Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:54

Çətin qapı


«Rusiya ilə yaxınlıq etdiyi bu müddətdə İlham Əliyev ondan 250 dollardan ucuz qaz tələb edən Türkiyəni rədd etdi»

«Rusiya ilə yaxınlıq etdiyi bu müddətdə İlham Əliyev ondan 250 dollardan ucuz qaz tələb edən Türkiyəni rədd etdi»

Azərbaycan kimi istehsalçı olmadığı vaxtlarda belə, enerji yollarının üstündə olan Cənubi Qafqaz ölkələri, əlbəttə, Rusiya, ABŞ və onların müttəfiqlərinin mübarizə apardığı bir bölgədir. Rusiyanın bölgədəki ən etibarlı müttəfiqi olan Ermənistan 1997-ci ildə imzalanan müştərək müdafiə sazişinə görə, həm ərazisində Rusiyanın bir hərbi bazasını saxlayır, həm də onun sərhədlərini rus əsgərləri qoruyur.

Elə isə yaxın gələcək üçün Ermənistandan heç bir mənfəəti olmayan ABŞ-ın Rusiyaya və Rusiyanın dəstək verdiyi İrana qarşı həssaslığı məlumdur. Məntiqə görə, ABŞ-ın önəmli enerji yolları üzərində olan və üstəlik, böyük strateji əhəmiyyəti olan Xəzər dənizi sahilində yerləşən Azərbaycanın «başını qoltuğunun altına alması» lazım idi.

Ancaq ABŞ nə edir?

Türkiyəyə gəlib «Ermənistanla münasibətlərini normallaşdır, sərhədi aç» - deyir. Məsələyə bu nöqteyi-nəzərdən baxanda, erməni diasporasının önəmi ortaya çıxır. Düşünün ki, erməni diasporası ABŞ-ı Rusiya tərəfdarı, İranın dostu, enerjisi və təbii sərvətləri olmayan Ermənistanla sərhədlərini açmaq üçün Türkiyəyə təzyiq göstərməyə razı sala bilir.

Yaxşı, ABŞ heç Azərbaycanla yaxın münasibət qurmadımı? Qurmazmı? ABŞ-ın Xəzər dənizində milyard dollarlarla investisiyası var. Xəzər sahillərinə radar sistemi qurulması üçün ABŞ 200 milyon dollar verib.

ABŞ Azərbaycana daha çox yaxınlaşmağa hazırdır, ancaq güvənə bilmir, çünki Azərbaycan sabitlik vəd etməyən bir diktatorluqdur. Üstəlik, atadan oğula keçən bir diktatorluqdur. Dövlət siyasəti yox, «tək adam» siyasəti həyata keçirir. Oğul İlham Əliyev atasının Qərbə açılmaq üçün istifadə etdiyi Türkiyə dəhlizindən «Qərb», «demokratiya», «islahat» deyir. «Bizim işlər təhlükədə qalar» - məntiqi ilə bir il əvvəl vaz keçib üzünü Rusiyaya tərəf çevirdi. O, Rusiyanın gələcəkdəki 20 ildə böyük güc olacağını hesablamışdı. Eynilə Ermənistan kimi, Rusiya ilə Azərbaycan arasında da bir saziş imzalanacaqdı ki, qlobal iqtisadi böhran gəldi, Rusiya çətin vəziyyətə düşdü, bundan vaz keçildi.

Rusiya ilə yaxınlıq etdiyi bu müddətdə İlham Əliyev ondan 250 dollardan ucuz qaz tələb edən Türkiyəni rədd etdi və qiyməti 400 dollardan aşağı salmadı. Gedib Bolqarıstan üzərindən Yunanıstana 400 dollardan çox ucuz qiymətə qaz satdı. Bununla da kifayətlənməyib ABŞ-ın xahişi ilə Gürcüstana sudan ucuz qiymətə təbii qaz verir. Anladığınız kimi, Türkiyə sədaqətlə müdafiə etdiyi Azərbaycan «şahı» İlham Əliyev tərəfindən tez-tez aldadılır. Bu, elə bir aldatmadır ki, sazişlərin əleyhinə Yunanıstana Bolqarıstan üzərindən göndərilən və Gürcüstana qeyri-proporsional şəkildə pompalanan qaza görə Azərbaycanı beynəlxalq məhkəməyə belə verə bilər.

Bütün bunları nə üçün yazıram?

Azərbaycan türkləri bizim qardaşımızdır. Onlarla həqiqətən tək millətik. Ancaq Azərbaycan «şahı» İlham Əliyev nə öz xalqına xidmət edir, nə də Türkiyə ilə dostluq edir. Bir də görürsən ki, ABŞ-a yaxınlaşmağa çalışır, bir də baxırsan ki, Rusiyaya faydalı olmaq istəyir və bu oriyental rəqs fiqurlarını xarici siyasət tarazlıqları zənn edir.

Əgər Azərbaycan 8 milyon türkün deyil, İlham Əliyevin zənn etdiyi kimi, «atasının kolxozu» olsaydı, beynəlxalq platformalarda erməni diasporasının hücumlarına və «soyqırımı» qanunlarının qəbul edilməsinə Türkiyənin sinə gərdiyi bir vaxtda onun üçün yaxşı bir stimul olurdu. Ancaq Azərbaycan bu gün İlham Əliyevin nəzarəti altındadır, sabah yox. Ora da bizlər kimi əzabkeş bir xalqın yaralı vətənidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG