Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:12

«Xalq Cəbhəsi»: «Ünvanlı sosial yardım hələ verilməyəcək»


«Yeni Azərbaycan» qəzetindəki «Ermənistan beynəlxalq məhkəmə qarşısında dayana bilər» başlıqlı məqalədə bildirilir ki, «RV Investment Group» şirkəti işğal altında olan qızıl yataqlarında kəşfiyyat işlərinin aparılmasına dair faktlara malikdir. Şirkətin prezidenti Rza Vəzirinin sözlərinə görə, bu faktlar peyk vasitəsilə aparılan çəkilişlər zamanı əldə olunub. Hazırda bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün işlər aparılır, əldə olunmuş materiallar əsasında hazırlanmış sənədlər vəkillərə təqdim olunub. Vəkillər həmin ərazilərdə kəşfiyyat işlərinin dayandırılması üçün sözügedən sənədləri beynəlxalq məhkəmə vasitəsilə Ermənistanın Xarici İşlər Nazirliyinə, həmin ölkənin ABŞ, Kanada və Böyük Britaniyadakı səfirliklərinə, həmçinin, kəşfiyyat işlərini həyata keçirən xaricə şirkətə ünvanlayıblar.


«Xalq Cəbhəsi» qəzetindəki «Ünvanlı sosial yardım hələ verilməyəcək» başlıqlı məqalədə Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini, millət vəkili Musa Quliyev bunun səbəbini qanunun icrasıyla bağlı yerlərdə neqativ halların ortaya çıxması ilə izah edir. «Sözügedən qanun beynəlxalq standartlara uyğun olaraq hazırlanıb» deyən millət vəkilinin sözlərinə görə, bəzi məqamları Azərbaycan vətəndaşına aşılamaqda problem yaranır. Cənab Quliyevin fikrincə, bu qanunun problemsiz icrası üçün ən azı bir il vaxt lazımdır.



«Gün Səhər» qəzetinin əməkdaşı «Məktəblilərin yay istirahətinin təşkili kimin vəzifəsidir?» sualına cavab tapmağa çalışıb. Təhsil Nazirliyindən müəllifin sualını belə cavablandırıblar ki, məktəblilər üçün istirahət düşərgələrinin təşkilinə bu qurum baxmır. Bu, ayrı-ayrı rayonlarda icra hakimiyyəti orqanları, bələdiyyələrin köməyi ilə təşkil olunur. Yəni məktəblilərin yay tətilinin təşkili yerli qurumların, bir də xeyriyyə təşkilatlarının ümidinə qalıb. Hökumət isə bu məsələdə heç bir köməklik göstərə bilmir. Amma Təhsil Nazirliyi bu problemi gələcəkdə həll etməyi planlaşdırır. Artıq nazirlik tərəfindən bu yöndə layihələr hazırlanıb. Bu yaxınlarda ölkə prezidenti xüsusi istedada malik uşaqlarla bağlı sərəncam imzalayıb. Nazirlikdə güman edirlər ki, həmin sərəncam bu istiqamətdə xeyli işlərin görülməsinə şərait yaradacaq.


XS
SM
MD
LG