Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

Azərbaycan Avropa Şurası qarşısında öhdəlikləri tam yerinə yetiribmi?


Avropa Şurasının mənzil - qərargahı, Strasburq

Avropa Şurasının mənzil - qərargahı, Strasburq

Hakimiyyət dairələrindən fərqli olaraq, bir çox ekspertlər hesab edir ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəlikləri hələ tam yerinə yetirməyib


Avropa Şurası Nazirlər Komitəsinin «AQO» Monitorinq Qrupu Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vəziyyətini öyrənməyə gəlib. Azərbaycanda isə hakimiyyət dairələrindən belə fikirlər səslənir ki, daha yerinə yetirilməmiş öhdəlik qalmayıb. Bir çox ekspertlərsə hesab edirlər ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəlikləri hələ tam yerinə yetirməyib. Çünki öhdəliklər tam yerinə yetirildikdən sonra təşkilatla Azərbaycanın münasibətlərində rəsmi şəkildə monitorinqdən sonrakı mərhələ başlamalıdır.


Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər beş qrupa bölünür. Bunlar Dağlıq Qarabağla, konvensiyalarla, qanunvericiliklə, insan haqları və ən nəhayət öhdəliklərin icra mexanizmi ilə bağlıdır. Azərbaycan müxtəlif sahələr üzrə əksər beynəlxalq konvensiyalara qoşulmaqla bağlı öhdəliklərini yerinə yetirsə də, hələlik bu sənədlərdən bəziləri Milli Məclisdə təsdiqlənməyib. Üstəlik öhdəliklər sırasında olan milli azlıqlar və alternativ hərbi xidmət haqqında qanunlar hələ qəbul edilməyib. Öhdəliklərin yerinə yetirilmə vəziyyəti ilə bağlı monitorinq aparan yerli təşkilatların rəylərinə görə, problemlərdən biri də ölkə daxili qanunların beynəlxalq qanunlara hələ tam uyğunlaşdırılmaması ilə bağlıdır.


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva deyir ki, «Alternativ hərbi xidmət haqqında» qanunun qəbul edilməməsi milli maraqlardan irəli gəlir: «Bizim fikrimizə görə, nə qədər ki, sülh sazişi bağlanılmayıb və Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqları bərpa edilməyib, bu qanun qəbul edilə bilməz».


AXCP Ali Məclisinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli deyir ki, öhdəliklərin yerinə yetirilməsində daha çox formallıq gözlənilir. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizəylə bağlı qanun qəbul edilsə də, hakimiyyət heç də korrupsiyaya qarşı mübarizə aparmaq niyyətində deyil: «Görülən işlər mahiyyəti əks etdirmir. Məsələn, biz «Ombudsman haqqında» qanunu qəbul etmişik, ancaq insan hüquqlarının təmin edilməsində vəziyyət dəyişməyib. Eləcə də Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmağımızın da müsbət dəyişikliyi olmayıb».


Müxalifət düşərgəsində hesab edirlər ki, Azərbaycan altı ildir AŞ-ın üzvü olmasına baxmayaraq, demokratiya və insan hüquqları sahəsində çox ciddi geriləmələr baş verib. Gültəkin Hacıyeva isə bildirir ki, bu altı ildə baş verən köklü dəyişiklikləri görməmək sadəcə mümkün deyil: «Altı il əvvəl ölkədə nə qədər siyasi məhbusun olduğu iddia edilirdi, indi nə qədər iddia olunur?».


Xanım Hacıyeva deyir ki, altı ilə Azərbaycanın qabaqcıl bir Avropa ölkəsinə çevriləcəyini gözləmək sadəlövhlük olardı. Ancaq o, hesab edir ki, zaman keçdikcə tədricən bütün çatışmazlıqlar yoluna qoyulacaq.


Ancaq Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev deyir ki, öhdəliklərin tam yerinə yetirilməməsinin və bəzi hallarda formallığa diqqət yetirilməsinin bir sıra çox ciddi səbəbləri var: «Hesab edirəm ki, vəziyyətin müsbət mənada dəyişməməsinin başlıca səbəbi hakimiyyətdə siyasi iradənin olmamasıdır». Cənab Əliyev deyir ki, məsuliyyətin təkcə hakimiyyətin də üzərinə qoyulması düzgün olmazdı. Onun sözlərinə görə, həm Avropa Şurasının Azərbaycanla çox yumşaq davranışı, həm də ölkə vətəndaşlarının bir növ seyrçi mövqe tutmaları da hakimiyyətin arxayınlaşmasında az rol oynamayıb.



Əslində, Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilmə vəziyyətini təhlil etmək Azərbaycanda siyasi gündəmi məşğul edən mövzular sırasındadır. Ancaq bu məsələ Azərbaycanda daha çox Avropa Şurasının «AQO» və ya başqa bir monitorinq qrupunun səfərləri fonunda yada düşür.


Günün bütün mövzuları

XS
SM
MD
LG