Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11

«Rusiya sülhü satın almaq istəsə, bunun mənfi təsiri ola bilər»


Sabina Freyzer

Sabina Freyzer

Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzerin «Azadlıq» radiosuna eksklüziv müsahibəsi.

- Türkiyə ilə Ermənistanın yaxınlaşmasını bir hadisə kimi nəzərdən keçirsək, yəni onun geosiyasi, hərbi və tarixi detallarını bir kənara qoysaq - bu, iki düşmən dövlətin bir-birinə əl uzatmasıdır. Bu, özü-özlüyündə yaxşı əlamətdir. Və elə bir vəziyyət yaranıb ki, bu yaxşı əlamətin əleyhinə olan yalnız bir tərəf var – Azərbaycan. Azərbaycanda sərhəd məsələsini birbaşa Qarabağ problemi ilə bağlayırlar. Sizin bu iki məsələ arasındakı bağlılığa münasibətiniz necədir?

- Mən hesab edirəm ki, bunlar ayrı-ayrı məsələlərdir. Lakin mən Azərbaycan tərəfini də başa düşürəm. Azərbaycanda belə bir inam var ki, Ermənistanı öz fikrindən döndərməyin yeganə yolu onu təcrid etmək, Azərbaycan və Türkiyə ilə sərhədlərini bağlı saxlamaqdır. Mən belə bir mövqe ilə razılaşmıram.

Zənnimcə, Ermənistanda ictimai fikrin dəyişməsi, onun kompromis addım atması və işğal etdiyi ərazilərdən çəkilməsi üçün Ermənistanda qarşı tərəfə inam yaratmaq lazımdır. Sərhədlərin açılması ilə ermənilər «türk mühasirəsi» xofu əvəzinə özlərini nisbətən rahat hiss edər, bu isə öz növbəsində, Ermənistan daxilində Azərbaycanla kompromisə getməyə hazır olan siyasi qüvvələrə dəstək olardı.

Lakin bu iki məsələ üzərində iş paralel getməlidir. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair prinsipial məsələlər üzrə razılığa gəlməli, ATƏT-in Minsk Qrupu çərçivəsində sənəd imzalamalıdırlar. Əks halda, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması çox çəkməyəcək.

- Rusiyanın «Kommersant» qəzeti yazır ki, Qarabağ ətrafında sülh razılaşması müqabilində Moskva Ermənistana maliyyə, Azərbaycana isə hərbi yardım vəd edib. Əlbəttə, bu, daha çox şayiəyə bənzəyir, amma digər tərəfdən, «Kommersant» kifayət qədər sanballı qəzet sayılır. Xəbər doğrudursa, onu necə şərh edərdiniz?

- Mən bu məqalə ilə tanış deyiləm, lakin Rusiya münaqişənin nizamlaması prosesində həlledici rol oynayan tərəfdir. Moskvanın həm Azərbaycana, həm də Ermənistana təsir imkanları var. Minsk Qrupunun həmsədrlərindən biri də bu ölkəni təmsil edir. Sülh prosesinin fəallaşması da bu ölkənin təşəbbüsü ilə baş verdi, Moskva memorandumu imzalandı.

Əlbəttə, əgər Rusiya saziş imzalamaq üçün tərəflərdən birinə və ya hər ikisinə pul, silah verib sülhü satın alırsa, bunun çox mənfi nəticələri ola bilər. Hesab edirəm ki, həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi fəallığı artırıb tərəflərin sülh sazişini imzalamasına nail olmalıdırlar.

- Beynəlxalq Böhran Qrupunun son hesabatında Azərbaycanın mövqeyi ilə bağlı siz Türkiyəni çağırırsınız ki, Ermənistanla yaxınlaşmasının üstünlüklərini Azərbaycana aydın izah etsin. Türkiyə nə dərəcədə buna nail olub?

- Türkiyə Bakını inandırmağa çalışır ki, sərhədlərin açılması Qafqazda vəziyyətin yaxşılaşmasına, xüsusilə də Qarabağ probleminin həllinə kömək edəcək. Hazırda rəsmi Ankara böyük səylər göstərir ki, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, iqtidara, siyasi partiyalara və ictimaiyyətə öz niyyətini aydınlaşdırsın – Ermənistanla münasibətlərin normallaşdırılması həm də Qarabağ probleminin həlli, işğal olunmuş Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxarılması perspektivlərini yaxşılaşdırır.

- Demək istəyirsiniz ki, Türkiyənin sərhədləri açmaq, Ermənistanla diplomatik əlaqələr yaratmaq niyyəti kifayət qədər ciddidir?

- Elədir. Regionda sabitlik yaratmaq cəhdlərində Türkiyə tam səmimidir, çünki bu, birbaşa onun maraqlarına cavab verir. Unutmaq lazım deyil ki, bu proses dünən başlamayıb. İki tərəf arasında aparılan məsləhətləşmələrin kifayət qədər uzun tarixi var - əgər hesabı İsveçrədə aparılan gizli danışıqlardan başlasaq.

Ötən ilin avqustunda Gürcüstanda baş verən müharibədən sonra Türkiyənin bu istiqamətdəki fəallığı daha da artdı. Bu müharibə həm də Ermənistana təsir göstərdi. Gürcüstandan keçən yolların bağlanması onun təcrid vəziyyətini daha da ağırlaşdırdı və Türkiyə ilə sərhədlərin açılmasına daha çox ehtiyac yarandı.

- Bəs Amerikadakı hakimiyyət dəyişikliyi necə? Obama administrasiyasının fəallığının hadisələrin dinamikasına təsiri oldumu?

- Prezident Obamanın Türkiyəyə səfəri aydın şəkildə göstərdi ki, o, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Ümumiyyətlə, regiondakı vəziyyətə təsir edən xarici amillərin nisbətində əhəmiyyətli dəyişmələr baş verib. Belə görünür ki, həm Amerikanın, həm Rusiyanın, həm də Avropanın maraqları üst-üstə düşür və hamısı bu iki ölkəni yaxınlaşmağa sövq edirlər. Bütün dünya dövlətlərinin maraqlarının Qafqazda üst-üstə düşməsi çox nadir haldır. Elə bu səbəbdən də biz optimistik.

- Sizə elə gəlmir ki, vəziyyətin normala doğru dəyişməsinin özündə artıq nəsə bir qeyri-normallıq var?

- Əlbəttə, Qafqazla az-çox tanış olan adam bilir ki, bu regiondan daxil olan hər hansı şad xəbər o qədər nadir hadisədir ki, ona adamın inanmağı gəlmir. Amma, dediyim kimi, normallaşma prosesi təzə başlamayıb. Burada diplomatik fəallıqla yanaşı, başqa hadisələr də baş verib. Məsələn, son illərdə Türkiyə cəmiyyətinin mentalitetindəki dəyişiklikləri götürək. Son onilliklər ərzində Türkiyə ictimai fikrində tarixə, 1915-ci il hadisələrinə yeni gözlə baxmaq meylləri yaranıb. Ona görə hesab edirəm ki, Türkiyə ictimaiyyəti Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Odur ki, mən optimistəm və hesab edirəm ki, illərlə bağlı qalan sərhədlərin açılması Qafqaz üçün çox müsbət hadisə olardı.

- Yeri gəlmişkən, 1915-ci il hadisələrinə münasibətlə bağlı siz hər iki tərəfə eyni məsləhət verib, onlara tarixi daha dərindən və qərəzsiz araşdırmağı təklif edirsiniz. Bu məsələdə Türkiyəni və Ermənistanı eyni tərəziyə qoymaq o deməkdirmi ki, bu hadisələrə münasibətdə hər iki tərəf eyni dərəcədə qeyri-obyektivdir?

- Məncə, bu məsələnin elə aspektləri var ki, hər iki tərəf onu daha dərindən araşdıra bilərdi. Aydındır ki, «soyqırımı baş verib, ya yox?» deyə sual edən çox az erməni taparsan. Digər tərəfdən, ermənilər də başqalarını başa düşməkdən, Osmanlı imperiyasında digər millətlərin, xüsusilə müsəlman əhalisinin başına gələnlərlə tanış olmaqdan ancaq xeyir ala bilərdilər. Onlar başa düşərdilər ki, həmin dövrdə müsəlmanlar da qurban veriblər və bu hadisələr haqda daha geniş təsəvvürləri olardı.

Bundan başqa, Osmanlı İmperiyasında ermənilərin və türklərin yanaşı yaşamasının axı müsbət səhifələri də olub. Bu iki millətin vaxtilə əmin-amanlıq şəraitində həyat sürməsi haqda faktlara baxıb, bu gün ermənilərin və türklərin yanaşı yaşaması üçün tarixdən dərs ala bilərdilər.

- Oxucular bir qayda olaraq konkretlik sevirlər. Bizə proqnoz verib, konkret tarix göstərə bilərsinizmi ki, sərhədlər nə vaxt açılacaq?


- Proqnoz vermək çox çətindir. Şəxsən mənim ürəyimdən keçən tarixi deyim sizə - dünən. Amma aydındır ki, tərəflər bu addımı atmağa çox yaxındırlar. Konkret günün böyük tarixi əhəmiyyətini nəzərə alsaq, deyə bilərəm ki, bunu hansısa bir hadisəyə bağlamaq cəhdləri istisna deyil. Məsələn, prezident Sarkisyanın oktyabrda nəzərdə tutulan Türkiyə səfəri. Ehtimalı daha çox olan məhz bu tarixdir, başqası ağlıma gəlmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG