Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

«Padşaha təşəkkürlər»


«Bundan sonra yenə 16 il biz sərhədləri bağlı saxlasaq, bilirsinizmi nələr olacaq?»
«Bundan sonra yenə 16 il biz sərhədləri bağlı saxlasaq, bilirsinizmi nələr olacaq?»
«Azadlıq»: «Sərhədlər açılmayacaq. Biz çox sevindik. Çox şadıq. Sevincdən bəzilərimiz ağladı. İlahi, sənə şükürlər olsun, böyük uğurdur. Heç referendumda da belə nəticə qazanmamışdıq. Bundan sonra yenə 16 il biz sərhədləri bağlı saxlasaq, bilirsinizmi nələr olacaq? Düzü bilmirik nələr olacaq, amma sonda biz yenə əziz padşahımıza təşəkkürlər edəcəyik». Şahvələd Çobanoğlu «Padşaha təşəkkürlər» sərlövhəli köşə məqaləsində belə yazır:

«Bizim sevincimizin hüdudsuz olmasının bir səbəbi də odur ki, hətta müxalifətimiz iqtidarımızla eyni mövqe tutub. Biz artıq xoşbəxtik. Bizə yemək-içmək də lazım deyil, bu uğur bizə yetər.
Bəziləri deyir ki, sərhədlərin açılması Ermənistanı Rusiyanın təsirindən qurtaracaq. Üzünü Türkiyəyə, Qərbə açacaq. İqtisadiyyatı Türkiyədən asılı olacaq. Axı nə üçün belə olsun? Nə olsun ki, biz Qarabağda məskən salmış ruslara qarşı heç vaxt döyüşü uda bilmərik. Lazım gəlsə, hər şey olar.
Amma biz istəyirik ki, heç nə dəyişməsin. Hakimiyyət də eyni qalsın, müxalifət də, Qarabağ da. Hər şey əbədi olaraq belə qalsın. Axı niyə nəsə dəyişsin?»

«Yeni Azərbaycan»: «Biz də sərhədlərin açılmasına etiraz etmirik, amma istədiyimiz budur ki, məsələ daha düzgün formada həllini tapsın». Bunu Prezidentin İcra Aparatının Xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bu proses başqa cür həyata keçirilsəydi, daha yaxşı olardı: «Həm Türkiyə, həm Azərbaycanın maraqlarına uyğun gələrdi, həm də Cənubi Qafqazda regionunda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olmasına daha yaxşı kömək edərdi. Bununla belə, Türkiyə rəhbərlərinin son bəyanatlarından da görünür ki, onlar özləri də bu məsələnin yaxşı başa düşürlər və Azərbaycanın mövqeyini nəzərə almamış deyirlər. Onların bəyanatlarından da deyilir, biz də hesab edirik ki, ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında əlaqələr qurulmalıdır. Biz də sərhədlərin açılmasına etiraz etmirik, amma istədiyimiz budur ki, məsələ daha düzgün formada həllini tapsın, Türkiyə rəhbərlərinin müstəqilliyimizin ilk günündən bu günə qədər özlərinin qoyduğu şərtlər əsasında həll olunsun».

«525»: Parlamentin dünənki iclasında millət vəkilləri İranın Azərbaycan siyasətinə etirazlarını ifadə etdilər. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə İranın «Səhər» telekanalının Azərbaycan əleyhinə təbliğat apardığını bildirdi. Onun dediyinə görə, telekanal bir neçə gündür ki, Azərbaycan-Türkiyə münasibətlərinə rişxəndlə yanaşan xəbərlər yayır.

Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc İranın regional siyasəti ilə bağlı bu ölkənin Bakıdakı səfirliyinə və hökumətinə bir neçə sualının olduğunu bildirdi. Millət vəkilinin dediyinə görə, Azərbaycan dövlətinin mövcudluğu İrana sərf etmir ki, bunun da bir neçə səbəbi var: «Birincisi, İran hesab edir ki, özünün dini dövlət modelini Azərbaycan kimi ölkələrə sırıya bilər. Buna görə də rəsmi Tehran Azərbaycana münasibətdə din amilindən faydalanmağa çalışır».

«Bizim yol»: «Eks-prezidentlərin yaxınlarından Siyavuş Novruzova etiraz»

YAP «Eks-prezidentlər haqqında» Konstitusiya qanununun qəbuluna tərəfdardır. Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Mərhum Əbülfəz Elçibəy və hazırda Moskvada yaşayan Ayaz Mütəllibova eks-prezident statusunun verilməsinə YAP-ın münasibətinə gəlincə, S.Novruzov deyib ki, səlahiyyət müddətini tam icra etmədiklərinə görə qanun onlara şamil edilə bilməz.

Bu qanunun qəbul edilməsində daha çox ASDP və Əbülfəz Elçibəyin ailəsi maraqlıdır. Çünki qanun qəbul olunacağı təqdirdə, ASDP həmsədri Ayaz Mütəllibov Bakıya dönmək imkanı qazanacaq, Elçibəyin ailəsi isə böyük siyasətçinin adının əbədiləşdirilməsi problemini həll edəcək.

ASDP həmsədri Araz Əlizadə deyir ki, Siyavuş Novruzovun bəyanatına ciddi fikir vermək lazım deyil.

Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə deyib ki, deputat Novruzovun mövqeyini pis qarşılayır: «Novruzov bilmir ki, referendumda səlahiyyətlərini tam icra etməyən prezident deyil, əvvəllər prezidenti seçilmiş şəxslər ifadəsi yer alıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG