Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:56

«Nə istəyirlər bizdən? O qədər villaları var…»


«Hər yer hasardır, parka girmək qeyri-mümkündür»
«Hər yer hasardır, parka girmək qeyri-mümkündür»
- Mənim 70 yaşım var, həmişə nəvələrimlə gəlib bu parkda istirahət edirdim. İndi yuxarı vəzifədə oturanlar parkı özəlləşdiriblər. Nə istəyirlər bizdən? O qədər villaları var…

Bir vaxtlar «Montin parkı» kimi tanınan, indi isə Milli Qəhrəman Samir Xasıyevin adını daşıyan park beş-altı aydır ki, sakinlərin üzünə bağlıdır. Sakinlər narahatdırlar ki, kimlərsə parkı onların əlindən almaq istəyir:

- Hər yer hasardır, parka girmək qeyri-mümkündür. Camaat hamısı bu parkla nəfəs alırdı. Deyiləsi dərd deyil.

Parkdakı yelləncəklərdən əli üzülən uşaqlar isə indi əylənməyə yer axtarırlar:

- İndi hər yerdə bina tikirlər. Mümkün deyil oynamaq. Gedirik qarajın üstündə oynayırıq, qışqırırlar, deyirlər, olmaz. Yerdə də oynayanda top maşına dəyir səs-küy salır.

Nərimanov rayonunun bələdiyyə sədri Hüseyn Cəfərov isə deyir ki, parkda təmir işləri aparılır. Buna görə bağlıdır:

- Hazırda park ətrafı ərazilərin abadlaşdırılması işləri gedir. Mənə elə gəlir ki, ay yarıma, iki aya işlər bitəcək.

Sakinlərsə deyirlər ki, burda gedən işlər heç də abadlaşdırmaya oxşamır:

- Montində 60 min əhali yaşayır, onun heç olmasa 4-5 mini uşaqlardı. Yüz ilin ağaclarını məhv edirlər, sonra da deyirlər ki, park salırıq. Bu, hansı məntiqə sığır.

Parkın girəcəyində veteranlar otağı var. Bura ağsaqqal veteranlar yığışır, gününü nərd oynayıb, çay içməklə keçirirlər. Onların arasında Milli Qəhrəman, parkın adını daşıdığı Samir Xasıyevin atası da var. O danışmaq istəmədi. Amma 70 yaşlı veteran Məhərrəm dayı söhbətcildir:

- Hərlənə bilmirik, oturmağa yer yoxdur. Sonra bu heykəli götürmək istəyirlər, nə üçün bilmirəm.

Sakinlər deyirlər ki, burda gedən işlər heç də abadlaşdırmaya oxşamır
Ancaq bələdiyyə sədri Hüseyn Cəfərov deyir ki, Milli Qəhrəman Samir Xasıyevin heykəli yerində qalacaq:

- Heykəllərin, büstlərin qoyulması, Nazirlər Kabinetinin müvafiq qərarları ilə olur. Bələdiyyə, rayon səviyyəsində həll olunan məsələ deyil. Əgər Nazirlər Kabineti məsləhət görərsə ki, heykəlin yeri dəyişdirilsin, o da dəyişilər.

Hərçənd bələdiyyə sədri onu da deyir ki, hələ ki, Nazirlər Kabinetinin belə bir qərarı yoxdur. Yay mövsümündə dağa-bağa getməyə imkanı çatmayan sakinlərsə ümid edirlər ki, isti günlərdə parkda sərinləyə biləcəklər, uşaqların yelləncəkləri də köhnə yerinə qaytarılacaq.

Nərimanov rayonu İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Sabir Həsənov isə deyir ki, parkın ərazisində təmir işlərini onlar maliyyələşdirir. O, parkda təmiri konkret kimlərin apardığını deməsə də, əmin edir ki, burda görülən işlər abadlaşdırma məqsədi daşıyır:

- Ancaq abadlıq işləri gedir. Daşlar, örtük, oturacaqlar təzələnir. Firmamız var, onlar görür bu işləri. Dəqiq adını bilmirəm.

Samir Xasıyevin adını daşıyan parkın bir hissəsində məcburi köçkünlər də məskunlaşıb. Nərimanov rayonu İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Sabir Həsənov deyir ki, parkda gedən işlərlə bağlı məcburi köçkünlərin bir qismi ərazidən köçürülüb:

- Məcburi köçkünləri köçürdülər rahat evlərə. Böyük Şor ərazisinə. Bəziləri qalıb, onlar da köçürüləcək.
XS
SM
MD
LG