Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:15

«Nabucco» öldü, yaşasın «Nabucco»!


«Nabucco» layihəsinin rəhbərliyi bildirir ki, kəmərin 2014-cü ildə tam hazır olması planlaşdırılır

«Nabucco» layihəsinin rəhbərliyi bildirir ki, kəmərin 2014-cü ildə tam hazır olması planlaşdırılır

«Avropanın rus qazına ehtiyacı var, amma «Qazprom»un özünün də Avropa bazarı olmadan yaşaması çətindir». Bunu deyən enerji eksperti Cenifer Diley bildirir ki, Rusiyanın qaz nəhənginin gəlirlərinin 60 faizi Avropadan gəlir. Həmin gəlirlərin itirilməsi şirkətə böyük zərbə ola bilər.

Onun fikrincə, təəccüblü deyil ki, Rusiya Azərbaycan və Orta Asiya qazının Avropaya daşınmasını istəmir. Bu baxımdan Azərbaycanın öz qazını Rusiya satmaq niyyətini bildirməsi Moskva üçün göydəndüşmədir.

Bir çox xarici ekspertlər bu fikirdədirlər ki, Rusiya və Azərbaycan arasında qaz razılaşması – «Nabucco» layihəsini də zərbə altında qoya bilər. Əslində burda söhbət Azərbaycan qazından daha çox Orta Asiyanın alternativ qaz ixracı marşrutunun üstündən xətt çəkilməsindən gedir. Əgər Azərbaycan öz qazını Rusiyaya satırsa, onun bu kəməri tikmək marağı böyük olmayacaq.

Moskva istərdi ki, Azərbaycan qazının bir hissəsi də onun Cənub axını kəməriylə axsın. Əgər tikilsə, Rusiya həmin kəmərlə öz qazını Bolqarıstana, ordan isə iki qola ayrılaraq İtaliyaya və Serbiya vasitəsilə Macarıstan və Avstriyaya daşımağı planlaşdırır.

İtaliyada yerləşən «İkvilibri» enerji üzrə analitik qrupundan Federiko Bordonaro deyir ki, Rusiya «Nabucco»nun reallaşmaması üçün bütün qüvvələrini səfərbər edib:

«Yaddan çıxarmayaq ki, Rusiya bundan qabaq da Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasına mane olmağa çalışırdı. Çünki bu tip kəmərlər onun Qərbə təsir imkanlarını azaldır».

«Nabucco»nun baş tutumaması həm də Gürcüstanın enerji daşınmalarında tranzit ölkə olmaq imkanlarını azaldacaq. Cənubi Osetiya münaqişəsindən sonra Moskva hələ də Tbilisini cəzalandırmaq istəyir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra Tbilisi həm tranzit ölkə kimi qazanc əldə etmək, həm də Avropanın enerji təminatından vacib halqa olmaq üçün bu tip yeni layihələrin reallaşdırılmasını çox arzulayır.

«Röyters» agentliyi yazır ki, Türkiyənin Ermənistanla sərhədləri açmaq planları Avropanın enerji təhlükəsizliyinə mənfi təsir edə bilər. Azərbaycan xəbərdarlıq edib ki, sərhədlərin açılması Qarabağ probleminin həllindən asılı vəziyyətə salınmasa, bu gələcəkdə bölgədə gərginliyi artıra bilər. Rusiya kimi Türkiyə də Azərbaycanla qaz sazişi bağlamağa çalışır, amma «Röyters» yazır ki, Bakı ilə Ankaranın münasibətlərinin gərginləşməsi bu danışıqları zərbə altında qoya bilər.

Hərçənd indi Türkiyə rəhbərlərinin Azərbaycanın maraqlarını heç nəyə qurban verməyəcəkləri və tezliklə iki ölkə başçıları arasında görüş keçiriləcəyi haqda məlumatlar yayılır.

Amma Azərbaycandan olan iqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, «Nabucco»nun iflasa uğrayacağı haqda ehtimalları əsaslı saymır. O deyir ki, «Nabucco» gələcəyin layihəsidir, Azərbaycan isə yaxın illərdə öz qazının ixracı üçün sərfəli şərtlər axtarır. Bundan başqa Zöhrab İsmayıl düşünür ki, Azərbaycan hökuməti dünyanın güc dövlətlərinin qaz məsələsinə olan böyük marağını görüb bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır, xüsusən də demokratik islahatlar aparılmasına çağırışların önlənməsi üçün. Ekspert düşünür ki, Azərbaycanın qaz ehtiyatlarının böyük olması haqda deyilənlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

«90-cı illərin ortalarında Azərbaycan hökuməti ölkənin böyük neft ehtiyatları haqda danışırdı və o vaxt çoxlu neft sazişləri bağlandı, amma sonra «Azəri-Çıraq-Günəşli»dən başqa digər yataqlarla bağlı müqavilələr iflasa uğradı, həmin proqnozlar təsdiqini tapmadı. İndi həmin spekulyasiyalar qazın üstündə başlayıb».

«Nabucco» layihəsinin rəhbərliyi bildirir ki, qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanması və kəmərin 2014-cü ildə tam hazır olması planlaşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG