Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:05

«Məhbusların sayını tam dəqiqləşdirə bilmirik»


İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının prezidenti Faxtə Zamani

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının prezidenti Faxtə Zamani

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının prezidenti Faxtə Zamani «Azadlıq» radiosuna müsahibə verib.

-Uzun illərdir ki, İranda Azərbaycanlılar öz haqları uğrunda vuruşurlar. Onlara həm ölkə daxilində, həm də xaricdə olan fəallar da yardım edir. Vəziyyəti dəyişirmi?

-Neçə illərdir ki, bizim bu məsələnin üstündə çalışmağımıza baxmayaraq İranda azərbaycanlıların vəziyyəti hələ də ağır olaraq qalır. Hələ də həbslər, məktəblərdə ana dili tədrisinin tələbi üçün təqiblər davam edir, işgəncələr var. 2006-cı ilin may ayına olan hərəkatdan bu yana azərbaycanlıların üzərində nəzarət və basqı var. bizim gənc tələbə fəallarımızdan həbsdə olanlar var. Hətta Əhər şəhərindən 17 yaşında gəncə 11 ay həbs veriblər. Qum şəhərindən olan ruhanilər hələ də həbsdədirlər. Mədəniyyət sahəsində məşğul olan fəallarımız da həbsə atıblar.

-Bu gün İranda həbsdə neçə azərbaycanlı məhbus var və onların neçəsi siyasi məhbusdur?

-Biz məhbusların sayını tam dəqiqləşdirə bilmirik. Çünki İran qapalı məmləkətdir. Həm özü məhbuslarla bağlı məlumatı gizli saxlayır, həm də siyasi məhbusların ailələrinə basqı var ki, onlar QHT-lərə, mərkəzlər tutulan ailə üzviləri haqqında məlumat verməsinlər.

Bizdə olan məlumata görə isə hazırda həbsdə onlarla azərbaycanlı var. Azərbaycanlı məhbuslar 15-16 yaşından başlayaraq yaşlılara qədər var. Məhbusların elələri var ki, onların həbsdə olduğu uzun müddət məlum olmur, sonradan məlum olur ki, bu şəxslər həbsdə imişlər.

-Siz İran azərbaycanlılarının vəziyyəti ilə bağlı bir sıra ölkələr və onların parlamentlərində, beynəlxalq konfranslarda çıxış edirsiniz. Bu nə dərəcədə o insanlara yardım etmiş olur?

-Hər dəfə beynəlxalq səviyyədə bu məlumatlar açıqlandıqca vəziyyətə təsir edir.

Məsələn Abbas Lisani, Səid Mətin və başqa fəallarımızın adları BMT, «Amnesty International» və ayrı təşkilatlarda hallanıb. Düzdür onlara yenə də işgəncə verilir, ailələri təqibə məruz qalıb. Amma yenə də bu cür çıxışlar onların vəziyyətinə az da olsa müsbət təsir edib. Biz çalışırıq ki, bunu daha ada artıraq ki, təsiri də güclənsin.

-Bəs Azərbaycan və Qərb mətbuatı İran Azərbaycanlılarının vəziyyətini nə dərəcə qənaətbəxş şəkildə işıqlandırır?

-Azərbaycan mətbuatı bu vəziyyəti çox yaxşı işıqlandırır. Biz bu haqda fəallarımızdan da eşidirik. Həm azərbaycanlılar İrandakı həmvətənləri haqqında məlumat alırlar, həm də bu İran azərbaycanlılarının vəziyyətinə təsiri olur. Düzü, nə qədər çox işıqlandırsalar da yenə azdır.

Amma beynəlmiləl səviyyədə bu vəziyyət o qədər də işıqlandırılmır. Bu bizim öz fəaliyyətimizi genişləndirməyimizdən asılıdır ki, ölkələrin və beynəlxalq medianın diqqətini buna cəlb edək.

Bizim təşkilatımız Kanada təşkilatıdır. Üzvilərimizin çoxu kanadalılardır. Deyim ki, beynəlxalq ictimaiyyətin bizim fəaliyyətimizə marağı günbəgün artır. 2006-cı il Təbriz və digər şəhərlərdə qiyam olanda azərbaycanlılara xeyli işgəncə verildi, həbsə atıldılar. Amma biz bunu dünyanın diqqətinə çatdıra bilmədik. Amma getdikcə daha geniş auditoriyanı əhatə edə bilirik. Burada da həm Azərbaycan, həm də İrandan olan həmvətənlərimizin rolu böyükdür. Mən bu yaxınlarda Kanada parlamentində İran Azərbaycanlılarının vəziyyəti ilə bağlı çıxış elədim. Bu da kiçik uğur deyil.

Şərhləri göstər

XS
SM
MD
LG