Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54
Mərkəzi Poçtun köhnə binası sökülür. Burda otel tikiləcək. Bu haqda «Azadlıq» radiosuna Mərkəzi Poçtun rəisi Hidayət Əfsanə bildirib.

Söküntü aparan fəhlələr də Mərkəzi Poçtun köhnə binasının yerində 25 mərtəbəli binanın inşa olunacağını bildiriblər.

Mərkəzi Poçt bu ilin yanvarından yeni binaya köçürülüb. Poçt hazırda Üzeyir Hacıbəyov-36 ünvanında, yəni keçmiş binasının arxa küçəsində fəaliyyətini davam etdirir.

SMS VƏ E.MAİL DOVRÜNDƏ KİMDİR MƏKTUB YAZAN

Bir vaxtlar göyərçinlərin, çaparların, daha sonra poçtalyonların gətirdiyi məktublar indi mobil telefonlarda gəlir. İşdir, yenə qapınızı döyüb, «sizə məktub var» desələr, bu ya məhkəmədən olacaq, ya da bankdan. Gənc poçtalyon Nəcəf bunları danışır:

- Zığ qəsəbəsinə məhkəməyə çağırış aparmışdım. Kişi hansısa şirkətin maşınını sürürmüş, elə bilib ki, həmin şirkətdənəm, məhkəməyə mən vermişəm onu. Üstümə düşdü ki, sən vermisən məni məhkəməyə? Elə olur ki, reklam aparırıq, başlayır deyinməyə ki, niyə narahat edirsən bizi. Eləsi də var görür poçtalyon gəlib, heç qapını da açmır.

Bakı Şəhər Mərkəzi Poçtamtın əməliyyatçısı da deyilənləri paylaşır. O deyir ki, internetin inkişafı onların bazarını öldürüb. Az-çox məktub göndərən varsa, onlar da rəsmi orqanlara məktub göndərənlərdir. Bununla belə, gündə 2 dəfə poçt qutularını yoxlayırlar. Əməliyyatçı deyir ki, şəhər daxili məktubları 2 günə, xarici ölkələrə isə 7-12 günə çatdırırlar:

- İnsanlar əvvəl aktiv idi, indi internet çıxıb, ekspress poçtlar çıxandan zəifləyiblər. əvvəllər çox yaxşı idi, işimiz yaxşı gedirdi. İndi plan azalıb. Gündə əhalidən 100, 200 məktub götürürük. Ən çox məktub Heydər Əliyev Fonduna, Mehriban Əliyevaya, prezidentə yazılır. İnsanlar arasında sırf ünsiyyət vasitəsi kimi isə çox az olur, yaşlı qadınlar olur onlar da.

Məktubdan fərqli olaraq, bağlama göndərənlərin sayında irəliləyiş var. «Azərpoçt»un əməkdaşı deyir ki, ən çox da əsgərlərə və MDB ölkələrinə bağlama göndərirlər.

Respublika daxili çatdırılmadırsa, bağlamalarınızın ünvanına yetişməsi üçün 2 gün, xaricə çatdırılma üçün isə 10 gün gözləməli olacaqsınız. Güzəştli bağlamalar isə əsgəri bağlamalar üçündür – hər kiloqrama görə 10 qəpik.

Bakıda Sahil ətrafında dolaşan insanlarda nostalji hisslər oyatmaq istədik. Əlinizə qələm alıb axırıncı dəfə nə vaxt məktub yazmısız deyə soruşduq:

- SMS əvəz edir. Amma sms-in xərci məktubdan daha çoxdur.
- Məktub gec gedib çatır, daha yaxşısı telefondur. Qısaca dediyini deyirsən, cavabını alırsan.
- Ehtiyac olmayıb məktuba. Olsa, istifadə edərəm.
- Mənə ləzzət edəni zərfin üstünə marka yapışdırmaqdır.
- Amerika, Almaniyaya dostlarıma yazmışam. Xalamgil İsraildə yaşayır, onlarla məktublaşıram. Çünki poçta arxayın olmaq olar, amma internetə yox. Məsəl üçün, mən sirr saxlamaq istəyirəm bəlkə. Nəsə göndərmək istəyirəmsə, məktubla göndərə bilərəm, amma internetlə yox.

«Royal-ekspress» şirkətinin direktoru Cavanşir Hətəmov deyir ki, onların xidmətindən əsasən hüquqi şəxslər istifadə edir. Sıravi vətəndaşlar isə poçtu bayram günlərində xatırlayırlar: ya çiçək göndərmək üçün, yada təbrik məktubu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG