Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:26

«2008-ci ildə seçkilərin demokratik keçməsi üçün güclü siyasi iradə lazımdır»


Həmməruzəçilər təklif edirlər ki, iyun sessiyasında Azərbaycanın mandatına baxılmasın
Həmməruzəçilər təklif edirlər ki, iyun sessiyasında Azərbaycanın mandatına baxılmasın

«Baxmayaraq ki, son vaxtlar Azərbaycan hakimiyyəti seçki qanunvericiliyi və praktikasını dəyişmək üçün istək göstərir, 2008-ci il prezident seçkisinin Avropa Şurası standartlarına tam uyğun gəlməsi üçün güclü siyasi iradə lazımdır».


Avropa Şurası Parlament Assambleyası [AŞPA] Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin hazırladığı məruzədə belə deyilir. Sənəd qurumun iyunun 26-dan 30-dək keçiriləcək yay sessiyasının müzakirəsinə çıxarılacaq.


Məruzəyə görə, Azərbaycanda 13 may seçkisinin keçirilməsində irəliləyiş olsa da, 1480 nömrəli qətnamənin tələblərindən çoxu yerinə yetirilməyib. 1480 nömrəli qətnamə AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənəndən sonra qəbul edilmişdi. Mandat təsdiqlənsə də, Azərbaycan qarşısında beş əsas tələb qoyulmuşdu – seçki saxtakarlıqlarının araşdırılması, araşdırmaların nəticələrinin dərci və günahkarların ədalətli mühakiməsi, Seçki Məcəlləsinin Venesiya Komissiyasının tövsiyələrinə uyğun dəyişdirilməsi və nəhayət, sərbəst toplaşma azadlığı və media plüralizminin təmin olunması.


Bu tələblər yerinə yetirilməsə də, həmməruzəçilər bu dəfə təklif edirlər ki, iyun sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatına baxılmasın. Çünki Avropa Şurasıyla Azərbaycanın əməkdaşlığı demokratiyanın inkişafı üçün mühümdür və 2008-ci il seçkilərinə hazırlıq məqsədilə davam etməlidir.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə hesabatdakı fikirlərlə tam razı deyil. O hesab edir ki, əgər 1480 nömrəli qətnamənin tələbləri tam yerinə yetirilməsəydi, həmməruzəçilər mandat məsələsini yenidən qaldırardılar. 2008-ci il prezident seçkisi üçün güclü siyasi iradənin gərəkliliyi ilə bağlı deyilənlərə gəlincə, xanım Hacıyeva deyir ki, ölkə prezidenti belə bir siyasi iradəni hələ 2005-ci il parlament seçkilərində ortaya qoymuşdu. Barmaqların mürəkkəblə işarələnməsi, seçici siyahıları, QHT-lərin seçkiyə buraxılmasıyla bağlı Avropa Şurasının tələbləri tam yerinə yetirilmişdi. Gültəkin Hacıyevanın fikrincə, seçkinin tam demokratik keçməsi üçün siyasi iradəylə yanaşı siyasi mədəniyyət də formalaşmalıdır:


«Azərbaycanda demokratik seçki ənənəsi kövrək və gənc ənənədir. Bu ənənə inkişaf etdikcə, siyasi şüurun da inkişafından danışmaq olar. Əgər 2000-ci il parlament seçkiləriylə 2005-ci il seçkilərini müqayisə edəndə irəliləyiş görürüksə, inanıram ki, 2008-ci il seçkilərində də 2005-ci ildəki problemlər yaşanmayacaq».


AŞPA həmməruzəçilərinin hesabatında qeyd olunur ki, 2005-ci il noyabr seçkilərindən bəri media plüralizmi sahəsində gözəçarpan irəliləyiş yoxdur. Həmməruzəçilər xüsusilə son vaxtlar jurnalistlərə hücumların artmasından narahatdırlar. Onlar mayın 28-də «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə xəstəxanada baş çəkəndə, onun fiziki durumundan şoka düşüblər.


AŞPA Monitorinq Komitəsi Azərbaycandakı prosesləri izləyəcək və 2007-ci il yaz sessiyasına Azərbaycanın öhdəliklərini yerinə yetirməsinə dair geniş hesabat təqdim edəcək. Həmin sənəddə seçki islahatları da bir daha gündəmə gətiriləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG