləcə də elm sahəsində...Vəzifəli adam var ki, fikirləşir, sabah vəzifədən çıxanda neyləyəcək, ehtiyat üçün mütləq elmi işlə də məşğul olur. Mirzə Cəlilin sözü olmasın, «olmadı elə, oldu belə». Azərbaycanda elə adamlar var həm elmi dərəcə arzusundadır, həm millət vəkili, həm nazir, həm də rəhbər vəzifədə qalmaq istəyir. Sən nazirsən, millət vəkilisən, idarə rəisisən, dövlət qulluqçususan öz işini bil, qoy elmlə alimlər məşğul olsun. Xaricdə iki nəfərə böyük hörmət var - bir millət vəkili, bir də alimə. Daha bizdəki kimi ucdan-tutma professorlara yox....

- Bu cür hallar çoxdurmu?

- Təxminən 10 il bundan qabaq 1-2 cəhd idisə, indi 10-15 adam cəhd edir. Vaxtilə mərhum prezident Heydər Əliyev ölkə rəhbəri olanda istər - birinci, istər ikinci dövrdə - Nazirlər Sovetində dövlət qulluğunda işləyən məmurlara qadağan eləmişdi ki, namizədlik, doktorluq dissertasiyası müdafiə etsinlər. Qoy öz işləri ilə məşğul olsunlar. İndi qəribə vəziyyət yaranıb.

- Bu cür halların qarşısını kim almalıdır?

- Azərbaycan elmində hamı məsuliyyət daşıyır. Bu sahədə Elmlər Akademiyasının cəhdləri kifayət deyil. Bütün tədris ocaqları, o cümlədən bu işə bilavasitə cavabdeh olan Prezident Administrasiyası, Nazirlər Kabineti də bu işə məsuldur. Onlar da elmin, mədəniyyətin, təhsilin inkişafını həm nəzarətə götürməli, həm də istiqamətləndirməlidirlər.

Vaqif Arzumanlı deyir ki, bəzən bir institutun illik maaş həcmi ala-yarımçıq tikilmiş körpüyə sərf olunan puldan qar-qat az olur:

«Bunu dövlət təşkilatları tənzimləməlidir. Elmi işçi 150 manat pul alırsa, gündəlik nəqliyyat xərci 1 manatdırsa, o necə dolansın, neçə həyat sürsün? Həyat sürə bilər, amma elmlə məşğul olmaq üçün mənəvi stimul olmalıdır. 8 min işçisi olan AMEA-nın qayğısına qalmaq o qədər də çətin deyil. Bizim alimlər xaricdə keçirilən konfranslarda, toplantılarda iştirak etmək üçün ezamiyyə pulu tapmır. İnstitutun pulu yox, Akademiyanı Rəyasət Heyətinin kifayət qədər pulu yox...Mən ixtisar aparmaq hesabına əməkhaqqının artırılmasının əleyhinəyəm. Alimlərin maaşlarını büdcədən ayrılan vəsait hesabına artırmaq lazımdır. Elmə sərf olunan vəsait heç vaxt itmir...»

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

Şərhləri göstər

XS
SM
MD
LG