Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:00

Azərbaycanda qan ehtiyatları çox azdır


5 ildə ölkədə donor ehtiyatlarının üç dəfə artırılması nəzərdə tutulur

5 ildə ölkədə donor ehtiyatlarının üç dəfə artırılması nəzərdə tutulur

Talassemiyalı xəstələri birləşdirən «Savab Dünyası» Təşkilatının rəhbəri Rauf Muradov deyir ki, bunun əsas səbəbi ölkədə donorların çox az olmasıdır


Azərbaycanda qan ehtiyatları çox azdır. Növbəti 5 ildə ölkədə donor ehtiyatlarının üç dəfə artırılması nəzərdə tutulur. Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov «Azadlıq» radiosuna bildirdi ki, qan və onun komponentlərindən daha çox hemofiliya və talassemiya xəstələrinin müalicəsində istifadə olunur. Azərbaycanda bu xəstəliklərdən başqa, qandan böyrək çatışmazlığı zamanı hemodializ edilməsində, ürəyin kononar şuntlamasında və başqa cərrahiyyə əməliyyatlarında istifadə olunur: «Hazırda respublikada qana olan tələbatın ödənilməsi minimal səviyyədədir, çox çətinlik çəkirik. Ancaq bu sahəni yaxşılaşdırmaq üçün dövlət də diqqəti artırıb. Əsas məqsəd qan xidmətini yüksək səviyyəyə qaldırmaq, ehtiyacı olan adamları keyfiyyətli qanla təmin etməkdir».


Qana ehtiyacı olanlar arasında talassemiya və hemofiliya xəstələri isə çoxdur. Onların sayı rəsmi rəqəmlərə görə, 2000-dən artıqdır. Ancaq mütəxəssislər bu cür xəstələrin rəsmi rəqəmlərdən daha artıq olduğu fikrindədirlər. Səhiyyə Nazirliyi bu cür xəstələri qanla pulsuz təmin edir. Ancaq qan çatışmazlığını xəstələr həmişə hiss edir. Talassemiyalı xəstələri birləşdirən «Savab Dünyası» Təşkilatının rəhbəri Rauf Muradov deyir ki, bunun əsas səbəbi donorların ölkədə çox az olmasıdır: «Hökumət qan komponentlərinin, donorluğun inkişafı haqqında qanun qəbul etsə də, bu proqram lazımi səviyyədə həyata keçirilmir. Bizim cəmiyyətdəki 600 uşağın hərəsinə həftədə 220 vahid qan lazımdır. Biz isə keçirilən kampaniyalardan 80-100 vahidini götürə bilirik. Tələbatın 40 faizini ödəyə bilirik. Bəlkə də donorların həvəsləndirilməsi aşağıdır. Ancaq adamlar bilməlidir ki, qan vermək çox xeyirlidir, həm özünə kömək edir, həm də başqasına».


Pünhan Rəhimov könüllü donordur. Bu işə yeni qoşulsa da, donor kimi gələcəkdə də könüllüyü davam etdirmək fikrindədir: «Hər bir şəxs kiməsə fayda verməlidir. Donorlar ehtiyacı olanlara yardım edir, ömürlərinə an qatırlar. Hesab edirəm ki, qan verə biləcək hər bir şəxs qan verməlidir. Mən qan verəndə çox sevinirəm, övladım dünyaya gələndə keçirdiyim hissi yaşayıram. Bu işi ömrümün sonuna qədər davam etdirəcəyəm».


Ancaq Pünhan kimi könüllü donorların sayı çox azdır. Ötən il bu rəqəm 20 min nəfəri keçməyib. Donorların olmamasının nə demək olduğunu qana ehtiyacı olan xəstələr, onların ailələri daha yaxşı bilir.


13 yaşlı oğlu hemofiliya xəstəliyindən əziyyət çəkən Ulduz Əliyeva deyir ki, o, oğluna lazım olan qanı pulla, həm də çox axtarandan sonra alır. Hemofiliya xəstəliyinin xüsusiyyətinə görə, onların bədənindən qan çıxanda laxtalanmır. Ulduz Əliyeva deyir ki, həmin an qan tapmaq üçün ailə çox əziyyət çəkir: «Mənim oğlum yıxılanda, bir yeri əziləndə qan tapmırıq. Demək olar ki, pulla alırıq. Heç pulsuz qan almamışam. Deyirlər ki, sizdən də güclü xəstəliklər var. Mənim qardaşım da hemofiliydan rəhmətə gedib, ona gündə 5 litr qan vururdular. Bu uşağın üstündə əsirik ki, yıxılmasın».


Ölkədə könüllü donorların çox az olduğunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov da təsdiq edir. O, deyir ki, mütəxəssislər daha çox könüllü donorların artırılmasına çalışırlar. Çünki təmənnalı qanın keyfiyyəti aşağı, xəstəni ağır xəstəliklərlə yoluxdurmaq risqi böyük olur: «Düzdür, get-gedə qanın yoxlanılması üsulları təkmilləşdirilir. Yeni-yeni müasir cihazlar alınır. Ancaq buna baxmayaraq elə ola bilər ki, potensial donor infeksiyaya yoluxsun, ancaq müəyyən vaxt, bir neçə gün həmin yoluxmanı müasir cihaz da aşkar edə bilmir. Bu hallar olmasın deyə, dünyada sübut olunub ki, könüllü donorlardan alınan qan ən keyfiyyətli qandır. Çünki təmənnasız qan verdikləri üçün bu donorlar keçmiş xəstəliklərini gizlətmirlər».


Azərbaycanda donorluğun, qan xidmətinin inkişaf etdirilməsinə 2005-ci ildən diqqət yetirilməyə başlanıb. Bununla bağlı parlament qanun qəbul edib, prezident Dövlət Proqramı imzalayıb. Proqramın 5 il müddətinə tam başa çatdırılması nəzərdə tutulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG