Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

Həmsədrlər niyə tez-tez gəlirlər?


Həmsədrlərin regiona səfərlərinin intensivləşməsi Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyindən xəbər verirmi?
Həmsədrlərin regiona səfərlərinin intensivləşməsi Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyindən xəbər verirmi?
ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 23-də Azərbaycana gəlməlidirlər. Bu, artıq onların bu ilin əvvəlindən regiona dördüncü səfərləridir. Həmsədrlərin cəmi üç ay ərzində ayrı-ayrı səfərlərini də nəzərə alsaq, onda belə gəlişlərin 10-a çatdığı məlum olacaq.

Həmsədrlərin regiona səfərlərinin intensivləşməsi Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyindən xəbər verirmi?

Yeri gəlmişkən, amerikalı həmsədr Metyu Brayza ötən həftə Azərbaycanda olarkən münaqişənin həlli ilə bağlı çox nikbin fikirlər dilə gətirmişdi. Ancaq konfliktoloq Arif Yunus Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə optimist yanaşmır. Çünki Azərbaycan və Ermənistanın mövqeləri arasında hələ də böyük fərqlər görür. A.Yunusun fikrincə, həmsədrlərin regiona səfərləri heç də təkcə Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil.

Bəs müzakirələr həm də nələrdən gedir?

Arif Yunus: «Ortada böyük geosiyasi oyunlar gedir. Rusiya bir tərəfdən, Türkiyə bir tərəfdən, Qərb də başqa tərəfdən fəallıq göstərir. Ancaq bu, o demək deyil ki, ortada dəqiq həll variantı var. Mən bu məsələdə pessimistəm. Sadəcə fəallıq ona görə artıb ki, təkcə Qarabağdan bəhs edilmir. Orda qaz məsələsi də, sərhəd məsələsi də, başqa məsələlər də var».

A.Yunus deyir ki, həmsədrləri yenə də daha çox özlərinin regional maraqları düşündürür. O, bu baxımdan həmsədrlərin regiona gəlişi ilə Ermənistan prezidentinin Rusiyaya səfər etməsinin eyni vaxta düşməsini də təsadüf saymır. Ötən həftə isə Azərbaycan prezidenti Rusiyada səfərdə olmuşdu. A.Yunus deyir ki, həmsədr ölkələr bir-birilərinin ayrılıqda fəallaşmasından ehtiyatlanıb təşəbbüsü əldən vermək istəmirlər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, həm Qərb, həm də Türkiyə bu münaqişənin tezliklə həllini istəyir. Ancaq onun fikrincə, Qərb bu zaman Ermənistanı incik salmamaq, Azərbaycanı da əldən verməmək haqqında düşünür. İ.Qəmbərin fikrincə, Rusiya isə tez-tez şəxsi təşəbbüslərlə çıxış etsə də, Qarabağ münaqişəsinin həllində o qədər də maraqlı deyil. Çünki bu, regionun əlindən çıxması olardı:

- Rusiya Qərbi tamamilə bu məsələlərdən kənarlaşdırsa, münaqişənin həlli onun istədiyinə uyğun olsa və sülhdən sonra regionda qalmaq imkanlarını saxlasa, nələrəsə razılıq verə bilər. İndiki halda isə bu real deyil.

Prezident Administrasiyasında Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov isə bu günlər müsahibələrinin birində demişdi ki, həmsədrlərin təşəbbüslərinin artmasına baxmayaraq, Ermənistanın güzəştlərə getməməsi üzündən münaqişənin həlli prosesi baş tutmur. Onun fikrincə, Ermənistan nəinki iddia etdiyi Qarabağı, hətta Qarabağətrafı 7 rayonu da hər vəchlə boşaltmaqdan boyun qaçırır:

- Buna ABŞ da, Rusiya da, Fransa da münasibətini bildirməlidir. Ermənistan kimlərinsə himayəsi ilə iddia etmədiyi rayonları boşaltmaqdan yayınır. Nəticədə də mərhələli həlldə bu ərazilərin boşaldılması məsələsinin baş tutmasına imkan vermir.

Müstəqil politoloqlar isə düşünürlər ki, hakimiyyət Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllini istəyirsə, regionda gedən prosesləri dəqiq nəzərə almalı və bundan yararlanmaq imkanları qazanmalıdır.
XS
SM
MD
LG