Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:55

«Bakı-Xəbər»: «Buxarest görüşündə müzakirə olunan əsas məqamlardan biri Dağlıq Qarabağda referendumun keçirilməsi olub»


«Hazırkı situasiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Ermənistan üçün son şansdır. Çünki bu dövlət seçkilər dövrünə qədəm qoyur və seçkilər dövrü, həmçinin, ondan sonrakı dövrlərdə müsbət işlər görə bilməz». Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu «Yeni Azərbaycan» qəzetinin müxbiri ilə söhbətində deyib. Politoloqun fikrincə, Robert Koçaryan administrasiyasının özü də bu proqnozu hesablayıb. Məhz bu səbəbdən də indi Azərbaycanla danışıqlar aparmağa maraq göstərirlər. Amma təəssüf ki, onların bu cəhdləri, sadəcə, görüntü xarakteri daşıyır.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı isə diplomatik mənbələrə istinadən bildirir ki, Buxarest görüşündə Azərbaycan və Ermənistan dövlət başçılarının fikir mübadiləsinə çevirdiyi əsas məqamlardan biri Dağlıq Qarabağda referendumun keçirilməsilə bağlı olub. Lakin referendumun nə vaxt keçirilməsi məsələsi də ziddiyyət obyekti olaraq qalmaqdadır. Ermənistan ətraf beş rayonun qaytarılması və Azərbaycanın onunla kommunikasiya əlaqələrini bərpa etməsi müqabilində referendumun ən uzağı beş ilə keçirilməsini istəyir. Azərbaycan isə, qeyd olunan şərtlər daxilində referendumun ən azı 15 ildən sonra keçirilməsini mümkün sayır. Rəsmi Bakının arqumentləri ilk növbədə ona söykənir ki, Dağlıq Qarabağda referendumun keçirilməsi məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasından sonra mümkündür.


«Ayna» qəzeti yazır ki, Rusiya Xarici İşlər nazirinin birinci müavini Andrey Denisov «RİA Novosti» Agentliyinə bildirib ki, Rusiya heç bir ölkəni Məstəqil Dövlətlər Birliyinin - MDB-nin tərkibində saxlamaq niyyətində deyil. Onun sözlərinə görə, Rusiyanın xarici siyasətinin əsasında duran prinsiplər hər hansı formada zorakı tədbirlərlə əlaqəli olan «saxlamaq» anlayışını istisna edir. Gürcüstan, Ukrayna və Moldova isə artıq MDB-dən çıxmaq perspektivini müzakirə etdiklərini bəyan ediblər.


XS
SM
MD
LG