Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14

«Azərbaycanda heç də hamı peyvəndin əhəmiyyətini başa düşmür»


Avropa İmmunlaşdırma Həftəsinin məqsədi uşaqlara peyvənd edilməsinin əhəmiyyətini təbliğ etməkdir

Avropa İmmunlaşdırma Həftəsinin məqsədi uşaqlara peyvənd edilməsinin əhəmiyyətini təbliğ etməkdir

Bu həftə Azərbaycanda keçirilən Avropa İmmunlaşdırma Həftəsinin məqsədi uşaqlara peyvənd edilməsinin əhəmiyyətini təbliğ etməkdir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Afaq Əliyeva deyir ki, ölkədə immunlaşdırma proqramının həyata keçirilməsi və uşaqlara peyvənd edilməsində hələ də problemlər qalır. Belə ki, bu sahədə planlaşdırmada, hesabatların hazırlanmasında müəyyən çatışmazlıqlar var. Digər tərəfdən, əhali kifayət qədər məlumatlı deyil. Hətta peyvəndlərdən imtina halları da qeydə alınıb. Bəzi rayonlarda tibb işçilərinin peşəkarlığı aşağı səviyyədədir. Qeydiyyat sənədlərinin tam düzgün olmaması, vaksin tələbatının dəqiq hesablanmaması halları da olub:

- Bəzi ucqar tibb məntəqələrində işçilərin hazırlıq səviyyəsini qaldırmaq lazımdır. Hətta Bakı şəhərində bəzən yeni tikililər olan ərazidə qeydiyyatsız uşaqlar olur. Tibb müəssisələri onları qeydiyyata vaxtlı-vaxtında götürmür. Digər tərəfdən, evdə doğulan uşaqların qeydiyyatı gecikir. Bəzi valideynlər kirayənişin olaraq yerlərini dəyişəndə heç bir tibb müəssisəsində qeydiyyata alınmırlar.

A.Əliyevanın sözlərinə görə, xarici miqrasiya da uşaqların qeydiyyata alınmaması və peyvəndə cəlb olunmamasının səbəblərindən biridir.

Ölkənin baş pediatrı, professor Nəsib Quliyevin fikrincə, Azərbaycanda heç də hamı peyvəndin uşaqlar üçün əhəmiyyətini başa düşmür. Bu sahədə mövcud olan ən böyük problemlərdən biri də insanların məlumatlı olmamasıdır. Lakin N.Quliyev deyir ki, ölkədə peyvəndlə bağlı uşaq ölümü halları çox cüzidir:

- Uşaq ölümünün birbaşa peyvəndlə bağlı olduğunu heç kəs sübut etməyib, etmək də olmaz. Yəni bu göstəricilər çox cüzi şəkildədir. Ümumiyyətlə Azərbaycanda ayrı-ayrı xəstəliklər üzrə peyvənd və əhatə faizi 95, 97, bəzənsə 98 faiz həddindədir. Yəni cüzi uşaqlar bu prosesdən kənarda qalıblar.

Baş pediatr deyir ki, Avropa İmmunlaşdırma Həftəsi ərzində peyvənddən kənarda qalmış uşaqlar bu işə cəlb olunacaqlar.

Fikrini soruşduğum valideynlər isə peyvəndlərin aparılmasından razı qaldıqlarını deyirlər:

- Vaxtlı-vaxtında çağırırlar, uşaqların peyvəndini edirlər.

- Bu məsələdə valideyn müəyyən qədər məsuliyyət daşımalıdır.

- Sovet vaxtındakı kimi gəlib qapıları döyüb, uşaqları çağırmırlar, özümüz maraqlanırıq.
XS
SM
MD
LG