Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:41

Torpağın keyfiyyəti kəndlini qane etmirsə…


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, 13 iyun 2006
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, 13 iyun 2006

Qərib Məmmədov deyir ki, vətəndaşlar torpaq almamışdan əvvəl komitəyə müraciət edib məsləhət almalıdırlar


Azərbaycanda torpaq islahatına 10 il əvvəl başlanıb. Ancaq bu gün də kənd yerlərində özünə ya yarasız, ya da bölgü vaxtı göstəriləndən az torpaq verilməsindən şikayətlənənlər az deyil. Valeh Məmmədov da kənddə yaşayır. 1996-cı ildə torpaq bölgüsü zamanı xəritədə göstəriləndən az torpaq aldığını deyir. Həm də torpağının bir hissəsi əkinə yararsızdır. Deyir ki, düz 10 ildir bununla bağlı şikayət edir: «Guya islahat aparıldı, torpaq bölgüsünə görə mənə 12 sot torpaq verilməliydi, ancaq 7-8 sot verdilər. Şikayət edirəm, həmişə də vəd verirlər».


Kəndli Fermer Təsərrüfatı İctimai Birliyinin rəhbəri Sadıq Murtuzayev deyir ki, Valeh Məmmədov kimi onlara şikayət edənlərin sayı çoxdur. Onun fikrincə, torpaq islahatı tələskənliklə aparıldığından bu gün vətəndaşlar belə problemlərlə üzləşirlər. «Həmin vaxt elə bil yarış idi, kim bu işi tez başa çatdıracaq. Kəndlinin bir hissəsinə şoran torpaq verildi, ya da 20 kilometr uzaq məsafədə. Yaxşı torpaq daha imkanlılara çatdı. Bu ədalətsizlikdir, ona görə də şikayətlər çoxdur». Sadıq Murtuzayev deyir ki, kəndlilərin bu problemlərdən xilas olunması üçün bir yol var. Torpaqları birləşdirib yenidən bölüşdürmək.


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə deyir ki, ölkədə torpaq islahatının hələ birinci mərhələsi başa çatıb. Bu proses davam edir: «Torpaq islahatı birdəfəlik kampaniya deyil, prosesdir. Torpağın keyfiyyəti kəndlini qane etmirsə, müraciət eləsin. Əlbəttə, belə şikayətlərə baxılmalıdır. Əgər bizim mütəxəssislər müəyyən etsələr ki, torpaq doğrudan da keyfiyyətli deyil, öz tövsiyələrimizi veririk, bunun həll edilmə yolu var».


Qərib Məmmədov deyir ki, vətəndaşların başqa bir problemi bələdiyyə torpaqları ilə bağlı olur. Vətəndaşlar torpaq almamışdan əvvəl komitəyə müraciət edib məsləhət almalıdırlar: «Çünki aldadılmış vətəndaşlarla çox rastlaşıram. Şəhərin kənarında elə yerlər var ki, nə vaxtsa çəpərə alıb, sonra da satılır. Əlbəttə, qanunsuzdursa, ona sənəd verə bilmərik. Belə torpaqlar ya kommunikasiya xətlərinin üstündə yerləşir, ya da dövlət torpağıdır».


Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli isə bildirir ki, 2000-ci ildə bələdiyyələr yaradılarkən onlara torpaqların verilməsində tələskənlik olub. Dövlət müəssisələrinin binalarının altında olan torpaqlar da bələdiyyələrə verilib.


«Bu belə olmalı deyildi. Bu gün Bakı şəhərində fəaliyyətini araşdırdığımız elə bələdiyyələr var ki, 20-30 hektar torpağı var, onun da 10 hektarı hərbi hissənin ərazisidir. Qanunların ekspertizasından əlavə verilmiş cizgilərin ekspertizasını aparmaq lazımdır. Çıxış yolu ondadır ki, cizgilərin ekspertizası keçirilməlidir, torpaqların bələdiyyələr arasında bölüşdürülməsi yenidən həyata keçirilməlidir. Bu halda problem aradan qalxar, dövlət torpaqları alınmalıdır və bələdiyyələrin öz müstəqil torpaq fondu olmalıdır».


Azərbaycanda torpaq islahatı 1996-cı ildən aparılıb. Bu günə qədər 2032 təsərrüfatda islahat gedib. Bunun nəticəsində 3,5 milyon əhaliyə torpaq paylanıb. Torpaq Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda torpaqların qanunsuz istifadəsi ilə bağlı 1800 fakt qeydə alınıb, onlardan 350 hadisə üzrə cərimə tətbiq edilib, 97 fakt isə hüquq-mühafizə orqanlarında araşdırılır.


XS
SM
MD
LG