Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Bəs mənim 4 trilyon dollarım hara getdi?


Böhrandan ən çox Şərqi Avropa ölkələri əziyyət çəkir

Böhrandan ən çox Şərqi Avropa ölkələri əziyyət çəkir

İqtisadi böhran başlayandan dünyadakı banklar və maliyyə təşkilatları 4 trilyon dollardan çox pul itiriblər. Bu, Beynəlxalq Valyuta Fondunun hesablamasıdır. Fond son hesabatında yazır ki, həmin 4 trilyon dollar itkinin 60 faizi Amerikanın payına düşür. Bununla yanaşı Beynəlxalq Valyuta Fondunun dediyinə görə, artıq dünya iqtisadiyyatında sabitliyin yaranmasının ilkin işartıları müşahidə olunmaqdadır.

Amma fondda hesab edirlər ki, böhranla mübarizə üçün hökumətlər qətiyyətli və effektiv addımlar atmaqda davam etməlidir, yoxsa vəziyyət yenidən pisləşə bilər. Bunun üçün vəziyyəti pis olan banklar dövlətdən yardım almaq üçün müraciət etməli, vəziyyəti ağır olanlar isə dövlətin nəzarətinə keçməli, restrukturizasiya aparılmalı və özünü tənzimləmək qabiliyyətinə malik olandan sonra həmin banklar yenidən özəl mülkiyyətə çevrilməlidir.

Getdikcə daha çox şirkətlər və fərdlər götürdükləri kreditləri qaytara bilmədikləri üçün bankların mənfəətlə işləmələri üçün əngəl yaradır. Beynəlxalq Valyuta Fondunda hesab edirlər ki, belə böhran şəraitində işləmək üçün banklara iki ssenari üzrə yardım edilə bilər.

Bunlardan birinə görə, 2010-cu ilin sonuna qədər Amerika və Avropadakı banklara ümumilikdə 875 milyard dollar yardım edilir. Bunun 275 milyardı Amerika banklarına, 375 milyardı avrozona banklarına, 125 milyardı Böyük Britaniya banklarına, 100 milyardı isə Avropa Birliyindən kənardakı inkişaf etmiş iqtisadiyyatlara ayrılır.

Hesabata görə, böhrandan ən çox Şərqi Avropa ölkələri əziyyət çəkir. Şərqi Avropadakı bankların Qərbi Avropadakı banklardan asılılığı bu təhlükəni artırır. Çünki böhrana görə Qərbi Avropa bankları şərqdəki maliyyə qurumlarına kredit verməyi azalda bilər. Şərqi Avropadakı maliyyə itkiləri Qərbi Avropa banklarının maliyyə vəziyyətini pisləşdirə bilər. Amma Beynəlxalq Valyuta Fondu deyir ki, xoşbəxtlikdən regionda müsbət meyllər müşahidə olunur, Qərbi Avropadakı banklar şərqdəki həmkarlarına kredit verməkdə davam edirlər.

Hesabatda deyilir ki, bir neçə həftə qabaq Londonda dünyanın 20 aparıcı ölkəsinin liderləri Beynəlxalq Valyuta Fondunun ehtiyatlarının 3 dəfə artırılması haqda qərar qəbul ediblər və fondda düşünürlər ki, bu da böhrana qarşı mübarizəni gücləndirəcək.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, maliyyə bazarlarında pozitiv məqamlar müşahidə olunmağa başlasa da, böhrandan asanlıqla çıxmaq mümkün olmayacaq, bu, uzun və tədrici bir proses olacaq.

Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycanın adı çəkilmir. Azərbaycan hökuməti böhranla əlaqədar olaraq xaricdəki valyutasının ölkəyə gətirilməsi haqda qərar verib.

Vüqar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, onlar böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin azaldılması üçün konsepsiya hazırlayıblar. Və onların hesablamalarına görə, qlobal böhran və neftin ucuzlaşması Azərbaycanın ümumi daxili məhsulunun 3,8 milyard manat azalmasına gətirib çıxarıb:

«2008-ci ildə Azərbaycan hökuməti ümumi daxili məhsulda təxminən 20 faizlik artım proqnozlaşdırırdı. Amma reallıqda ÜDM yalnız 10,8 faiz artıb».

İqtisadi və Sosial İnkişaf Mərkəzinin proqnozuna görə, Azərbaycanda 2009-cu ildəki iqtisadi artım son 5 ildə ilk dəfə olaraq 9 faizdən aşağı olacaq. Vüqar Bayramov deyir ki, Statistika Komitəsi Azərbaycanda 6 min iş yerinin bağlanması haqda xəbər yaysa da, reallıqda bu rəqəm daha böyükdür. Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri də azalıb, çünki indi Azərbaycanda mənfəətlə işləyən şirkətlərin sayı azalıb.

Beynəlxalq Valyuta Fondunun hesabatı haqda yazan «Nyu-York Tayms» qeyd edir ki, beynəlxalq maliyyə qurumlarının xilasedici roluna şübhə ilə yanaşanlar da var. Bəzi ekspertlər düşünürlər ki, Beynəlxalq Valyuta Fondunun ehtiyatlarının heç də hamısı nağd pul şəklində deyil, bunların bir hissəsi böyük dövlətlərin verdiyi vədlərdi ki, gərək hələ reallaşsın.

Artıq fond Macarıstan, Serbiya, İslandiya, Ukrayna, Belarus və Latviyaya ümumilikdə 55 milyard dollar kredit verməyə razılaşıb. Amma bu rəqəm arta da bilər.

Bundan başqa, Kolumbiya 10 milyard istəyir. Beynəlxalq Valyuta Fondu Meksikaya 50 milyard dollara yaxın kredit ayrılması haqqında da qərarı təsdiqləyib. Polşa da 20 milyard istəmək niyyətindədir.

Kredit almaq üçün müraciətlərin artdığı bir vaxtda Kornel Universitetinin professoru Esvar Prasad deyir ki, Beynəlxalq Valyuta Fondu pul paylamağın bir qədər ipini çəkməlidir. Çünki fondun pulları sadəcə tükənə bilər. Bir qrup ekspert isə düşünür ki, Çin və Hindistan kimi ölkələr Beynəlxalq Valyuta Fonduna dəstəyi artırmalıdırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG