Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

Qəbələ - «patrisi» və «plebey»lər rayonu


Bura dağlar qoynunda qərar tutan Qəbələ şəhərinin girişidir…
Bura dağlar qoynunda qərar tutan Qəbələ şəhərinin girişidir…
Qəbələ rayonunda insanlar böyük imtiyazlara yiyələnən varlılara və ehtiyac içində yaşayan kasıblara bölünürlər. Lap Qədim Romadakı kimi... Ancaq seçib-seçilmək hüququnu özündə qoruyan varlı «patrisi»lər və seçki hüquqlarından məhrum sadə «plebey»lərin yaşadığı Romada insanlar arasında fərqi qanunlar tənzimləyirdi. Qəbələ rayonunda, XXI əsrdə isə bunu ŞƏXSi münasibətlər müəyyən edir…

Gecəsi min manata «Kral» odaları…

«-Lüks otaqlarımız var, kral otaqları. 1000 manatdan 850 manata qədər…
-Bir gecədən söhbət gedir də?
-Bəli bir gecədən. Lüks şəraiti var. 5 ulduzlu oteldir. Bölgədə analoqu yoxdur…
-Yeməyə nə verirsiniz?
-Səhər yeməyi İsveç stoludur. Günorta və axşam «Naxçıvan» restoranımız var. Orada Azərbaycan, Türkiyə və xarici yeməklər verilir…»

Bu Qəbələdəki 5 ulduzlu «Qafqaz» otelinin satış marketinqi üzrə baş meneceri Süleymanla qısa söhbətimizdəndir. Qiymətlərinə görə, 5 ulduzlu «Qafqaz» oteli ilə nəinki bölgədəki, heç regiondakı otellər də rəqabətə girə bilməzlər. Bu otelin özünə də kənardan 2 göz lazımdır ki, tamaşa eləsin. Ancaq «Qafqaz» otelində nisbətən ucuz otaqlar da tapmaq olar.

Təzadlar: Beton və taxta körpü…

Qəbələ rayonunda 10-dan çox otel var. Onlardan «Qafqaz» və daha bir neçə otelin «Gilan holdinq»ə məxsusluğu bildirilir.
Beşulduzlu «Qafqaz» otelində bir gecəsi min manata olan «Kral» otaqları var. Görəsən bu oteldə kimlər gecələyir?…
Üstəlik rayonda istirahət kompleksləri də inşa edilib.

Dağlarla sıx əhatə olunan Qəbələ şəhərinin şimalında ucalan «Qafqaz» otelinin yaxınlığındakı zirvələrdən birinə isə körpü çəkilir. Otelin yanından zirvəyə doğru ucalan bu yeni körpünün o biri başında hələ ki, sadəcə yaşıllığa bürünmüş qayalıqdır. Hələ ki, orada heç bir istirahət kompleksi inşa edilməyib.

Bu körpü Qəbələdəki təzadlardan sadəcə birinin təzahürüdür. Nə vaxtsa tikiləcək istirahət guşəsinə indidən çəkilən yol, yaxın kəndlərin əhalisi üçün bir növ göz dağıdır. Rayonun Abırıq, Tikanlı, Uldaş, Yemişanlı, Kötüklü və Sulquca-Dandığ inzibati ərazilərinin əhalisi hər gün taxta körpüdən keçməli olur.

Həmin taxta körpünü də yağışlar başlayanda sel uçurub-dağıdır və bu kəndlərdə yaşayan 18 mindən çox insanın rayon mərkəzinə gediş-gəlişi xeyli çətinləşir. Rayon mərkəzindən ailəsi ilə birgə Tikanlı kəndinə qayıdan 30 -35 yaşlı gənc bir sürücü avtomobilini ərazidən keçən çaya çatanda saxlayıb:

«Çox əziyyət çəkirik. Bəzən gündə bir neçə dəfə bu körpüdən keçəsi oluruq. Maşının altı dağılıb. Bir xəstəmiz olanda, bir xeyir-şər düşəndə istədiyimiz kimi hərəkət edə bilmirik…»

Qar əriyib, yağışlar yağanda həmin kəndlərin sakinləri aşağı yolla hərəkət edirlər. Bu isə yolu bir neçə dəfə uzadır. Kəndlilər rayon mərkəzi ilə onları ayıran çaya öz hesablarına bir neçə dirək də basdırıblar. Həmin dirəklərin bərk dayanması üçün, onlara maşın təkərləri də keçirilib.
Beşulduzlu «Qafqaz» otelinin yaxınlığında inşa edilən bu yeni körpü yaşıllıqla örtülmüş qayalığa ucalır. Həmin yaşıllıqla bürünmüş qayalıqda hələ istirahət guşəsi inşa edilməyib. Körpü isə artıq hazırdır…
Ancaq bu iş də yarımçıq qalıb:

«Hələ ki, gözləyirik. Deyilənə görə bu körpünün çəkilişi plandadır. Gözləyirik…»

Qəbələ rayonunda həmin bu «yeddi para» kəndin körpüsü unudulsa da, turizmin inkişafına böyük sərmayələr qoyulub. Yaxasını ulduzlar bəzəyən otellər, hər bulaq başında inşa edilən düşərgələr bir yana, artıq Qəbələdə turizmin tədrisinə də önəm verilir. Rayon mərkəzində Turizm və Otelçilik Üzrə Peşə Tədrisi Mərkəzi açılmaqdadır. Bu mərkəzdə, turizmin xidmət növlərinə aid ən müxtəlif ixtisaslar yer alacaq. Ancaq söhbət sadəcə xırda peşə ixtisaslarından gedir. Burada otel menecerləri yetişdirilmir. Qəbələ rayonunda danışırlar ki, yeni yaradılan infrastrukturlarda rəhbər işlər əsasən gəlmə və vəzifəli şəxslərlə qohum insanlara tapşırılır…

«Gilan holdinq»in monopoliyası yoxsa bazarın tələbi?..

Azərbaycanda Quba alma, Qəbələ fındıq bağları ilə tanınır. Ancaq deyəsən bu il Qəbələ rayonunda fındıq bağları əhalinin gözündən düşüb. İki il əvvəl «Gilan holdinq»ə məxsus Qəbələ Fındıq Zavodu əhalidən fındığın bir kiloqramını 3 manata alıb. İndi isə zavod 60-80 qəpikdən artıq vermir. Artıq bir çox kəndlərdə əhali fındıq bağlarını satışa çıxarıb. Bunu bizə rayonda fındıqçılığın ən çox inkişaf etdiyi Nic kəndində də dedilər:

«Niyə demirsən, var, çoxdur satan, dolana bilmirlər, sərf eləmir satırlar. 80 qəpiyə artıq sərf eləmir…»

Nic kəndində deyirdilər ki, fındığın bir kiloqramını 3 manata satanda, şəxsi bağları ilə dolana bilirdilər. İndi isə fındıq bağlarını satmaqla gələcəklərini qurmaq istəyirlər:

«Fındıq bağlarının bir hektarını təxminən 1500-2000 dollara satırıq. Heç kim bağın satmaz. Ancaq ehtiyac məcbur edir».

Bu, başı bəlalı taxta körpüdür. Qəbələdə 18 mindən çox insan tez-tez yağışın yuyub apardığı bu taxta körpünün ümidinə qalıb…
Nic kəndinin mərkəzində qələbəlik vardı. Bunu topa-topa yığışıb söhbət edən kəndlilər, əkin-biçin işlərindən əllərinin soyuması ilə izah edirdilər. Mikrofon görən kimi başımıza yığılan bu insanlardan bir yaşlısı isə yerli hakimiyyətdən şikayətlənməyə başladı:

«Günü-gündən İlham Əliyev kasıbların sayını azaltmağa çalışır. Ancaq bizim yerli rəhbərlər kasıb insanların sayını bir qədər də artırır. Bundan İlham Əliyevin xəbəri yoxdur».

«Gilan holdinq» isə əkinə yararlı yeni-yeni torpaqlar alıb, fındıq bağları, taxıl sahələri salır. Bu da Qəbələ rayonunda rastlaşdığımız daha bir təzad idi.

Bu təzadların izinə düşüb rayonun başqa kəndlərinə də getmək istəyirdik. Ancaq növbəti kəndə - Muxluqovağa gedərkən Nicin sahə müvəkkili və icra nümayəndəsi yol polisinin köməyi ilə qarşımızı kəsib, buna imkan vermədi. Onlar deyirdilər ki, yalnız icra hakimiyyətinin razılığından sonra kəndlərə getmək olar. Onda Müxluqovağa gedə bilməsək də, rayonun başqa kəndlərindən az məlumatlar öyrənmədik. Hər halda bizi rayondan çıxana kimi müşayiət edən polislərin nəzarəti altına düşənə qədər nələri gördüksə, sizinlə bölüşürük.

Qəbələ rayonunda danışırdılar ki, «Gilan holdinq»ə məxsus zavodun bir neçə il əvvəl fındığı sərfəli qiymətə alması, əhalidə bu sahəyə böyük maraq yaratmışdı.
Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində menecerlik ixtisası yoxdur. Qəbələdəki otel və istirahət düşərgələrinə gəlmə insanlar rəhbərlik edir…
İmkanı olmayanlar da banklardan 24-30 faizə kredit götürüb, yeni-yeni fındıq bağları salmağa başlamışdılar. İndi isə bu kreditləri qaytarmaq müşkülə çevrilib:

«Banklar da bu vəziyyətdən istifadə edib, camaatın mal-qarasını yığır, qızıl-zinət əşyalarını götürür, evinin mebellərini alır».

Qəbələ Fındıq Zavodunun direktoru Məzahim Zeynalov isə fındığın alış qiymətinin düşməsini Türkiyədə bu məhsulun istehsalının artımı ilə izah edir. Məzahim Zeynalov deyir ki, dünyada fındığa olan tələbatın 75 faizini Türkiyə ödədiyindən, qiyməti də elə onlar müəyyən edir:

«Keçən il Türkiyədə fındıq həddən çox olub. Orada 800 min ton fındıq yığılıb. Ona görə də fındığın qiyməti düşüb. Fındıq azalan kimi qiyməti də qalxacaq».

Qəbələ Rayon İcra Hakimiyyətində də fındığın qiymətinin belə kəskin düşməsində faciə görmürlər. İcra başçısının birinci müavini Abil Ağasəfov telefon söhbətimizdə dedi ki, bunu dünya bazarındakı qiymətlər tənzimləyir.

Abil Ağasəfovun Muxluqovaq kəndinə buraxılmamağımdan da xəbəri var idi. Birinci müavinin «İnformasiya əldə etmək haqqında» qanundan xəbərdar olub-olmadığını isə bilmirəm. Hər halda O, bizi Muxluqovağa buraxmayan Nic kəndinin sahə müvəkkili ilə icra nümayəndəsinə haqq qazandırdı…

Rəqib «güclü» olanda…

Tək fındıq zavodu yox, elə «Gilan holdinq»ə məxsus Qəbələ Konserv Zavodu da meyvənin alış qiymətini aşağı salıb.
Qəbələdə artıq fındıq bağları əhalinin gözündən düşür. Çoxları fındıq bazarını satışa çıxarıb…
Ancaq Qəbələdə olanda bu zavodun rəhbərliyi bizi qəbul etmədiyindən bunun səbəbləri ilə bağlı onlarla birbaşa danışa bilmədik. Zavodun giriş qapısında dayanan keşikçi oğlan - «Rəhbərliyin də öz rəhbəri var» - deyib, sadəcə susdu. Ancaq sonradan Qəbələ Konserv Zavodu ilə telefonla əlaqə saxlayıb öyrəndik ki, onlar da meyvələrin alış qiymətinin aşağı düşməsini bazarın tələbləri ilə izah edirlər.

Qəbələ Konserv Zavodu Bakıda özünün «Jalə» şirələri ilə daha çox tanınır. «Jalə» şirələrinin «Damla-damla topladıq» sözləri yazılan reklam lövhələrinə istər Qəbələdən-Bakıya qədər bütün yol boyu, istərsə də Bakının özündə tez-tez rast gəlirik.

İqtisadçı Zöhrab İsmayılov «Jalə»nin yerli bazarı tamamilə ələ keçirməsini, xaricdə istehsal olunan şirələrin ölkəyə gətirilməsinə maneələrin yaradılması ilə izah edir:

«Keçən ildən Azərbaycana xaricdən idxal olunan şirələrə maneələr yaradıldı. Onların idxal rüsumları artırıldı. Söhbət rüşvətdən gedir. Onları gətirən firmalara belə bir şərt qoyuldu ki, məhsulun qiymətini iki qat artırsınlar. Eyni zamanda yerli şirə istehsalçılarına da maneələr yaradıldı».

Zöhrab İsmayıl deyir ki, bütün bu qanunsuzluqlar və haqsız rəqabət hesabına «Jalə» şirələri bazarda inhisara sahibdir.

Qəbələ ilə Qubanı dağlar ayırır. Ancaq Qəbələ Konserv Zavodunun bazardakı mövqeyi Quba Konserv Zavoduna da təsir edib.

Azərbaycanda şirə bazarını əsasən bu zavod öz məhsulları ilə təmin edir. Qəbələ Konserv Zavodunu bəzi müstəqil iqtisadçılar ölkənin şirə biznesində əsas inhisarçı hesab edirlər…
Hərçənd bu zavodda qeyri-azad rəqabətdən şikayətlənmirlər. Vaxtı ilə «Saf» adlı məhsulları ilə yerli şirə istehsalında üstünlüyünü qoruyan Quba Konserv Zavodunun İdarə Heyətinin sədri Cəfər Qəribov rəqabətə dözməməklərinin günahını özlərində görür:
«Biz 10-15 ildir bu sahədə çalışırıq. Ancaq işimizi düzgün təşkil edə bilməmişik».

Qərargahın yerində şadlıq sarayı…

Bölgədəki siyasi vəziyyət də elə, iqtisadi vəziyyətdən xəbər verir. Sadə insanlar deyirdilər ki, Qəbələdə biznes bir holdinqin əlində cəmləşdiyi kimi, rayonun siyasi mənzərəsində də bir qayda olaraq eyni simaları görmək olur.

Hələ 5 il əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası yerli təşkilatının Qəbələ şəhərindəki qərargahı yandırılıb. Həmin yerdə «şadlıq sarayı» tikilib.

Qəbələ rayonundan millət vəkili isə, artıq bir neçə dönəmdir Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov seçilir. Rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimovun Kəmaləddin Heydərovun ailəsi ilə yaxın qohum olduğu bildirilir.

Üstəlik müxalifət mətbuatı yazır ki, bu bölgədə böyük işlər görən «Gilan holdinq»ə də Kəmaləddin Heydərova yaxın insanlar başçılıq edir. Mətbuatda gedən bu məlumatlara nazirin özü hələ ki, heç bir aydınlıq gətirməyib. Qəbələ sakinləri isə Kəmaləddin Heydərovun
Əhali əkin biçindən üz çevirsə də, «Gilan holdinq» yeni-yeni əkin sahələri salır...
tez-tez bu rayona gəlişindən danışırlar. Ancaq elə sadə insanların dediklərinə görə, prezident İlham Əliyev də Qəbələyə az gəlmir.

Bir həyətdə iki qəsr və «Damcılı» bulaq

Qəbələ rayonu bütün dünyada Radiolokasiya Stansiyası ilə tanınır. Hələ 2 il əvvəl bu stansiya ABŞ və Rusiya prezidentləri arasında müzakirə mövzusuna da çevrilmişdi. Bizim söhbətimiz heç də bundan deyil. Qəbələdə çoxlarına bəlli olmayan «obyekt»lərə də rast gəlmək mümkündür. Rayonun Qəmərəvan deyilən ərazisində böyük bir sahə daş hasara alınıb. Orada iki, göz oxşayan villa inşa edilib. Üçmərtəbəli villaların hər biri, yay eyvanları vasitəsi ilə birmərtəbəli evə birləşir. Qəbələdə danışırlar ki, bəzən prezident İlham Əliyev də istirahətə bura gəlir.

Əgər hər hansı bir yolçu yaxınlıqdakı «Çömçəli» bulağa getmək istəsə, gərək bu qoşa villaların düz yanından keçə. Ancaq bundan ötrü də, ona sərhəd qoşunları postundan keçmək lazım gələcək. Yolçu bu postdan icazə alıb keçə bilsə, həm bu qoşa villaları görmək, həm də «Damcılı» bulağın buz kimi suyundan içmək imkanı qazanacaq…
XS
SM
MD
LG