Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Ruslan Bəşirli həbsxanada «Quran» oxuyur, namaz qılır


Ruslan Bəşirlinin məhkəmə prosesi. Bakı, 2006
Ruslan Bəşirlinin məhkəmə prosesi. Bakı, 2006
Dörd ildir ki, yol gözləyir Vüsalə. Qarşıda daha üç il də var. Həbsxana qapısının açılıb, nişanlısına qovuşacağı, ağ gəlinlik geyib, ata evindən köçəcəyi günə. Adı Vüsalədir, amma bəxtinə hələ ki vüsal yox, həsrət düşüb. Düz yeddi il nişanlı yolunu gözləmək. Lap dastanlarda olduğu kimi - Şahsənəm Aşıq Qəribin yolunu gözlədiyi kimi.

Bəlkə də çox oğlanlar onun bu sədaqətinə görə nişanlısı Ruslana qibtə edər. Haqqında danışdığım Ruslan Bəşirlinin nişanlısı Vüsalə Əliməmmədovadır. «Yeni Fikir» Gənclər Hərəkatının sədri, üç il əvvəlsə Ermənistanın kəşfiyyat orqanlarıyla əməkdaşlıqda, hakimiyyəti zorla ələ keçirmək və saxlamaqda ittiham olunan Ruslan Bəşirli. Beş gün sonra ad günüdür, aprelin 27-də 31 yaşı tamam olacaq. Həbsə düşəndəsə 27 yaşı vardı…

Amma ad gününü həmin tarixdə yox, ötən bazar günü, aprelin 19-da qeyd eləyiblər. Ata-anası, nişanlısı, bəzi dostlarla birgə…

Nişanlısı Vüsalə çox suallarımı cavabsız buraxır, əslindəsə bir çox sualları söhbətə verdiyi pauzalarla cavablandırır. Yalnız onu deyir ki, ayda bir dəfə nişanlısının ailəsinə qoşulub, həbsxanaya gedir. İmkan düşəndə telefonla da danışırlar. Vüsalədən soruşuram ki, daha üç il gözləmək çətin gəlmir? Gülür:

«Yox. Çoxu gedib, azı qalıb…»

Sarı simi tərpətmək istəyirəm:
- Nişanlınız ən gözəl illərini həbsdə keçirir, sizsə həsrət içində.
- Bu haqda danışmayaq, nə olar.
- Məktub yazırmı sizə?
- Görüşürük. Məktuba ehtiyac qalmır…
- Yad baxışların altında, ata-ananın yanında görüşmək yəqin çətindir. İmkan tapıb tək qala, kəlmə kəsə bilirsinizmi?
- Olur, arada.
- Ruslan sizə gələcək planlarından danışırmı? Həbsdən çıxandan sonra siyasətlə məşğul olacaqmı? Və ya tutduğu yola görə bəlkə peşmandır?
- Bu sualdan da keçək…
- Həbsə təzə düşəndə ürəyinin ağrıdığı və müalicə aldığı deyilirdi. İndi necədir ürəyi?
- Yenə də ağrıyır.
- Yenə müalicə alır?
- Bəlkə bu sualı atasına verəsiniz?.. Dərman lazım olanda valideynləri aparır.
- Bəs siz özünüz nə aparırsınız? Tutalım, sevimli xörəyini şirniyyat bişirib aparırsınızmı?
- …
- Bu gün ən böyük arzunuz nədir?
- Nə bilim… Bu sualdan da keçək… Hər şey qismət…
- Bəlkə əfvi gözləyirsiniz? Onun ad günündə azadlıqda olmasını istəyirsiniz?
- …
Bu Vüsalənin dediyi və demədikləri.

«Arzum budur ki, anasının yuxusu çin çıxsın»

Ruslanın atası Cəlil Bəşirov da əvvəlcə söhbətə meylli görünmür. Amma az sonra ürəyindən keçən təəssüfü dilinə gətirir: «Bu il də ad gününü həbsdə keçirməli olacaq. Ömrünün ən gözəl illərini həbsdə keçirdiyi kimi». Cəlil müəllim «ən gözəl illəri» sözünü təəssüflə, iki dəfə vurğulayır. Amma ümidsiz də deyil. Gümanı mayadır. Mayda əfv fərmanı veriləcəyini və əfv olunanlar arasında oğlunun da adının olacağını düşünür.

