Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

«Ekstazi» işi ilə bağlı hökm çıxarıldı


5 nəfər məhkəmə zalından azadlığa buraxılıb
5 nəfər məhkəmə zalından azadlığa buraxılıb
Aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə narkotiklərlə bağlı cinayətlərə görə həbs edilən 13 nəfərin məhkəməsi başa çatdı. İttihamnaməyə görə, Yalçın Həsənov tanışları ilə qrup yaradaraq həm şəxsi istifadə, həm də satış üçün Türkiyədən və Dubaydan Azərbaycana «Ekstazi» adlı psixotrop maddə gətirib.

Yalçın Həsənov Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur. Yalçın Həsənovdan başqa bu dəstədə daha bir neçə tanınan şəxsin ailə üzvləri, yaxınları var. İttiham aktına görə, Yalçın Həsənovla birgə Bakıda ekstazinin satışını təşkil edən Mahir Mirsalamlı Bakının sabiq prokuroru Ədalət Mirsalamlının oğludur.

Akademik Budaq Budaqovun nəvəsi Elşən Budaqov, xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov, bir sıra müğənnilərin ansamblında çalışan skripkaçı Ramin Həsənov isə Yalçın Həsənovun müştəriləri siyahısında olublar. Adı çəkilən üç nəfərlə yanaşı məhkəmə Mirəli Əliyev və Kəmalə Eyvazovaya 9, 10 aylıq həbs cəzası kəsdi. Bu müddəti onlar həbsxanada keçirdiklərindən 5 nəfərin hamısı məhkəmə zalından azadlığa buraxıldılar.

Hakim Azər Orucov təqsirləndirilənlərdən Yalçın Həsənova 8, Əli İsmayılova 7 il 6 ay, Həsən Həsənova, Rüstəm Rüstəmova 7 il 3 az, Zübayə Qulamiyə 6, Ruslan Zalıyevə, Vüqar Əliyevə, Cavidan Əliyevə 2 il azadlıqdan məhrumetmə cəzası kəsildiyini elan etdi.
Prosesin davam etdiyi 10 ayda mətbuatda məhkəmə ilə bağlı bir sıra iddialar irəli sürülüb. Bu sırada təqsirləndirilən şəxslərin, valideynləri ilə bir sıra vəzifəli şəxslər arasında gedən qarşıdurmanın qurbanı olmaları da var. Bu versiyanı irəli sürən media orqanları iddia edir ki, proses boyu hüquqi prosedurların pozulması, təqsirləndirilən tərəfin vəkillərinin ekstazi adlandırılan həblərin ekspertizası ilə bağlı qaldırdıqları vəsatətlərin rədd edilməsi işin sifarişli olması ilə bağlıdır.

Bu gün məhkəmə qərarı ilə azadlığa çıxan Mirəli Əliyevin anası Məlyekə Əliyeva da «Azadlıq» radiosuna deyir ki, təkrar ekspertiza həblərin psixotrop maddə deyil, antibiotik kimi açıq satışda olan parasetamol olduğunu müəyyən edib.

- O psixotrop maddə deyildi. Mənim oğlumun ürəyində uşaqlıqdan problem var. Əgər o psixotrop maddə olsaydı, ona çox pis təsir edərdi. Mirəli öz maşınını sürüb evə gəlmişdi. Ürəkbulanmasından başqa mən onda heç bir başqa rahatsızlıq görmədim. Onun içdiyi adi parasetamol olub.

Xalq artisti İlhamənin ovladlığa götürdüyü Orxan Nadirov isə haqqında belə bir məhkəmə hökmü çıxarılacağını gözlədiyini deyir:

- Gözləyirdiz ki, bu gün sizi azad edəcəklər?

- Əlbəttə gözləyirdim. Hər şeyi Allah həll edir. Bəndə kimdir ki?

Skripkaçı Ramin Həsənov isə yolunun həbsxanadan düşməsini cavanlıq səhvi adlandırır:

- Bir az günahım var idi. Cavanlıq səhviydi, yəqin bir də yol vermərəm.

Dəstə üzvlərindən indi yalnız Mahir Mirsalamlı haqda məhkəmə hökmü yoxdur. Səhhətində yaranan problemlərə görə, o, Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur. Bu səbəbdən onun işi ayrıca icraata alınıb.
XS
SM
MD
LG