Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:49

İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur


Saleh Kamrani
«Prezident Barak Obama Türkiyədə olanda, ABŞ televiziyalarının birinə müsahibə vermişdim. Obama açıqlamalarının birində demişdi ki, İran hökuməti ya nüvə silahı, ya da xalqın gələcəyi haqqında düşünməlidir. Məndən bu fikirlərə münasibət öyrəndilər. Mən də dedim ki, İran hökuməti daha çox öz xalqının gələcəyi haqqında düşünməlidir… Həmin müsahibədən sonra İranda qalıb yaşayan qardaşımı məhkəməyə çəkdilər. Ona qarşı iki maddə irəli sürülüb. Qardaşımı indi 12 il həbs cəzası gözləyir…».

Bunu hazırda Türkiyədə siyasi qaçqın kimi yaşayan vəkil Saleh Kamrani deyir.

S.Kamraninin qardaşı 4 il əvvəl həbs edilib. O, sonradan həbsdən azad edilsə də, cinayət işi xətm edilməyib. İndi yenidən onu həmin ittihamlarla məhkəməyə çəkirlər.

Saleh Kamrani 1973-cü ildə İranın Əhər şəhərində doğulub. Şiraz Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildə İranda vəkillik fəaliyyətinə başlayıb. İranda həm siyasi, həm də vəkillik fəaliyyəti üzündən üç dəfə həbs edilib. Nəhayət, 3 ay əvvəl həyat yoldaşı ilə Türkiyəyə qaçıb.
S.Kamrani deyir ki, bir vəkil kimi İranda əsasən siyasi proseslərdə iştirak edən azərbaycanlıların hüquqlarını qoruyub. Elə İranda ikinci həbsi də sırf vəkillik fəaliyyəti ilə bağlı olub:

«2006-cı ilin mayı, Xudad hadisələri, karikatura böhranı vaxtı idi. Məni elə iş yerimdən çıxarkən oğurladılar. Bir həftə qohumlarım bilmədi ki, mən haradayam. Nəhayət, 87 gün mənəvi və fiziki işgəncələrə məruz qaldıqdan sonra azadlığa çıxdım».

Ancaq bu azadlıq S.Kamraniyə heç də ucuz başa gəlməyib. Ona 5 il ərzində həm vəkillik, həm də siyasi fəaliyyət qadağan edilib. Bundan başqa, 1200 dollar da cərimə olunub:

«İrandakı vəziyyətə baxın: Mən türkcə çıxan «Şəms Təbrizi» qəzetini müdafiə etdiyimə görə həbs edilirəm. Sonra məni müdafiə edən vəkil də həbs olunur. İranda hakim üsul-idarənin təqib etdiyi şəxsi müdafiə edirsənsə, tezliklə özün də təqiblərə məruz qalırsan».

S.Kamrani deyir ki, cəmi 36 yaşı olsa da, ağzındakı dişlərin yalnız 14-ü təbiidir. Dişlərinin bir çoxunu elə İranın həbsxanalarında itirib. Üstəlik, başından zərbə aldığından, gözlərinin biri də zəifləməyə başlayıb.

Ancaq indi S.Kamranini daha çox narahat edən İranda qalan ailə üzvlərinin taleyidir. Həbsxanada olanda, hətta onun həyat yoldaşını da həbs edəcəkləri ilə hədələyirlərmiş. Yalnız aclıq aksiyası keçirməklə xanımına qarşı uydurma ittihamların qarşısını ala bilib.

İndi Türkiyədən ABŞ və ya Kanadaya getmək istəyən S.Kamrani Azərbaycana gəlmək haqqında düşünmür:

«Torpaqlarının 20 faizi işğal edilən Azərbaycana bizim bir yardımımız dəymədi. Barı, indi ona dərd-sər verməyək».

Şərhləri göstər

XS
SM
MD
LG