- Əsl toy-bayram da, şadyanalıq da onda olacaq. Hələliksə həbsxanada görüşürük, ayda bir dəfə. Düzü, görüşmək problemimiz yoxdur.
- Necədir?
- Ağrıları olur. Həm ürəyi, həm başı ağrıyır. Böyrəyi də əvvəldən xəstəydi. Dustaq həyatı bu mənada onun üçün ağırdır… İndi həbsdə ən çox «Quran»ı oxuyur, namaz qılır. Bədii əsərlər də oxuyur. Cek Londonu daha çox oxuyur. Çingiz Ayıtmatovun əsərlərini istəyib. Bir az zahirən də dəyişib. Bir az kişiləşib, ağırlaşıb, çəkisi artıb. Yaxşıdı indi. Amma anası həmişə fikir çəkir. Anadır də. Həmişə yuxuda görür, gah toyunu, gah xəstələndiyini. Özü də əksər yuxuları düz çıxar ha… Deyir ki, yuxuda gördüm, birtəhəriydi, ertəsi gün xəbər alırıq ki, ürəyi ağrıyırmış…
- Bəs həbsxanada müalicə ala bilirmi?
- İmkan daxilində kömək göstərirlər, dərman verirlər, biz özümüz də dərman alırıq. Ümumi münasibət pis deyil.
- Bəs Ruslanın gələcəyə planı nədir?
- Onu özü bilər. İndilik birinci planı odur ki, azadlığa çıxsın.
- Oğlunuzun əfvi üçün siz özünüz prezidentə müraciət etməyi düşünürsünüzmü?
- Üç ay əvvəl müraciət eləmişəm, hələ nəticə yoxdur. Yəqin onun da növbəsi çatar. Ötən ilin dekabrında əfv üçün Ruslanın özündən də ərizə almışdılar. Axı əfv üçün ərizə yazmalısan. Ondan bəri də əfv olmayıb… AŞPA Azərbaycandakı siyasi məhbuslarla bağlı məruzəçi təyin elədi, bilmirəm xeyri olacaq-olmayacaq. Beynəlxalq təşkilatlara nəsə ümidim qalmayıb. Amma hər halda, ümidsiz yaşamaq da olmaz…

(Yeri gəlmişkən, söhbət boyu Cəlil müəllim arada təəssüfünü, ümidsizliyini gizlətməsə də, öz-özünə ürək-dirək də verirdi, zarafat da eləməyə çalışırdı, necə deyərlər, özünü tox tuturdu. Amma bəzən də fikri yayınır, cümlələr qırılır, sözün birini qoyub o birinə keçirdi...)

- Dörd il sonra oğlunuzun müxalif düşərgəyə yaxın olmasına görə peşmansınızmı?
- Bu onun taleyidir. Heç kim taleyindən qaça bilməz… Nəsə oldu də…
- Özü nə deyir bu haqda? Həbsə düşəndə daha gənciydi. Aradan illər keçir, dünya görüşü, hadisələrə baxışı dəyişibmi? Siyasətə qayıdacaqmı?
- Vallah doğrusu, ona bu haqda sual verməmişəm. Özü bilər. Arxı hoppanmamış hop deməyək… Hər halda, tale necə gətiribsə, insan da onun dalınca sürünür. 27 yaşı vardı həbsə düşəndə, uşaq da deyildi. Formalaşmış insanıydı… Həbsxana qeyri-adi yerdir. İstənilən adam ora düşəndə dəyişir, başqa adam olur… İlk vaxtlar gedəndə Ruslanın səhhətində problemlər olurdu, işgəncə vermişdilər deyə ürəyi ağrıyırdı. Allaha şükür, indi bütün bunlar geridə qalıb… İndi Ruslanın istədiyi odur ki, toyunu eləsin. Evi yoxdur, ev alsın. İndiki problemi budur. Ruslanın nişanlısı da çox gözəl insandır. Azərbaycanda belə qızlar çoxdur. Müharibə vaxtı bizim kəndimizdə bir gəlin əri ölsə də, iki uşaqla ömrünün axırına kimi onun yolunu gözlədi. Vüsalə də belə gözəl Azərbaycan qızlarındandır. Ruslanın bu barədə bəxti gətirib.
- Ruslanın həbsindən sonra qonum-qonşunun sizə münasibəti dəyişdimi?
- Belə şey iki-üç gün çəkə bilər. Televiziyalar bir verilişi ard-arda göstərdilər deyə camaat da hər şeyi başa düşdü. Anladılar ki, göstərilənlər montaj olunub. İndi bizə hörmət bir az da artıb. Cəlil müəllimin heç kimlə işi yoxdur axı… Amma özüm 19 il məktəb direktoruydum, işdən çıxartdılar. Düzü, indi daha sərbəstəm. Bir də bu yaşdan sonra bircə arzum var, anasının tez-tez gördüyü yuxusu çin çıxsın və mən də nəvəmi görüm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG