Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:00

Tbilisi sakinlərinin 42 faizi yeni seçkinin tərəfdarıdır


Bir həftədən çoxdur ki, gürcü müxalifəti nümayişlərinə ara vermir
Bir həftədən çoxdur ki, gürcü müxalifəti nümayişlərinə ara vermir
Gürcü müxalifətinin prezident Mixail Saakaşvilinin istefasını tələb etməsi əsassız görünməyə bilər. Belə ki, Tbilisi sakinlərinin 42 faizi Gürcüstanda yeni prezident seçkilərinin keçirilməsinin tərəfdarıdır. Bu barədə «Gallup» sorğu mərkəzinin son araşdırmasında deyilir. Rəy sorğusunda iştirak edənlərin 25 faizi yeni seçkilərə etirazını bildirib, 33 faiz isə cavab verməkdə çətinlik çəkib.

Bir həftədən çoxdur ki, gürcü müxalifəti nümayişlərinə ara vermir. Gah parlament, gah Prezident Aparatı, gah da İctimai Televiziya qarşısında nümayişlər keçirir. Bununla belə, ölkə prezidenti geri çəkilmək niyyətinin olmadığını, ancaq müxalifətlə dialoqa da hazır olduğunu bəyan edib.

Ancaq «Gallup» hesab edir ki, müxalifətlə bu konflikti həll etmək bir o qədər də asan olmayacaq.

«Azadlıq» radiosunun Gürcüstandakı müxbiri Vüsalə Əlibəyli bildirir ki, müxalifət hələ ayın sonunadək istefa şüarlarını səsləndirməyi planlaşdırır:

«Tbilisidə etiraz mitinqləri davam etməkdədir. Müxalifət liderlərindən Eka Beseliyanın verdiyi məlumata görə, mitinqlərin icazəli vaxtı aprelin 26-dək uzadılır. Beseliya onu da qeyd edib ki, lazım olarsa, vaxt yenə də uzadılacaq. Müşahidələrimə görə, aprelin 9-u ilə müqayisədə mitinqlərdə iştirak edən insanların sayı azalmaqdadır».

Müxalifətin çağırışlarına, ardı-arası kəsilməyən etiraz nümayişlərinə baxmayaraq, Tbilisililərin əksəriyyəti inanır ki, Saakaşvili könüllü surətdə istefaya getməyəcək və yeni seçkilər olmayacaq. Ancaq paytaxt sakinlərinin 10 faizi fərqli düşünür.

Gürcüstan hökuməti etiraz nümayişləri başlayandan dəfələrlə xalqın böyük əksəriyyətinin prezidenti dəstəklədiyini bəyan etsə də, «Gallup» bu məsələni də araşdırıb. Məlum olub ki, paytaxt əhalisinin yalnız 26 faizi prezidentin hazırkı fəaliyyətini bəyənir. Sorğu mərkəzi ötən ilin iyunundan bu yana Saakaşvilini dəstəkləyənlərin sayının azaldığını hesab edir.

Araşdırma onu da deməyə əsas verir ki, Gürcüstan hökumətinin siyasətindən narazı qalanların əksəriyyəti Tbilisi sakinləridir, nəinki region əhalisi. Qeyd etmək yerinə düşər ki, Tbilisi sakinləri bütün ölkə əhalisinin ümumilikdə 25 faizini təşkil edir.

Vüsalə Əlibəyli deyir ki, şəhər sakinləri arasında bəzi fikir ayrılıqları olsa da, əhali əmindir ki, müxalifətin keçirdiyi nümayişlər nəticəsiz qalmayacaq:

«Əksəriyyət Saakaşvilinin istefaya getməsini istəyir. Məsələn, Gürcüstan İctimai Əlaqələr İnstitutunun Tbilisidə keçirdiyi sorğuya görə, 225 nəfərin 60 faizi istefa tərəfdarı olub. İkinci fikir ondan ibarətdir ki, etiraz edən insanlar arasında müxalifəti dəstəkləməyənlər də var. Tbilisi sakinləri ilə söhbətim zamanı onlar qeyd ediblər ki, biz bilirik ki, Saakaşvili mükəmməl prezident deyil, ancaq hazırda onu əvəzləyəcək insan da yoxdur».

«Gallup»un sorğusunda iştirak edənlər prezident Mixail Saakaşvilinin istefasına inanmasalar da, müxalifətin gücünə də bir o qədər inamları olmadıqlarını bildiriblər. Buna baxmayaraq, əhalinin əksəriyyəti (70 faizi) ölkədə fəal müxalifətin vacibliyini qeyd edib.

«Gallup»un telefonla keçirdiyi sorğuda 410 Tbilisi sakini iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG