Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Rusiyada yaşayan azərbaycanlıların problemləri


Sankt-Peterburq, Saray Meydanı, sentyabr 2004
Sankt-Peterburq, Saray Meydanı, sentyabr 2004

Rusiyaya gedən azərbaycanlıların çoxu bazarlara üz tutan əməkçi miqrantlardır və onlar hüquqları pozulduğu təqdirdə hara müraciət edəcəklərini bilmirlər


Moskvada nəşr olunan «Millətin səsi» qəzetinin müxbiri Tünzalə Bayramova 5 ildir Rusiyada yaşayan azərbaycanlılarla bağlı araşdırmalar aparır. Onun qənaətinə görə Rusiyaya gedən azərbaycanlıların çoxu bazarlara üz tutan əməkçi miqrantlardır və daha çox onlar hüquqlarının pozulmasıyla üz-üzə qalırlar. Tünzalə Bayramova deyir ki, çətin vəziyyətdə olan belə adamlar hara müraciət edəcəklərini bilmirlər, onlara kömək edən də tək-tək olur: «Rusiya bazarlarına işləməyə gələn azərbaycanlılar dil və qeydiyyat problemi ilə üzləşirlər. Onların hüquqi problemləri yarananda hara müraciət edəcəklərini bilmirlər. Diaspora mərkəzləri də belələrinə çox az, demək olar ki, heç yardım etmir».


Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu bildirir ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqları son vaxtlar daha çox pozulur. İnstitutun direktoru Rövşən Mustafayevin sözlərinə görə, qafqazlılara qarşı törədilən qanunsuz hərəkətlərin hədəfi çox vaxt azərbaycanlılar olur. Onun fikrincə, bunun bir səbəbi də azərbaycanlıların öz hüquqlarını bilməməsiylə bağlıdır: «Son vaxtlar Rusiya məkanında qafqazofobiya, ksenafobiya artmaqdadır. Bir çox hadisələr birbaşa azərbaycanlıların qətliylə bağlıdır. Nədənsə bu məsələlərə böyük diqqət ayırmamışıq. Çalışmışıq ki, bu məsələlərə başqa kontekstdən baxaq. Azərbaycanlıların hüquqları harada yaşamalarından asılı olmayaraq bizim diqqətimizdə olmalıdır, o cümlədən də Rusiyada».


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nazim Qaraxanovsa deyir ki, hazırda Rusiyada yaşayan azərbaycanlıların problemlərinin vahid mərkəzdən həll olunması üçün diasporun bu sahədəki işini gücləndirmək lazımdır. «Rusiyadakı azərbaycanlılar ildən-ilə «cavanlaşır». Təzə gedənlər çoxdur və onlar öz hüquqları ilə həvəssiz məşğul olurlar. Düzdür ayrı-ayrı cəmiyyətlərin hüquq yardımı göstərən şöbələri var. Ancaq azdır. Çalışırıq ki, regional təşkilatların nəzdində hüquq yardımı göstərən qruplar formalaşsın, vəkil kimi fəaliyyət göstərən azərbaycanlılar bu işi genişləndirsinlər». Nazim Qaraxanovun fikrincə, problemin həll edilməsi üçün azərbaycanlıların hüquqlarının pozulmasıyla bağlı baza məlumatların bir mərkəzdə toplanması, hüquqi yardıma ehtiyacı olanların vəkillə təmin edilməsi nəzərdə tutulur.


Rusiya Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzi digər ölkələrdə yaşayan ruslarla sıx əlaqə saxladığı kimi Rusiyada yaşayan qeyri-ruslarla da işləyir. Mərkəzin MDB və Baltik ölkələriylə əlaqələr idarəsinin rəisi Tatyana Poloskova bildirir ki, diaspor işi hər iki ölkənin əlaqələrinin sıxlaşmasında əsas amillərdəndir.


Rəsmi statistikaya görə Rusiyada 1 milyondan artıq, qeyri-rəsmi rəqəmlərə görə isə, 2 milyondan çox azərbaycanlı yaşayır. Onların çoxu əməkçi miqrantlar hesab olunur.
XS
SM
MD
LG