Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:34

«Müstəqilliyini davam etdirən hər kəs hücuma hazır olmalıdır»


Hüquq-müdafiəçilərinin mətbuat konfransı, 16 aprel 2009

Hüquq-müdafiəçilərinin mətbuat konfransı, 16 aprel 2009

«Hakimiyyət siyasi partiyalara və media qurumlarına qarşı uzun müddətli davam edən təzyiq və təqib kampaniyalarının dairəsini genişləndirir, indi də müstəqil hüquqşünaslara, qeyri-hökumət təşkilatlarına qarşı hücuma keçir».

Bir qrup hüquq-müdafiəçisi və qeyri-hökumət təşkilatlarının rəhbərləri bildirir ki, son vaxtlar vətəndaş cəmiyyətinə olan təzyiqlər artıb ki, bu da fərqli düşünən adamlarda xof yaratmaq üçündür. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyir ki, ona görə də müstəqil QHT-lər qeyri-hökumət təşkilatları birləşib bu kampaniyaya qarşı əks kampaniya yaradırlar:

«Əsas məsələ ondan ibarətdir ki, bu gün hamıya çatdırmalıyıq ki, mətbuatdan sonra qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti hədəfdədir. Bu gün keçirdiyimiz bu tədbirlə işimizi bitmiş hesab etməyəcəyik. Cəmiyyətdə birləşib müqavimət göstərməliyik».

Hüquqşünas Ənnağı Hacıbəyliyə görə, ölkədə elə bir şərait yaranıb ki, müstəqilliyini davam etdirən hər kəs bu hücuma hazır olmalıdır:

«Müstəqil fikir deyəni susdurmaq bir neçə yolla həyata keçirilir – ya onlar maliyyə mənbəyindən məhrum edilir, ya satın alınır, ya qeyri-hökumət təşkilatları bağlanır, ya da cinayət-mülki tədbirlər görmək üsullarına əl atılır. Əgər bir qeyri-hökumət təşkilatı aldığı qrant layihəsi haqqında Ədliyyə Nazirliyinə məlumat göndərməyibsə, o 2500 manat cərimə olunur. Cinayət Məcəlləsində elə maddələr var ki, cinayət hərəkətinə görə heç bu qədər cərimə olmur».

«Mənə qəribə gələn bu hücumların indiyə qədər yubanması idi»-, deyən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevsə bildirir ki, əslində bu hücumlar gözlənilən idi:

«Hökumət partiyaları, medianı zərərsizləşdirib, adacıqlar qalıb. Əgər bu ölkəni cəngəllik ölkəsinə çevirmək istəyirsinizsə, bizim də cəngəllik ölkəsində yaşamağa etiraz etmək haqqımız var. Əslində etdiklərimiz nədir? Deyirik ki, seçkilər saxtakarlıqla keçib, deyirlər, yox, ən azad seçki olub, narazısınızsa, Avropa Məhkəməsinə müraciət edin. Müraciət edirik, hökumətin xoşuna gəlmir. Biz deyirik ki, ölkədə işgəncələr var, deyirlər sübut elə, deyirik, axı sübut eləməyə imkan vermirsiniz, deyirlər, Avropa Məhkəməsinə şikayət göndərin. Göndəririk, onda da deyirlər ki, ölkəni biabır edirsiniz. Bəs onda biz nə edək? İşləmək indi doğrudan çox çətindir».

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov isə bu fikirlərlə razılaşmır. Deyir ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün ildən-ilə geniş imkanlar yaradılır, insan haqlarının inkişafı üçün şərait genişlənir:

«Azərbaycanda heç bir maneə, problem yoxdur. Hər şey, o cümlədən QHT-lərin qeydiyyatı qanun çərçivəsində həyata keçirilir. Qeydiyyat prosedurları sadələşdirilir. O ki, qaldı hücumlara, heç bir hücumdan danışmaq olmaz. Nə təzyiq var, nə bir sıxıntı. Hər kəs istədiyini deyir də, fəaliyyət də göstərir. Bu vaxta qədər bizə hər hansı şikayət olmayıb».

Hüquq müdafiəçiləri isə xatırladır ki, prezident seçkiləri ərəfəsində Seçki Monitorinq Mərkəzi bağlanıb. Bir müddət əvvəlsə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı daxili işlər naziri sonradan imtina etsə də diffamasiya iddiası ilə məhkəmə iddiası qaldırmışdı.

Son günlərsə Şəki Apelyasiya Məhkəməsinin hakimi Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünaslarının diffamasiya tələbiylə 20 min manat cərimələnməsini istəyib.

Vəkillər Kollegiyasının rəhbərliyini tənqid edən yazılara görəsə bu qurum Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin 200 min manat cərimə olunmasını, əmlakına həbs qoyulmasını tələb edir.
XS
SM
MD
LG