Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

Bazarların qapısı kəndlinin üzünə bağlıdır…


Kəndliyə subsidiya verilməsə ucuz meyvə-tərəvəz almaq mümkün olmayacaq

Kəndliyə subsidiya verilməsə ucuz meyvə-tərəvəz almaq mümkün olmayacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirir ki, kəndlinin öz malını satmasına şərait yaradılsa, qiymətlər bir neçə dəfə ucuzlaşa bilər


- Mən təqaüdçü adamam, 150 min manat təqaüd alıram, kilosu 10 min manata meyvəni necə ala bilərəm? Yay başlayandan cəmi bir dəfə – yarım kilo gilas almışam.


- Ərik 6 min manatdan aşağı düşmür. Belə qiymətlər bizim aldığımız maaşa uyğun deyil axı…


- Mənim meyvə almağa imkanım çatır, amma bilirəm ki bir çoxlarının belə imkanı yoxdu…


- Keçən ilə nisbətən qiymətlər qalxıb...


...Bu, Bakı bazarlarının birinin qarşısında alıcıların bizə söylədikləridir.


«Turan» İnformasiya Agentliyinin «Bazar araşdırmaları» bülleteninin redaktoru Samir Neymanoğlu deyir ki, bahalığa əsas səbəb bu ilin əvvəlindən dizel yanacağının iki dəfə bahalaşmasıdır. Bu isə öz növbəsində kəndlərdən meyvələrin şəhərə daşınması xərclərini ikiqat artırır. Ümumilikdə, cənab Neymanoğlunun fikrincə, dövlət bütün diqqətini neft sektorunun inkişafına yönəltdiyi üçün kənd təsərrüfatı arxa plana keçib: «Kəndliyə subsidiya verilmir, yardım göstərilmir. Bunsuz isə ucuz meyvə-tərəvəz mümkün deyil».


Samir Neymanoğlunun sözlərinə görə, meyvə-tərəvəzin maya dəyəri baha başa gəldiyi üçün ölkədə emal sənayesini inkişaf etdirmək də çətindir. Ona görə də sahibkarlara meyvə şirələrini xaricdən alıb gətirmək daha sərfəlidir.


Qərb ölkələrində fermerlərə milyonlarda dollar həcmində subsidiya ayrılır. Bəs Azərbaycanda niyə bunu etmirlər? Subsidiya o deməkdir ki, əgər məsələn, pomidor iş adamına baha başa gəlirsə, dövlət həmin sahibkara deyir ki, «sən məhsulunu ucuz sat, bundan itirəcəyini sənə ödəyəcəyəm». Beləliklə, dövlət qiymətlərin qalxmasının, bunun nəticəsində də əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını alır. Onsuz da dövlət bunu etməsə, bahalıqdan əziyyət çəkməmələri üçün vətəndaşlarının maaşlarını qaldırmalı olacaq.


Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, həqiqətən də Azərbaycanda kəndliyə demək olar ki subsidiya verilmir. Yalnız toxumçuluq üçün subsidiya almaq imkanları var, əvəzində isə kəndli istehsal üçün vergidən azad edilib. Nazirliyin şöbə müdiri Sabir Vəliyev hesab edir ki, meyvə-tərəvəzin qiymətinin yüksək olması nə yanacağın bahalaşmasından, nə də kəndliyə subsidiya verilməməsindən irəli gəlir. Onun fikrincə, bunların təsiri cüzidir. Cənab Vəliyev deyir ki, qiymətləri qaldıran bazar sahibləridir. Onlar kəndlinin öz malını bazarda satmasına mane olurlar: «Bazar sahiblərinin xüsusi adamları var. Onlar kəndlini bazarın qapısında qarşılayır və məhsulunu ucuz qiymətə təhvil verməyə məcbur edir. Kəndli həmin məhsulu yenidən 200 kilometr xərc çəkib geri qaytarmayacaq ki... Məcbur olub satır. Həmin alverçilər də sonradan ucuz aldığı məhsulları baha qiymətə satırlar».


Sabir Vəliyev deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin belə hallara müdaxilə etmək səlahiyyəti yoxdur, yerli icra hakimiyyəti orqanları isə bazar sahiblərinə qarşı heç bir tədbir görmürlər. Halbuki cənab Vəliyevin fikrincə, kəndlinin öz malını satmasına şərait yaradılsa, qiymətlər hətta bir neçə dəfə ucuzlaşa bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG