Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

Qarın yağması meyvə qıtlığına səbəb olacaqmı?


Aprelin soyuq keçməsi azmış kimi bu həftə Azərbaycanın bəzi rayonlarına qar da yağdı

Aprelin soyuq keçməsi azmış kimi bu həftə Azərbaycanın bəzi rayonlarına qar da yağdı

Aprelin soyuq keçməsi azmış kimi bu həftə Azərbaycanın bəzi rayonlarına qar da yağdı. Bu da sözsüz ki, özüylə bir narahatlıq gətirdi: «Görəsən, ağaclar çiçəklədiyi bir vaxtda qarın yağması bu il meyvə-tərəvəz qıtlığına səbəb olacaqmı? Meyvə qıtlığı olacaqsa, demək qiymətlər də bahalanacaq».

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, bölgələrdən məlumatları gözləyirlər. Bütün məlumatlar toplandıqdan və dəyən ziyanın miqyası hesablandıqdan sonra dəqiq məlumat verə biləcəklər:

«Nəticə haqda yalnız bazar ertəsi məlumat verə biləcəyik».

Nazirliyin idarə rəisi Sabir Vəliyevsə apreldə qar yağmasının meyvəçiliyə ziyan vuracağını deyir:

«Qar çəyirdəkli meyvələrə, xüsusən gilas, şaftalı, gavalı, əriyin çiçəklənməsinə ziyan vurub. Amma bu o demək deyil ki, qıtlıq olacaq. Mayalanma normal getsə, həmin məhsulu almaq olar».

Amma idarə rəisi bir şeydən əmindir ki, ilin bu vaxtında belə yağıntı meyvəçiliyə ziyan vursa da, taxılçılığa böyük xeyri var:

«Bu mövsümdə yağıntı məhsuldarlığı bir az da artırır. Üzümçülüyə və pambıqçılığa isə ziyanı yoxdur. Sadəcə, bu cür hava şəraiti indiki dövrdə pambıq və kartof səpininin dayanmasına səbəb olub».

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru İbrahim Cəfərova görəsə, qar yağsa da, qıtlıqdan söhbət gedə bilməz:

«Çünki yağıntı dağlıq və dağətəyi rayonlara düşüb. Məsələn, Daşkəsən rayonunu götürək, bu rayon respublikanı nə qədər meyvə-tərəvəzlə təmin edir ki? Tovuz, Qazax, Şəmkir kimi rayonlarda isə qar az yağıb, bir-iki dəqiqə yağıb dayanıb. Bu da bəzi çiçəkləmiş ağaclarda mayalanmanı poza bilər, hamısında yox».

Abşeron regional hidrometerologiya mərkəzinin direktoru Fikrət Babayevsə təcrübəli mütəxəssis kimi söhbətə ondan başlayır ki, ilin bu fəslində qar yağması və gecələr temperaturun normadan 4-5 dərəcə aşağı olması aprel üçün qətiyyən xarakterik deyil. Belə hava şəraiti təxminən 30 il əvvəl müşahidə edilibmiş. 1977-78-ci illərin aprelində.

Mütəxəssisə görə, bu da kənd təsərrüfatına zərərsiz ötüşməyəcək:

«İndi kənd təsərrüfatının intensiv vaxtıdır, əkin-səpin zamanıdır, ağacların çiçəklədiyi dövrdür. Bu dövrdə temperaturun gecələr normadan aşağı düşməsi şaxta vurmaya gətirə bilər. Bu da nəticədə məhsuldarlığı aşağı sala bilər…»

Sinoptiklərsə deyirlər ki, istirahət günlərindən başlayaraq Bakıda, Abşeron yarımadasında hava düzələcək. Amma dağlıq və dağətəyi rayonlarda yağıntılar hələ davam edəcək. Gələn həftədənsə havanın hərarəti bütün respublikada normaya uyğunlaşacaq, 20-25 dərəcə olacaq.
XS
SM
MD
LG