Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

Mətbuata dövlət dəstəyi necə olacaq?


KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizədlərin siyahısı Prezident Aparatına göndərilib

KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizədlərin siyahısı Prezident Aparatına göndərilib

Mətbuat Şurası ötən həftə KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizədlərinin siyahısını Prezidentin İcra Aparatına göndərib. Mətbuat Şurasının üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, prezident fərmanı ilə yaradılan fond Azərbaycanda mətbuatın inkişafına təkan verəcək:

«Dövlətin özünün də müəyyən maraqları var. Artıq dövlət vəsaitini və iradəsini ortaya qoyub. Özü də bu mətbuatın işinə müdaxilə kimi dəyərləndirilməməlidir. Fond birbaşa yardımlar ayırmayacaq. Biz bu məsələnin əleyhinə çıxacağıq. Burada bütün atılacaq addımlar azad medianın inkişafına birbaşa təsir göstərəcək».

Müşahidə Şurası üzvlüyünə namizədlərin siyahısında Bəxtiyar Sadıqovla yanaşı, daha bir neçə hakimiyyətyönlü qəzetin baş redaktorunun, QHT başçılarının adı var. Siyahıda müstəqil medianın təmsilçisi kimi yalnız «Turan» İA-nın direktoru Mehman Əliyevin adı hallandırılır.

Mehman Əliyev özü isə düşünür ki, əgər söhbət birbaşa yardımlardan yox, dövlətin media ilə bağlı vergiləri azaltması, çap xərclərini öhdəsinə götürməsi kimi iqtisadi addımlardan gedəcəksə, media bu qurumun yaradılmasından qazanacaq:

Mehman Əliyev
«Media üçün elə bir şərait yaradılmalıdır ki, media qurumları bu iqtisadi imkanlardan bəhrələnə bilsin. Bütün media qurumlarına bərabər imkanlar yaradılmalıdır. Heç bir media orqanının siyasi mövqeyi, baxışları ona dövlət dəstəyinin ayrılmasına mane olmamalıdır. Əgər media orqanı bazarda varsa, peşə kodeksinə əməl edirsə, bu dəstəkdən pay almalıdır».

Müxalifətyönlü «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirir ki, hakimiyyət 2 ildir mətbuata pul verəcəyik deyə-deyə azad sözə divan tutur – tənqidi media nümayəndələrini həbs edir, müstəqil medianı çökdürür. Onun sözlərinə görə, Müşahidə Şurasının müəyyənləşdirilməsi proseduru onu deməyə əsas verir ki, iqtidar prosesləri tam nəzarətdə həyata keçirməyə çalışır:

«Açıq-aşkar görünür ki, iqtidar qurumun müstəqil şəxslərdən formalaşdırılmasına qarşıdır. Gələcəkdə bu şərtlərlə formalaşdırılacaq Müşahidə Şurasının ayırdığı pulların hansı şərtlərlə bölüşdürüləcəyi indidən bəllidir. Ancaq bütün şərtlərə baxmayaraq onun tərəfindəyik ki, bizi döyməkdən, öldürməkdən, həbsxanalara saymaqdansa, iqtisadi sferada təkliflər irəli sürsünlər. Bu daha rahat variantdır».

Köşə yazarı Zamin Hacı da deyir ki, jurnalistləri şərləyib həbs edən hakimiyyətin mediaya dəstək verməkdə səmimiliyi böyük absurddur:

Rauf Arifoğlu
«Azərbaycanda ictimai vəsaitlərə nəzarət mexanizmi yoxdur. Ona görə də dövlət büdcəsinin vəsaitləri, o sıradan formalaşdırılmaqda olan KİV-ə Dövlət Dəstəyi Fondunun vəsaitləri hakim partiyanın, o sıradan iqtidarın birinci şəxsinin şəxsi pulları sayılacaq. Onun bu pulları necə xərcləyəcəyini hesabını isə heç kim sormayacaq».

Müşahidə Şurasına üzvlüyə namizədlərdən olan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya görə, belə bir qurumun yaradılması təşəbbüsü yuxarılardan yox, aşağılardan gəlib. Bu faktor qurumun işinə ciddi təsir göstərə bilər:

«Özümüzdən bir xeyli məsələlər asılıdır. Əgər biz kimlərəsə yarınmağa çalışacağıqsa, fərdi mənfəətimizi güdəcəyiksə, ortada heç nə olmayacaq. Yox əgər biz hamımız gerçəkdən medianın inkişafına çalışacağıqsa, bu halda uğur əldə etmək olar».

Azərbaycan Mətbuat Şurası doqquz nəfəri kütləvi informasiya vasitələrindən, doqquz nəfəri jurnalist təşkilatlarından olmaqla KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına on səkkiz namizəd irəli sürür. Həmin şəxslərdən altı nəfərini prezident bu şuraya üzv təyin edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG