Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:26

Xaricdə mövsümi iş təklifləri...


Qeyri-leqal miqrantlar Volqoqrad tarlalarında işləyərkən, iyun 2004
Qeyri-leqal miqrantlar Volqoqrad tarlalarında işləyərkən, iyun 2004

Azərbaycan vətəndaşları hələ Sovet dövründən mövsümi işlərə gedirdilər. Müstəqillik dövründə bu mövsümün vaxtı uzanıb illər oldu. Rusiya Milli Bankının hələ 1996-cı ildəki hesablamalarına görə, təkcə Rusiyadakı azərbaycanlılar Azərbaycana ildə 5 milyard dollar pul köçürmüşdülər. Düzdü, sonralar bu məbləğ azaldı. Bununla belə, məsələn, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, dünya ölkələrinin müstəqillik dövründə Azərbaycana yardımları üst-üstə götürəndə, heç 1 milyard etmir.


«Azadlıq» radiosunun canlı efirdə təşkil etdiyi müzakirəyə qatılan Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktoru Əlövsət Əliyev deyir ki, Azərbaycan vətəndaşlarının xaricə mövsümi işlərə getməsi adət şəklini alıb: «Kənd rayonlarının əksəriyyətində «novruz plovu»nu yeyəndən sonra Azərbaycan vətəndaşları bir qayda olaraq Rusiya Federasiyasına mövsümi işlərə gedirlər».


«Bəs, Avropa ölkələrinə niyə gedə bilmirlər» sualının cavabında Əlövsət Əliyev bunun səbəbini müəyyən proseduraların olmasıyla izah edir: «Rusiyaya getmək üçün Azərbaycan vətəndaşlarından viza tələb olunmur. Sadəcə, xarici pasport alıb həmin pasportla Azərbaycan ərazisini tərk edirlər. Üstəlik, Azərbaycanda elə bir təşkilat yoxdur ki, Qərbi Avropa ölkələrini inandıra bilsin ki, sizə mövsümi işə gələn Azərbaycan vətəndaşı sonra yenidən Azərbaycana qayıdacaq. Ona görə də həmin ölkələrlə bu vaxtacan müqavilə yoxdur».


Söhbətdə iştirak edən Miqrasiya Resurs Mərkəzinin direktoru Azər Allahverənov dedi ki, elə firmalar var ki, həqiqətən də insanları Avropa ölkələrinə göndərməyə müvəffəq olurlar. Amma Azər Allahverənov onların da problemsiz ötüşmədiyini deyir: «Biz bu yaxınlarda bir şəxslə söhbət etdik. O, Almaniyada inşaat sahəsində çalışırdı. Deyir ki, biz qanuni şəkildə getdik, sənədlərimiz qaydasındaydı. Əmək müqaviləmiz isə yalnız 6 ay üçün nəzərdə tutulmuşdu. 6 ay başa çatandan sonra həmin insan taleyin ixtiyarına buraxılır. Artıq qeyri-qanuni miqrant statuslu şəxsə çevrilir. İşverən qruplar, xüsusən də Avropa ölkələrində bəzi şirkətlər Azərbaycandan olanların bu tipli statusundan öz maraqlarına uyğun şəkildə istifadə edirlər».


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev isə bildirir ki, başqa ölkələrdə işədüzəlmə mexanizmi Azərbaycanda qanunvericiliklə tənzimlənir. Bu, hökumətdən rəsmi icazə almış özəl qurumlar və ya dövlət xətti ilə mümkündür. Amma indiyədək bu yolla xaricə işləməyə gedənlərin sayı 300 nəfərdən çox deyil.


XS
SM
MD
LG