Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

«Qobustan» qoruğunun qonşu problemi


Məlahət xanım «Qobustan» çökə bilər» proqnozunu «şişirdilmiş» sayır

Məlahət xanım «Qobustan» çökə bilər» proqnozunu «şişirdilmiş» sayır

Aprelin 18-i -Tarixi Abidələrin Qorunması Günündən bir gün öncə Qobustan qəsəbəsində olan «Azadlıq» radiosunun müxbirləri qəribə mənzərənin şahidi olublar: Qoruğun Kiçik daş deyilən hissəsində qum karxanası fəaliyyət göstərir! UNESCO-nun qoruduğu (2007) bir məkanda bu necə baş verə bilər? Ümumiyyətlə, tarixi abidələr belə «qorxulu düşmən»lə qonşuluq edə bilərlərmi? Suallarımızı bu sahənin mütəxəssislərinə ünvanladıq.

«Qobustan» qoruğunun direktoru Məlahət Fərəcova qum karxanasının Qobustanda olduğundan, təbii ki, xəbərdardır. Ancaq onun dediyinə görə, karxana qoruq ərazisində deyil.

Məlahət Fərəcova deyir ki, qoruğa daxil olan abidələr ciddi qorunur - hətta polis postları var:

«Kiçik daş çox böyük ərazidir, ancaq bizə aid deyil. İstəyirsiniz, mütəxəssislərdən soruşun. Hər hansı qoruğun abidələr zonası var, bufer zonası var. Kiçik daş heç bufer zonasına da daxil deyil».

Qoruğun direktoru da qum karxanasının qonşuluqda olmasından narazıdır:

«Düzdür, qum karxanasının orda olması landşaftı korlayır, ancaq ora qoruq ərazisi deyil».

Məlahət xanım «Qobustan» çökə bilər» proqnozunu «şişirdilmiş» sayır. O deyir ki, belə yazılar qoruğun gələcək fəaliyyətinə əngəl ola bilər:

«Tutaq ki, bunu UNESCO-da eşitdilər və «Qobustan»ı təhlükədə olan abidələr siyahısına saldılar, ya da qorunan ərazilər siyahısından tamam çıxardılar, onda necə olacaq?»

Tədqiqatçılarsa təhlükəni yazılarda yox, elə qumun daşınmasında görürlər. Qoruğun indi yaşayan ən tanınmış tədqiqatçısı Firuzə Muradova Qobustanda aprelin 18-də olub və gördüyündən şoka düşüb. Kiçik daşdakı «Qaraatlı» pirinə baş çəkən Firuzə xanım karxananı, maşınlarla daşınan və daşınmayan qumları görüb hay-küy qoparıb:

«Arxeoloq kimi (tədqiqatçılıq bir yana) qəti etirazımı bildirirəm. Vaxtilə biz yazırdıq ki, 10 min il əvvəl dəniz qalxıb şəkilləri basıb, abidələri yuyub aparıb. Qum daşınandan sonra torpağın səviyyəsi aşağı düşəcək, dənizin doğrudan da qayalara çatmasını sübut etmək çox çətin olacaq».

Firuzə xanım Kiçik daşın qoruq ərazisinə aid olub-olmadığına da aydınlıq gətirdi:
«Ən qədim düşərgəmiz, ən qədim qayaüstü abidələrimiz Kiçik daşdadır. Qayaaltı, Qayaarası, Firuz elə ordadır. Firuzda neolit dövrünə aid nadir qəbir abidəsi açılıb. O abidə bizim kimliyimizdən xəbər verir».

Tanınmış araşdırıcı bir nüansa da diqqət çəkdi:

«Qobustan rəsmlərinin yarandığı dövrü qumsuz tədqiq etmək çətin məsələdir. Dənizin hardan-hara gəlməsini biz qumla müəyyənləşdirirdik».

Firuzə Muradova bütün əlaqədar qurumları bu özbaşınalığı dayandırmağa səsləməyi də unutmadı:

«UNESCO-nun qoruduğu abidənin bir daşını yerindən qaldırmaq cinayətdir. Haray qaldırmaq lazımdır!»

Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun şöbə müdiri Adil Əliyev ötən il «Qobustan» qoruğu ilə bağlı komissiyanın tərkibində olub:

«Orda hər sahənin mütəxəssisi var idi. Mən də abidələrin qorunması, saxlanması və bərpasıyla bağlı təkliflərimi verdim. Hələ indiyəcən xəbər yoxdur».

Adil Əliyev də hesab edir ki, tarixi abidələrin yaxınlığında qum karxanasının olması, tikinti işlərinin aparılması qəbuledilməzdir.

Qobustan abidələri 1939-cu ildə görkəmli arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf olunub. Sonrakı dövrlərdə (1947) abidələrin araşdırılmasında Cəfərqulu RüstəmovFiruzə Muradovanın böyük əməyi olub. Qoruğun indiki direktoru Məlahət Fərəcova da Qobustanın tədqiqatçılarındandır.

Şərhləri göstər

XS
SM
MD
LG