Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

«Azərbaycanda antisemitizm meylləri hiss olunurmu?»


Qubada yəhudilərin yaşadığı Qırmızı qəsəbə, 11 aprel 2006
Azərbaycan həmişə dini baxımdan tolerant ölkə kimi tanınıb. Amma son vaxtlar bəzi KİV-lərdə, İslama aid İnternet forumlarında digər din təmsilçilərinə qarşı çağırışlar yer alır. Özü də belə saytlarda antisemitizm meylləri özünü daha çox büruzə verir.

Bəzi resurslarda İsrail hökumətinə qarşı aksiya və piketlərdən tutmuş yəhudi brendinə məxsus malların alınmasının boykotuna qədər çağırışlar yer alıb. Əksər səhifələrdə İsrail hakimiyyəti ilə yanaşı, yəhudi xalq da pislənilir. Bloqlardan birində Fələstində qətlə yetirilən qadın və uşaqların şəkli yerləşdirilib və qeyd olunub ki, İsrail markalı məhsulları işlədən hər kəsin bu qətllərdə əli var. Bir sıra forumlarda isə israrla vurğulanır ki, yəhudilərin müsəlmanlara düşmən olması elə Qurani-Kərimin özündə göstərilib.

Bu cür İnternet savaşı ilə yanaşı etirazını küçəyə çıxıb bildirənlər də olur. Bu ilin əvvəlində Nardaranda, Azərbaycanın bəzi rayonlarında aksiyalar keçirilib, orada Qəzzada həyata keçirilən əməliyyatlar pislənilib, İsrail hökumətinə qarşı kəskin şüarlar səsləndirilib. Özlərini müsəlman adlandırıb bu cür çağırışlara imza atanları dözümlü adlandırmaq olarmı? «İslam və demokratiya»nın qonağı, dini yazar Elşad Miri ilə söhbətimiz bu haqda olub.

Elşad Miri hesab edir ki, bəzi saytlarda yəhudilərə qarşı mənfi fikir formalaşması Qəzza hadisələri ilə əlaqəli ola bilər:

«Türkiyə baş nazirinin Davosdakı çıxışı da bu fikirlərin möhkəmlənməsinə təsir etməmiş deyil. Amma bu o demək deyil ki, müsəlmanlar arasında antisemitizm müşahidə olunur. İslamda günahsız, dinc insanı öldürmək bəşəriyyətə qarşı yönəlmiş əməl sayılır. Həmçinin, terrorun hər növü, hər cür zorakılıq pislənilir. İsamda həmçinin kiminsə dininə qarşı hörmətsizlik etmək də pislənilir».

Elşad Miri bəzi müsəlmanların yəhudilərə qarşı düşmənçilik yayan çağırışlar etməsini İslama əlaqələndirmir. Onun fikrincə, bu hadisələrə insanların fərdi münasibətləri prizmasından yanaşmaq lazımdır:

«Müasir dövrdə bir çox məsələlər iqtisadi amillərlə ölçülür. Ona görə də bəzi müsəlmanların yəhudi brendlərini boykot kampaniyasını mədəni etiraz kimi qarşılamaq olar».

Proqramda məsələ ilə bağlı bəzi ekspertlərin rəyləri də səsləndirilib. Tarixçi alim Altay Göyüşov deyib ki, azərbaycanlı müsəlmanların yəhudilərə münasibəti həmişə tarix boyunca nümunəvi olub. Amma son dövrlərdə bəzi qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycan üçün qeyri-adi olan münasibət, dözümsüzlük də formalaşıb. Amma bu meyllər o qədər də güclü deyil.

Dağ Yəhudiləri icmasının sədr müavini Sergey Şalmeyev isə özlərinə qarşı mənfi münasibət hiss etmədiyini söyləyib: «Əvvəlki kimi «can» deyib, «can» eşidirik».

İsrailin Azərbaycandakı səfiri Artur Lenk Azərbaycanda yaşadığı 3 il yarım ərzində burada tolerantlığa, yəhudi icmasına qarşı mənfi rəyi olmadığını müşahidə edib.
XS
SM
MD
LG