Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26

Tələbə korrupsiyadan yazdığına görə universitetdən qovulduğunu deyir


Pərviz Əzimov

Pərviz Əzimov

Lənkəran Dövlət Universitetinin sonuncu kurs tələbəsi Pərviz Əzimov təhsilini başa vurmasına ay yarım qalmış ali təhsil müəssisəsindən xaric edilib. Universitet rəhbərliyi tələbənin daxili nizam-intizam qaydalarını pozduğuna görə qovulduğunu bildirir. P.Əzimov isə universitetdəki rüşvət və korrupsiya hallarından yazdığına və bir az da fəal tələbə olduğuna görə qovulduğunu iddia edir.

P.Əzimovun sözlərinə görə, təhsil aldığı müddətdə bir qəpik də olsun rüşvət verib qiymət almayıb. Bu səbəbdən də deyir ki, Lənkəran Dövlət Universitetində onu bar verməyən «söyüd ağacı» adlandırırmışlar.

P.Əzimov deyir ki, əvvəl onu daxili nizam-intizam qaydalarını pozmaqda günahlandıran universitet rəhbərliyi indi də bəzi qəzetlərə verdiyi müsahibəsində onu narkotika satan bir tələbə kimi təqdim edir.

Rövşən Nəcəfov
P.Əzimovun universitetə bərpa olunması tələbiylə onun hüquqlarını müdafiə edən «Dalğa» Gənclər Hərəkatı prezidentə, Baş prokurora, ombudsmana və Təhsil Nazirliyinə müraciət edib.

«Dalğa» Gənclər Hərəkatında Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rövşən Nəcəfov deyir ki, hələlik müraciət etdikləri ünvanlardan cavab gözləyirlər.

Təhsil Nazirliyi universitet rektoruna rəsmi məktubla müraciət edib. Amma rektorun bu məktuba cavabı mənfi olub. Təhsil Nazirliyində İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, rektorun nazirliyə verdiyi cavabda P.Əzimovun yenidən universitetə bərpa olunmasının mümkün olmadığı bidirilib. Bu baxımdan da İ.Pirməmmədov deyir ki, əlac qalıb məhkəməyə.

Şərhləri göstər

XS
SM
MD
LG