Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15
Aprelin 25-də Məşədi Əzizbəyovun Bakıdakı heykəli götürülüb. Amma o istiqamətə gedən avtobusların konduktorları deyəsən, uzun müddət bu adı öz dayanacaqlarının siyahısından çıxarmaq fikrində deyillər. Elə sərnişinlər də həmin istiqamətə gedən avtobusa minməzdən əvvəl onun Əzizbəyovun heykəli yanından keçib-keçmədiyini soruşurlar.

1918-ci ilin mart ayında azərbaycanlıların kütləvi şəkildə qırğını Bakı
Xalq Komissarlarının adı ilə bağlı olduğuna görə, həmin komissarlardan biri Məşədi Əzizbəyova münasibət birmənalı deyil. Ancaq bununla belə, onun heykəlinin götürülməsinə paytaxt sakinlərinin münasibəti o qədər də fərqlənmədi. Heykəlsiz qalmasına baxmayaraq, Əzizbəyovun adını özündə hələ ki, saxlayan parkda keçirdiyimiz sorğu belə düşünməyə əsas verir:

- Qalsaydı yaxşıydı, çünki bizim tariximizdir.
- Bəlkə təmir edib, qaytarıb yerinə qoyacaqlar.

Abidəni götürüb yerini parka düzülmüş daşlarla örtüblər. Ona görə də dünən Əzizbəyovun heykəlinin yanında görüş təyin edənlər bu gün onun yerində bir-birini tapmağa cəhd edirlər.

Rəsmi strukturlardan Əzizbəyovun heykəlinin aqibəti barədə bir şey öyrənmək mümkün olmadı.
Abidəni götürüb yerini parka düzülmüş daşlarla örtüblər
Heykəli kimin və niyə götürməsinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətindən yalnız onu dedilər ki, bu, onlara aid məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin abidələrin qorunmasına cavabdeh olan qurumu, eləcə də Şəhərsalma və Memarlıq İdarəsi ilə də əlaqə saxlamaq mümkün olmadı.

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov isə deyir ki, Leninin yüzlərlə heykəlinin götürülməsi anlaşılandır. Ancaq əslində hətta fəaliyyəti Azərbaycanın milli maraqlarına uyğun olmayan şəxslərin heykəllərini də götürərkən sakinlərin fikri mütləq öyrənilməlidir.

R.Bədəlov hesab edir ki, ola bilər ki, sakinlər düzgün qərar verməsin. Ancaq bu, onların şəhəridir. Sakinlərə sayğı ilə yanaşılmalıdır. Şəhərin ağası məmurlar yox, sakinlərdir:

«Mən bəzi heykəllərin saxlanmasının tərəfdarıyam. Məsələn, 11-ci Qızıl Ordunun heykəli qalsaydı, ona baxıb bizi işğal edənə heykəl qoyduğumuzu düşünərdik. Normal ölkələrdə totalitar rejimlər gedir, amma heykəllər qalır. Mən istərdim ki, bizdə də elə bir şüur olsun. Biz elə bilirik ki, tarixi sildik və təmizləndik. Bu, uşaqlar üçün normaldır, amma millət üçün sadəlöhvlükdür».

Rixard Zorgenin abidəsi
R.Bədəlov deyir ki, meydanların, küçələrin adlarının dəyişdirilməsi, heykəllərin götürülməsi tarixin dərk edilməməsidir. Ən azı totalitar bir park yaradıb həmin heykəlləri ora yığmaq olardı. O parkda mühazirələr oxunardı. Yaxşı-pis, hər halda bu Azərbaycanın 70 illik tarixidir.

Filosof sovet rejimini qəbul etmir, amma onun fikrincə, tarixi silmək qorxuludur.

Bir vaxtlar Xalq Komissarların özlərini necə Bakıdan səssiz-səmirsiz çıxarmışdılarsa, heykəlləri də eləcə qəfildən qeyb olur. Məşədi Əzizbəyovdan əvvəl komissarların rəhbəri Stepan Şaumyanın heykəli götürüldü. Ancaq Əzizbəyov da axırıncı komissar deyil. İndi paytaxtda 26 Bakı komissarının sonuncu nəhəng nişanəsi - Alyoşa Çaparidzenin heykəli qalır. Ancaq bütün bunlar heç da rəsmi strukturların heykəlləri ucdantutma sökdükləri anlamına gəlməməlidir. Hazırda şair Mikayıl Müşfiqin və İkinci Dünya müharibəsindən tarixə düşmüş kəşfiyyatçı Rixard Zorgenin abidələrinin üzərində bərpa işləri gedir.

Şərhləri göstər

XS
SM
MD
LG