Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

«Surroqat ana»lıq olmaq qadağan edilmir, amma qanuniləşdirilmir də


Məlahət Həsənova
«Surroqat ana»lıq və ya donorluq qadağan edilmir, amma qanuniləşdirilmir də. Parlamentin sosial siyasət komitəsinin üzvü Məlahət Həsənova belə deyir. Deputat «Azadlıq» radiosuna deyir ki, bir neçə ay əvvəl mübahisələrə səbəb olmuş və yenidən işlənmək üçün geri qaytarılmış «Reproduktiv sağlamlıq və ailə planlaması haqqında» qanun layihəsi gələn ayın əvvəllində parlamentdə müzakirəyə çıxarılacaq.

- Həmin qanunda deputatların əsas çoxluğunun haqlı etirazına səbəb olan maddələr vardı, mən özüm də həmin adamların fikriylə razıydım. Söhbət «surroqat ana» və donorluq məsələsindən gedirdi. Bu məsələlər nə Azərbaycan mentalitetinə uyğun gəlir, nə də elmi əsasları bu günə kimi birmənalı qarşılanır, buna görə də həmin maddələr qanundan çıxarıldı. Qanun layihəsi yenidən hazırlandı, hələ bir az da təkmilləşdirildi. Hətta biz reproduktiv sağlamlıq və ailə planlaması ilə bağlı bəzi ölkələrin müsbət təcrübəsindən də yararlandıq. Bu yöndə iş hələ də davam edir. Hesab edirəm kit, qanun layihəsi birinci oxunuşda qəbul olunacaq.

- Məlahət xanım, dediz ki, qanuna bəzi yeniliklər edilib, bəzi ölkələrin müsbət təcrübəsindən yararlanmısız. Söhbət hansı yeniliklərdən gedir?

- Yəni, reproduktiv sağlamlıq və ailə planlaması dövlət qayğısı ilə əhatə olunmalıdır, bu sahədəki səhiyyə xidməti demək olar ki, tam dövlət tərəfindən təmin edilməlidir.

- Yəqin siz də razılaşarsız ki, azərbaycanlı ailələrdə uşaq az qala prioritetdir. Ona görə bəzi səbəblərdən valideyn ola bilməyən qadın və ya kişilər müəyyən fədakarlığa da hazırdılar. Bəs qanunda surroqat analığa və ya donorluğa icazə verilməməsi bu cür ailələrin arzusunu gözündə qoymur ki?

- Allah hər bir ailəyə övlad bəxş etsin. Bu, bizim diləyimizdir. Amma elə məsələlər var ki, qanunla tənzimlənə bilmir axı. İndiyə kimi bu qanun yox idi, bununla belə, bəzi ailələr tibb elminin yeni metodlarıyla övlad qazanırdılar. Bu haqda qanun yoxdur, bu proses getmirmi? Bu gün uşaq problemi olan bəzi ailələr xarici ölkələrə gedib, həmin yollarla öz problemlərini yoluna qoya bilirlər. Və bu yolla oğul-uşaq sahibi, valideyn olmaq hüququna malik olurlar. Amma həmin tibbi metodlar bizim cəmiyyətdə heç də birmənalı qarşılanmır. Üstəlik, islamın da buna münasibəti fərqlidir. Həm də qanun layihəsindəki həmin maddələr deputatların narazılığına səbəb oldu. Qanun layihəsinin özüylə bağlı problem yaranmadı. Ancaq məhz bu müddəalara ciddi etiraz vardı. Əgər cəmiyyət bunu birmənalı qarşılamırsa, dinimiz imkan vermirsə, deputatların əksəriyyəti lehinə deyilsə, biz neyləyə bilərik?

- Belə çıxır ki, yeni qanun surroqat ananın və ya bioloji ata-ananın hüququnu qorumayacaq?

- Yenə də kimsə səhiyyənin bu nailiyyətindən yararlanmaq, uşaq sahibi olmaq istəyirsə, buna qanunda qadağa da qoyulmur. Hər kəsin şəxsi işi, ailə məsələsidir. Buna qadağa qoyulmur. Amma bizim ölkədə bunun normaya çevrilməsinə cəmiyyət də, din də qarşı çıxır. Ona görə də biz fərqli münasibət göstərə bilmərik.

- Dəqiqləşdirmək istərdim, xaricdə yox, tutalım Azərbaycanda kimsə surroqat ana olmaq istəsə və ya hər hansı həkim bu proseduru yerinə yetirsə, qanunla cəzalandırılmayacaq ki?

- Mən yenə deyirəm, hər kəs bu məsələdə müstəqildir. Qanunda buna qadağa qoyulmur…

- Azərbaycanda həm türk, həm də azərbaycanlı həkimlər süni mayalanma metodundan və bəzən də bu zaman ailənin razılığı ilə donorlardan istifadə edirlər…

- Mən sizin dediklərinizdən xəbərsizəm. Əlimdə arqument yoxdursa, nə deyə bilərəm? Mən «deyirlər» sözüylə işləmirəm. Və yenə də deyirəm ki, bu, hər kəsin fərdi işidir, Allah ona xeyir versin, övladına cansağlığı versin! Amma cəmiyyət, din buna qarşıdırsa, biz neyləyə bilərik?

Şərhləri göstər

XS
SM
MD
LG