Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46

Vergi əməkdaşları sahibkarlardan əlavə pul istəyir?


Məbləğlərin 2 min manatdan 10 min manata qədər olduğu bildirilir
Bakıda və bölgələrdə bəzi sahibkarlar vergi əməkdaşlarının onlardan əlavə vergi tələb etdiklərini deyirlər. İki gün əvvəl Siyəzən rayonunda bir qrup iş adamı icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirib vergi əməkdaşlarından rayon rəhbərliyinə şikayət ediblər. Sahibkarlar vergilə bağlı problemlərinin olduğunu təsdiqləsələr də, bizimlə söhbətdə adlarının çəkilməsinə, səslərinin yazılmasına razı olmadılar.

Adının çəkilməsini istəməyən sumqayıtlı sahibkarın dediyinə görə də onlardan əlavə pul istənilib. Özü də bu, açıq-aşkar həyata keçirilir.

İş adamlarının dediyinə görə, son vaxtlar vergi əməkdaşları hətta yoxlama aparmadan, müəssisənin böyük və ya kiçik olmasından asılı olaraq onlardan qanunla ödəməli olduqları məbləğdən xeyli artıq vergi tələb edirlər. Hətta həmin məbləğlərin 2 min manatdan 10 min manata qədər olduğu bildirilir. Sahibkarların sözlərinə görə, dəfələrlə bu qanunsuzluğa son qoyulmasını tələb etsələr də, bir nəticəsi olmayıb.

Siyəzən rayon İcra Hakimiyyətindən sahibkarlara bu məsələ ilə bağlı hansı cavab verildiyi məlum deyil. İcra hakimiyyəti başçısının müavini Zəfər Nüsrətoğlu «Azadlıq» radiosuna yalnız onu deyib ki, aprelin 16-da Siyəzəndə Sumqayıt 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının rayon sahibkarları ilə görüşü keçiriləcək. Amma icra başçısının müavini görüşün sahibkarların narazılığı və ya digər hansısa başqa bir məsələ ilə bağlı olmasından xəbərsizdir.

Sahibkarların Siyəzəndəki narazılığından Vergilər Nazirliyi xəbərsizdir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov deyir ki, Vergilər Nazirliyinin əməkdaşları qanunsuz heç bir məbləğ tələb etmirlər:

«Tələb olunan məbləğlər yalnız qanun çərçivəsində aparılmış monitorinq, xronometraj müşahidələri, səyyar və ya kameral vergi yoxlamaları nəticəsində əmələ gələn qanuni məbləğlərdir. Yəni bunlar vergi ödəyicilərinin qanunla təsbit edilmiş öhdəlikləridir ki, onlar həmin o vergi öhdəliklərini yerinə yetirməlidirlər».

Fariz Səmədov deyir ki, ola bilər Vergilər Nazirliyinin qanuni hərəkətləri kiminsə xoşuna gəlməyib deyə, belə fikirlər səsləndirilir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov isə sahibkarların etirazından xəbərdardır. Amma o, bu barədə məlumatları sahibkarlardan almayıb, mətbuatdan oxuyub.

İş adamlarının bu kimi hallarla bağlı indiyə qədər onlara müraciət etmədiyini deyən Ələkbər Məmmədova görə, ola bilsin ki, bu, avans ödəmələrlə bağlı bir məsələdir. Hansı ki, bu, qanunvericiliklə tənzimlənir:

«Yəni sahibkarın bir il əvvəlki mənfəətinə uyğun olaraq vergi tətbiq olunur və sonra da əvəzləmə həyata keçirilir».

Ə.Məmmədov deyir ki, əksinə Vergilər nazirinin daxili əmrilə səyyar yoxlamaların sayı xeyli azalıb. Amma buna baxmayaraq, o bildirir ki, konfederasiya yaxın vaxtlarda sözügedən məsələyə aydınlıq gətirməyə çalışacaq.

«Sirdaş» Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Bədrəddin Quliyev isə sahibkarlardan artıq vergi istənilməsi məsələsini vergi əməkdaşlarının səlahiyyətləri çərçivəsindən kənarda olan bir məsələ sayır. O hesab edir ki, sahibkarlardan qədərindən artıq vergi tələb edilməsi ölkə büdcəsindəki pul qıtlığı ilə bağlı ola bilər.

Bədrəddin Quliyevin sözlərinə görə, dünyada iqtisadi böhran başlayandan Azərbaycan hökuməti xarici banklardakı neft pullarının bir hissəsini ölkəyə gətirməyi qərara alıb. Həmin pulların hələ ölkəyə gətirilmədiyini və neftdən gələn gəlirlərin də getdikcə azaldığını deyən sahibkar ehtimal edir ki, bu kimi yığmalar büdcədəki kəsirin doldurulmasına hesablana bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG