Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:46

Moskvada ali təhsilli qastarbayterlər (1-ci hissə)


İradə Hüseynova
Moskvada yaşamaq… Əgər mənə kimsə bunu 10 il əvvəl desəydi, mən bu cür zarafata sadəcə təbəssümlə cavab verərdim. Ona görə yox ki, Moskvanı sevmirəm. Sadəcə, nə Moskvanın mənə ehtiyacı vardı, nə mənim ona, baxmayaraq ki, orada olan yaxınlarım və dostlarım məni dəfələrlə bu şəhərə dəvət etmişdilər. Mən Bakıda xoşbəxt idim, 20 il idi ki, çox sevdiyim bir peşədə çalışırdım və bu peşəni heç nəyə dəyişməzdim.

Lakin talenin hökmü başqa cür imiş. Bizim müstəqil mətbu orqanımız («Bakinski Bulvar») bir hədəfə çevrildi. Biz rəsmilərlə vuruşurduq. Sonra qəzeti bağladılar və oradakı mülkiyyət müsadirə edildi. Rəsmilər bizim onlar haqqında yazdıqlarımızı sevmirdilər. Onlar bizi qarayaxmada ittiham edirdilər və həmişə qalib gəlirdilər. Çünki, Azərbaycanda jurnalistlər məmurlara qarşı məhkəmələri heç vaxt udmurlar.

Nəhayət, Bakı şəhər meriyasının rəhbəri məni, redaktoru və qəzetin təsisçisinin həbs olunmasını istədi. Mənə yaxın olanlar xəbərdarlıq etdilər ki, bu dəfə məsələ çox ciddidir və mən şərti cəza ilə qurtulmayacağam. Təsisçi (Elmar Hüseynov) mənə ölkəni tərk etməyi məsləhət gördü. Təhlükə doğrudan da mövcud idi. Məhkəmə şəhər meriyası rəhbərinin xeyrinə qərar çıxardı. Elmar Hüseynov elə məhkəmə zalından həbsxanaya aparıldı və iki aydan sonra beynəlxalq təşkilatların təkidi ilə azad edildi. O, həftəlik qəzeti yenidən dərc etməyə başladı və yarım ildən sonra da qətlə yetirildi. Nə qatillər, nə də qətlin sifarişçiləri hələ də tapılmayıb.

Beləliklə də mən Moskvaya gəlib çıxdım. Əlimdə kiçik çanta, 50 dollar və tezliklə geri qayıtmaq ümidi ilə. Bu ümid hər gəlib keçən ayla bərabər daha da azalırdı. Bir gün anladım ki, geriyə yol yoxdu və yaxın gələcək üçün də bu yol görsənmir. Mən bu şəhərdə yerləşməli idim.

Yadlımdadır, nə vaxtsa bir pop-musiqiçi şöhrət arzusu ilə Odessadan Moskvaya gəlməyi barədə danışırdı. O deyirdi ki, Moskvaya demək olar ki, heçnəsiz gəlmişdi. Mən və mənə bənzər digər insanlar kimi. Həmin müğənni deyirdi ki, ona ilk günlərdə «odekolonlar» kömək etdilər. Moskvada Odessadan olan insanlar özlərini belə adlandırırdılar. O, həmin insanlarla birlikdə yaşayırdı, kimsə ona pul verirdi, kimsə də məsləhət.

Mən də eyni təcrübəni yaşadım. Moskvada olan dostumun ikiotaqlı mənzili vardı və o, mənə həmin mənzildə sığınacaq verdi. Onunla müqavilə ilə Bakıda işləyəndə tanış olmuşduq və dostlaşmışdıq. Məndən əvvəl Moskvaya köçmüş dostlarım da mənə yardımçı oldular. Hər şeydən öncə onlar mənə mənəvi dəstək verirdilər. Mən köhnə təcrübəmdən bilirdim ki, yeni şəraitə uyğunlaşmaq necə çətindir. Mən ümidsizliyə qapılanda, dostlarım yanımda olurdu...

Mənim kimi eyni aqibəti yaşayanlardan biri də Zarina idi. Zarina Düşənbədə doğulmuş və orada təhsil almışdı. Sonra rus əsgərinə ərə getmiş və ərini hara təyin etmişdilərsə, onunla ora getmişdi. Onlar Moskvaya gəlmiş və Moskvaətrafı yataqxanalardan birinə yerləşmişdilər.

Bizim «komandamız» ona bacardığı qədər təsəlli verirdi. Yadımdadır, bir müddət o çox çətin vəziyyətə düşmüşdü. Onun həyat yoldaşı xəstəxanaya düşmüş, qızı da hamilə idi. Onların isə heç pulu yox idi. Biz ona yardım etməyi qərara aldıq. Lakin birdən-birə pulu ona verməyimizin onu incidəcəyini düşündük, onun üçün pul daxılı aldıq və pulu onun içinə qoyduq. Biz hədiyyəni Zarinaya verəndə dedik ki, əlacsız qalanda bu pul daxılını sındıra bilərsən. Onun gözləri yaşarmışdı. O sonradan ərzaq mağazalardan birinə menecer vəzifəsinə düzəldi. Zarina çox məsuliyyətlə işləyirdi, lakin məvacibi çox az idi və yalnız yeməyə çatırdı. Onun ərinin qazandığı pul isə ev kirayəsinə xərclənirdi. Zarina bunun üçün şənbə günləri də çalışırdı, məvacibinin artırılmasını istədikdə isə, ona etiraz edirdilər. Şikayət edəndə ona deyirdilər ki, «istəmirsənsə, Düşənbəyə geri dön. Bəlkə orada maaş çox olar». İndi Zarinanın vəziyyəti pis deyil. Həyat yoldaşı əməliyyatdan sonra işinə geri dönüb, onların indi bir qız nəvələri var. Zarina qızını və nəvəsini Düşənbəyə yollayıb. Çünki orada yaşamaq daha ucuzdur.

Biz tez-tez Moskvada ilk vaxtlar üzləşdiyimiz çətinliklərdən danışırıq. Hamımız demək olar ki, eyni şeyləri görmüşük, yaşamışıq. Düzdür, biz dəmiryol stansiyasında gecələməmişik. Biz bir otaqda çoxlu insanın yaşadığı mənzillərdə yaşamamışıq. Açıq havada yağışın, qarın altında işləməmişik. Biz hər qəpik üçün ürək ağrısı keçirmirdik. Bizim vəziyyətimiz orta səviyyəli qastarbayterlərdən daha yaxşı idi. Amma biz ürəyimizdə yenə də qastarbayter idik. Bizim soyadımız slavyan soyadı deyildi, biz Rusiyada doğulmamışdıq və pasportumuz başqa rəngdə idi. Bütün bu fərqləri Moskvada mənzil axtaranda daha çox hiss edirdik. Çünki ev sahiblərinin çoxu qeyri-rus millətlərinə ev vermək istəmirdilər. Zarina öz dostundan mənim üçün ev tapmağı xahiş edəndə, mən istəmədən belə bir dialoqun şahidi oldum:

- Bilirsən, insanlar azərbaycanlılara ev vermək istəmirlər.

- Lakin mən tacik olduğum kimi o, da azərbaycanlıdır. Sən məni neçə illərdir tanıyırsan, tacik olduğum üçün mənə fərq qoymamısan. O da elə.

Zarina ilə söhbət edən qadın bir qədər susduqdan sonra dedi:

- Bir şans var. Mən ev sahibi ilə danışmağa çalışaram.

Sonrakı mərhələ isə iş tapmaq oldu.

Ardı

Yazı www.opendemocracy.net saytında dərc olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG