Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

Pulsuz yayımlanan mədəniyyət jurnalı


Sevda İsmayıllının «Kultura» jurnalının baş redaktoru Əjdər Hacıyevlə müsahibəsi, 9 iyun 2006

Sevda İsmayıllının «Kultura» jurnalının baş redaktoru Əjdər Hacıyevlə müsahibəsi, 9 iyun 2006

Bu dəfə yeni mədəniyyət dərgisinin – «Kultura» jurnalının izinə düşmüşük. Mövzu bələdçimiz jurnalın baş redaktoru Əjdər Hacıyevdir


AZADLIQ: Sizi Coker kimi tanıyırdıq. Yeni missiyanız – akademik bir mədəniyyət dərgisinin menecerliyi bir qədər qalmaqallı üslub yiyəsi Cokerin – Əjdər Hacıyevin obrazına nə qədər uyğun gələcək?


ƏJDƏR HACIYEV: Rəsmi adım Əjdər Hacıyevdir. İndi jurnalı Əjdər Ulduz kimi imzalayıram. Bir müddət Coker olmağım xəfif musiqiyə - estradaya sərbəst yanaşmaq istəyimdən doğurdu. İndi akademik musiqiyə meyllənmişəm və «Kultura» dərgisini çıxarıram. Artıq Coker deyil, Ulduz təxəllüsünü götürmüşəm.


AZADLIQ: Bir az Sizə bənzəyib, yaxşı bir niyyətə qulp qoymaq istəyirəm - «Kultura» jurnalı postsovet məkanını hədəf götürdüyündən rus dilində çıxır. Nə üçün bu məkanı əsas götürmüsünüz. Azərbaycan mədəniyyətinin təbliğini postsovet məkanla məhdudlaşdırmaq nəyə lazım idi ki?


ƏJDƏR HACIYEV: Bu məkan bizə tanışdır. Milli Akademik musiqinin təməlini qoyan Üzeyir Hacıbəyov da milli muğamları bu məkandan - ruslardan irəli gələn simfonizmlə qovuşdurmuşdu. İnşallah, vaxt gələr, jurnalı ingiliscə də buraxarıq. Yüksək keyfiyyətlə, gözəl ingiliscə. Bu, bizim sonrakı hədəfimizdir və mütləq olacağına inanıram.


AZADLIQ: Əjdər bəy, sözsüz ki, yeni layihələriniz var, mətbuatdan məlum olduğuna görə, hər layihəni yüksək səviyyədə yerinə yetirəcəyinizə söz vermisiniz. Bilmək olarmı, söhbət hansı layihələrdən gedir?


ƏJDƏR HACIYEV: Çox layihəmiz var. Bülbül Fondunun maliyyələşdirdiyi bu jurnal dolayısı ilə turizmin inkişafını dəstəkləyəcək. Azərbaycana gələn turistin xərclədiyi pullar dolayısı ilə mədəniyyəti də maliyyələşdirəcək. Layihələrimiz bu yönlüdür – turizmi inkişaf etdirək və həmin vasitə ilə mədəniyyətə kapital qoyaq....


AZADLIQ: Əjdər bəy, jurnalın dövriliyi necə olacaq? «Azadlıq» radiosunu dinləyənlər onu hardan tapıb oxuya bilərlər?


ƏJDƏR HACIYEV: Jurnal yalnız məxsusi ünvanlara göndəriləcək – beynəlxalq təşkilatlara, səfirliklərə. Razılaşdırmışıq ki, «Azal»ın beynəlxalq reyslərində uçanlar da həmişə «Kultura»nı oxuya bilsinlər. Dərgi hələlik 3 ayda 2 dəfə işıq üzü görəcək. Təxminən 6 aydan sonra aylıq rejimə keçməyi planlaşdırırıq.


AZADLIQ: Jurnalın pulsuz yayılacağını bildirmisiniz. Bu, jurnalın gələcək taleyinə nə dərəcədə arxayınçılıq yarada bilər? Üstəlik, elə bir reklam da gözə çarpmır...


ƏJDƏR HACIYEV: Əvvəla Polad Bülbüloğlunun təsis etdiyi Bülbül Fondu bizə hər cür yardım edir və Polad bəyin dediyinə görə, həmin Fond fəaliyyətini davam etdirdikcə, bu jurnal da çıxacaq. İkincisi, ilk sayda, ayrı-ayrı firmaların da köməyi dəyib, onlar öz reklamlarını veriblər. Jurnalı pulsuz yaymaq fikrimiz qətidir. Azərbaycanın akademik mədəniyyəti ona nüfuz qazandıracaq və bu baxımdan həmin mədəniyyəti təbliğ edən bizim jurnalı da qoruyub saxlayacaq səviyyədədir. Kim bunun əksini deyirsə, proseslərə dərindən nüfuz etmir.


XS
SM
MD
LG